Azərbaycanın keçirdiyi hərbi təlimlər haqda açıqlama
12-03-2021, 10:47
202

Azərbaycanın keçirdiyi hərbi təlimlər haqda açıqlama

Martın 15-dən 18-dək Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimdə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları iştirak edəcək.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuzda keçirilən bu təlimlərin bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O, belə hərbi təlimlərin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından önəminə toxunub.
Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsinə qədərki dövrdə də Azərbaycan Ordusu çoxlu sayda irimiqyaslı təlimlər keçirib. Bu təlimlərdə məqsəd müxtəlif qoşun növlərinin fəaliyyətinin döyüş şəraitində təşkili, şəxsi heyətin çətin və mürəkkəb relyefdə hərəkətinin təmini, şərti hədəflərin dəqiqliklə məhv edilməsi, tank və artilleriya bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsidir. Bütün bunların bəhrəsini Vətən müharibəsində əməli şəkildə gördük. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə qısa zamanda işğal altındakı torpaqları azad edərək düşməni darmadağına məruz qoyub.
Cəlil Xəlilov bildirib ki, keçiriləcək təlimlər ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və möhkəmlənməsinə hesablanıb: “Bu təlimlərdə də piyadalarla yanaşı tankların, ağır artilleriyanın birgə iştirakı ilə əməliyyatın təşkili, müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin operativ və səmərəli şəkildə təmini diqqət mərkəzində saxlanılan əsas məsələlər olacaq.
Odur ki, bu təlimləri və onun ordumuz üçün əhəmiyyətini yüksək dəyərləndirirəm”. /Azərtac

Oxşar xəbərlər