“Ağdam bandası”nın başçısının azadlığa buraxılması üçün 50 min manat rüşvət alındı: - İşdə hansı hakimlərin adı hallanır?
15-04-2021, 14:01
368

“Ağdam bandası”nın başçısının azadlığa buraxılması üçün 50 min manat rüşvət alındı: - İşdə hansı hakimlərin adı hallanır?

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim köməkçisi Elman Məlikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elman Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edib. O, həmin məhkəmənin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 217.1-ci (t əşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə) maddələri ilə təqsirləndirilən Murad Məmmədovun barəsində mümkün ən aşağı həddə cəza təyin etdirəcəyinə dair tanışı Rafıl Həsənova yalandan vəd verib. O, Rafıl Həsənovu aldadaraq, ondan 2019-cu ildə Nəsimi rayonu, "Qış Parkı" adlanan ərazidə “Palıd” çay evində 50.000 manat məbləğində pulu alıb.

“Hakim köməkçisi vəzifəsində işləyib”

İstintaq orqanı tərəfindən Elman Məlikovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman Məlikov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 2000-2019-cü illər ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasında mütəxəssis, məhkəmə iclas katibi, hakim köməkçisi vəzifəsində işləyib: “Zərərçəkmiş şəxsi 2019-cu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsində işləyərkən barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinə baxılması ilə əlaqədar tanıyıb: “Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğundan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılıb. 2019-cu ildə zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işi üzrə 6 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və 2 il sınaq müddəti təyin olunub”.

“Cinayət işinin mürəkkəb olduğunu bildirdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu ilin aprel ayında uşaqlarını müalicəsi və cərrahi əməliyyatları ilə əlaqədar müəyyən miqdarda borcu yarandığı üçün zərərçəkmiş şəxsə müraciət edib: “Ondan bir il müddətinə 20.000 manat borc pul istədim. Rafil həmin məbləğdə pulu təxminən 2-3 gün sonra Nəsimi rayonu ərazisində “Qış Parkı” adlanan yerdə yerləşən “Palıd” çay evində 100 manatlıq əskinaslardan ibarət olmaqla verdi. Bundan bir neçə gün sonra zərərçəkmiş şəxs mənə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə tanışının barəsində Cinayət Məcəlləsinin 120, 186, 217 və 228-ci maddəllərinin bır sıra bəndləri ilə məhkəmə baxışında olan cinayət işi üzrə Murad Məmmədova köməklik edilməsini xahiş etdi. Qeyd olunan cinayət işi ilə maraqlandım və bir neçə gündən sonra həmin cinayət işinin çox mürəkkəb olduğunu, Murad Məmmədova hər hansı bir köməklik edə bilməyəcəyimi bildirdim”.

“Görüşməyimi təklif etdi”

Elman Məlikovun sözlərinə görə, bundan təxminən 2 gün sonra zərərçəkmiş şəxs ona müraciət edib və həmin 20.000 manat pulu qaytarmasını tələb edib: “Həmin pul vəsaitinin ona məxsus olmadığını, məhz Murad Məmmədova az həddə cəza verilməsi üçün sonuncunun ailə üvzlərindən alaraq mənə verdiyini bildirdi. Rafılə dedikləri ilə bağlı etirazımı bildirdim. 20.000 manatı iş üçün deyil, onun özündən borc aldığımı dedim və imkan daxilində pulu qısa vaxt ərzində düzəldərək ona qaytaracağımı bildirdim. Bundan sonra Rafıl Həsənov mütəmadi olaraq mənə zəng vurmağa, mesajlar yazmağa və pulu geri qaytarmağımı tələb edərək Murad Məmmədovun yaxınlarının onu pula görə narahat etdiklərini bildirdi, mənim onlarla görüşməyimi təklif etdi”.

“Pul barədə danışmamağı tapşırdı”

Elman Məlikov qeyd edib ki, zərərçəkmiş şəxs təklifi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında Həzi Aslanov küçəsində onunla və özünü Murad Məmmədovun yaxınları kimi təqdim edən 5 nəfər tanımadığı şəxslərlə görüşüb: “Rafilin dediyi kimi edərək həmin şəxsləri sakitləşdirmək üçün bildirdim ki, narahat olmasınlar, Murad Məmmədovun işinə baxılır və ona mümkün ən aşağı cəza təyin olunacaqdır. Rafil həmin şəxslərlə görüşə çağırarkən qəti olaraq mənə verdiyi pulun məbləği barədə heç bir şey danışmamağımı tapşırdığından, sadəcə olaraq həmin şəxsləri sakitləşdirirək işin alınacağını bildirdim. Əslində isə mənə zərərçəkmiş şəxs tərəfindən yalnız 20.000 manat borc verilib. Həmin məbləğin 10.000 manatını 2019-cu il tarixdə və digər 10.000 manatını məhkəmə istintaqı zamanı sonuncuya geri qaytarılıb. Zərərçəkmiş şəxslə iş prosesində tanış olsam da, səmimi münasibətlərimiz yarandığından borc almaq üçün digər tanışlarım ilə yanaşı ona da müraciət etmişəm”.

“Aşağı cəza alması üçün köməklik göstərməsini xahiş elədim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rafıl Həsənov bildirib ki, 2018-ci ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyən Elman adlı şəxslə tanış olub: “Həmin məhkəməyə dostum Eldənizin tanışı Mahmud adlı şəxsin cinayət işi ilə əlaqədar olaraq getmişdim. Elman mənə vaxtılə demişdir ki, əgər Bakı Ağır Cinayətlər Məhkəməsində hər hansı bir tanışının işi ilə əlaqədar problem olsa ona müraciət eləyim. Eldəniz mənim yaşadığım C.Hacıbəyov küçəsində öz avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərib. Eldəniz 2019-cu ilin aprel ayının ortalarında məndən Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı olub-olmadığı maraqlandı. Elman adlı şəxsi tanıdığını və onun orada hakim köməkçisi işlədiyini bildirdim. Bu zaman Eldəniz məndən xahiş etdi ki, onun yaxını olan Murad Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işində ən aşağı cəza alması üçün köməklik göstərməsini Elmandan xahiş eləyim. Sonuncu ilə əlaqə saxlayaraq ona Murad Məmmədovun işi ilə bağlı ən aşağı hədd cəza alması üçün köməklik göstərməsini xahiş elədim”.

“Bildirdi ki, 50.000 manata ən aşağı həddə cəza verdirə bilər”

Zərərçəkmişin sözlərinə görə, Eldənizin deməsinə görə Murad Məmmədovun barəsində olan cinayət işi qəsdən adam öldürmə hadisəsi ilə bağlı olubr və Murad hazırda Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Həmçinin, Eldənizin deməsinə görə onun yaxını Murad Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyev adlı hakim tərəfindən baxılır. 2019-cu ildə Elmanla Nəsimi rayonu, Qış parkı adlanan yerdə görüşərək ona vəziyyəti danışdım və Murad Məmmədovun mümkün qədər ən aşağı həddə cəza almasını təmin etmək üçün köməklik göstərməsini xahiş etdim. Elman da bildirdi ki, 50.000 manata Murad Məmmədova ən aşağı həddə cəza verdirə bilər. Elmanla əlaqə saxlayıb cavab deyəcəyimi bildirdim. Bundan sonra Eldənizə Elmanın mənə bildirdiklərini danışdım. Bir neçə gün ərzində həmin pulu təmin eləyəcəyini dedi. Mən də Elmanla əlaqə saxlayaraq zəruri məbləğdə pul hazır olan kimi ona məlumat verəcəyimi dedim. Bir neçə gündən sonra Eldəniz mənimlə əlaqə saxlayaraq Elmanın istədiyi 50000 manat pulu hazırladığını bildirdi. Həmin pulu Elmana çatdırmağım üçün Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Mixək” çay evinə görüşə çağırdım. Həmin gün axşam saat 21 radələrində “Mixək” çay evində Eldənizlə görüşərək ondan 50.000 manat pulu təhvil aldım. Həmin pul bir ədəd kağız paketin içərisində hamısı 100 manatlıq əskinaslardan ibarət olub. Həmin pulları Eldənizdən alaraq evimə getdim. Sonra Qış parkında olan kafedə oturaraq kağız paketdə qablaşdırılmış şəkildə Murad Məmmədovun işi ilə əlaqədar olaraq 50.000 manat pulu Elmana təqdim elədim. Elman da kafedə kağız paketi açaraq pulları sayaraq götürdü”.

Hakim köməkçisinin cəzası məlum oldu

Elman Məlikovun cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb.

Elman Məlikov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Qeyd edək ki, 2019-cu ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada silsilə qətllər törətməkdə və sifariş etməkdə təqsirləndirilən, "Ağdam bandası" qruplaşmasının başçısı Murad Məmmədova hökm oxunub.

"Ağdam bandası"nın başçısı hansı cəza alıb?

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Murad Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Murad Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə ittiham olunaraq 2010-cu il axtarışa verilib və 2016-ci il fevralın əvvəlində Azərbaycanda tutulub.

Paytaxtın Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiyanın 2010-cu ildən "İnterpol" vasitəsilə beynəlxalq axtarışa verdiyi 1962-ci il təvəllüdlü, Ağdam rayonun Salahlı kəndindən olan Murad Məhəmməd oğlu Məmmədov həbs edilib.

"İnterpol"un saytında da axtarışda olduğu qeyd olunan Murad Məmmədovun heç bir fotosu yoxdur. O Azərbaycan, rus və özbək dillərini bilir.

Sifarişli qətllər, şok cinayətlər

Murad Məmmədov Sankt-Peterburqda qətlə yetirilən üç nəfərin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı - Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, "Ağdam bandası" qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib.

Z.İsayev bu iş üçün Əlibala Əliyev və Kamil Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb.

Murad Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub. Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər.

Cinayətin törədilməsində şübhəli bilinən Elnur Qafarov və Samir Məmmədovu saxlanılıb. Onlar qızın qətlinin atası Qafar Kərimov tərəfindən sifariş verildiyini deyiblər. Bildiriblər ki, atası qızının əxlaqsız hərəkətlərinə görə onun öldürülməsini sifariş edib. Bu ifadədən sonra Qafar Kərimov həbs olunub, lakin cinayətin əsl mahiyyəti üzə çıxanda o sərbəst buraxılıb.

"Ağdam bandası"na Rusiyada hansı vəzifəli şəxs rəhbərlik edib?

Məlum olub ki, Murad Məmmədov həmin sahibkar Qafar Kərimovdan himayə olunması üçün haqq tələb edib. Buna əməl etməyən Q.Kərimovun öncə maşını yandırılıb, sonra isə qızı öldürülüb. Qətldə, şantajda və avtomobili yandırmaqda təqsirləndirilən dəstənin digər üzvləri də saxlanılıb. Hamısı Ağdam rayon sakini olan şəxslər həbs edilib.

"Ağdam bandası"nın üzvlərindən biri isə Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenant Ədalət Əmrahov olub. Həmin vaxt banda başçısı Murad Məmmədov Azərbaycana gələ bilib. Rusiya tərəfi M.Məmmədovun onlara təhvil verilməsini xahiş etsə də, bu istək Azərbaycan məhkəməsi tərəfindən rədd edilib. Beş qətldə, mütəşəkkil cinayətkar dəstə təşkil etməkdə və digər cinayətlərdə təqsirləndirilən axtarışa verilən Murad Məmmədov Bakıda saxlanılıb.

Oxşar xəbərlər