Əlikram Bayramov Baloğlan Əşrəfovdan danışdı: “Yas saxlamaq lazım deyil“
6-05-2021, 19:32
297

Əlikram Bayramov Baloğlan Əşrəfovdan danışdı: “Yas saxlamaq lazım deyil“

Əməkdar artist Baloğlan Əşrəfovun koronavirusdan vəfat etməsi səs-küysüz ötüşmədi.
Maraqlı bir məqam isə müğənninin sənət dostlarının onun "yeddi”sini gözləmədən çalıb-oxumağa başlaması oldu. Baloğlan Əşrəfovla yaxınlığı ilə seçilən müğənni Əlikram Bayramovun ATV telekanalında qonaq olan zaman mahnı ifa etməsi yenidən müzakirələrə rəvac verdi.
Həmin kadrlar qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq narazılıqlara səbəb oldu, müğənnini qınanmağa başladılar.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan sənətçi efirə məhz mərhum dostuna görə çıxdığını deyib:
"Mən efirə elə Baloğlanın mahnılarına görə çıxmışdım. Teleaparıcı Nanə Ağamalıyeva ölümündən sonra Baloğlan Əşrəfova veriliş həsr etdi, mən də efirə çıxıb onun mahnılarından ifa etdim ki, kişinin ruhu şad olsun. Mən nə toya getmişəm, nə də əyənməyə. Mərhumun adı ilə bağlı olan proqramda oxumuşam, burada başqa bir şey ola bilməz. Baloğlan bizim qardaşımız, dostumuz idi. Sabah mən öləndə camaata deyəcəm ki, yox siz oxumayın? Sənət  davam edir, bu peşəmizdir, toy deyil, şadlıq deyil. Həmin verilişə məni Nanə çağırdı, sonra Zaurun verilişində Baloğlanın mahnılarını ifa etdim. Mən onun ruhu üçün çıxıb oxumuşam ki, unudulmasın, mahnıları səsləndirilməyə davam etsin. Baloğlan Əşrəfovun dəfnində məndən gözəl iştirak edən olmayıb. Gecə 12-yə işləmiş rəhmətə getdi, mənlə Yusif Mustafayev gecə yatmadıq, yollandıq rayona, səhərə kimi həyətdə qaldıq, səhər də dəfn etdik, günorta 2-dən sonra geri qayıtdıq. Allah ona qəni-qəni rəhmət eləsin, halal xoşu olsun”.
İfaçının sözlərinə görə, mərhum sənətkarın xatirəsini yaşatmaq onu sevən bütün həmkarlarının borcudur:
"Yusif Mustafayev həmin verilişdən əvvəl mənə dedi ki, "Əlikram, heç olmasa, ikimizdən birimiz çıxaq, çünki biz ona yaxın adamlar idik”. Hansımızsa çıxıb oxumalı idik. Qərar verildi, çıxıb mən oxudum. Y.Mustafayev də 40-ı çıxandan sonra onun mahnılarını ifa edəcək. Mən getməsəm, başqası getməsə, kim gedib onun musiqilərini yaşadacaq? Bizim borcumuz bundan sonra onun mahnılarını yaşatmaqdır. O, ömrünü-gününü musiqiyə həsr etmişdi. Allah şahidimdir ki, Yusif müəllimlə məsləhət etmişəm, sonra efirə çıxmışam. Onun mahnılarını yaşatmaq bütün həmkarlarının borcudur”.
Ə.Bayramov həmkarı Aslan Hüseynovun da vaxtsız ölümünə münasibət bildirib:
"Aslan qardaşımız da dünyasını dəyişdi, onun haqqında da veriliş olacaq, lazım gələrsə, orada da çıxış edərəm. İki gün sonra da onun qəbrini ziyarət etməyə gedəcəyəm. Mən belə qardaşam. Aslan Hüseynov hətta mənim bir mahnımı oxumuşdu, indi onun haqda efir olsa mən çıxmamalıyam? Bu düzgün yanaşma deyil. Kişinin xatirəsi yad olunmalıdır. Mən sabah ölsəm, bir adam çıxıb mənim mahnılarımı ifa etməməlidir?! Heç kimə yas saxlamaq lazım deyil, heç birimiz şəhidlərdən artıq deyilik. Mənim əmim nəvəsi də şəhid olub, ondan sonra efirə də çıxmışam, adından çıxış da etmişəm. Baloğlan da həmçinin, o mənim qardaşım idi və mahnılarını ifa etmək də mənə düşər, başqasına yox”.

Oxşar xəbərlər