“Qulinin başına güllə dəyən andan Rusiya bazarları azərbaycanlıların nəzarətindən çıxıb”
22-08-2020, 09:48
414

“Qulinin başına güllə dəyən andan Rusiya bazarları azərbaycanlıların nəzarətindən çıxıb”

Türkiyədəki qanlı olayın gerçək üzü; Azərbaycanlı “qanuni oğru” İstanbulda dəfn edildi; onu qətlə yetirən şübhəlilərə qadın paltarı geyindirilib, məhkəməyə aparıldı; “Bu qətllərin arxasında 3-cü qüvvənin dayanması istisna deyil”
Avqustun 19-u gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) bağlı yeni iddialar ortaya çıxıb. Kriminalist Mixail İqnatov cinayətin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmalarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir.
Azərbaycanlı cinayətkar qruplaşmalar başqa ölkələrdə meyvə, tərəvəz və göyərti satan soydaşlarına nəzarət edirlər. Cəfəri, sarımsaq və s. göyərti məhsullarından 200-300 faiz gəlir əldə etmək olur. Bu narkoticarətdən gələn gəlirlərlə müqayisə oluna bilər. ”Lotu Quli" çeçen qruplaşmaları ilə “Fud Siti”, “Dörd mövsüm” və s. topdan satış mərkəzləri və bazarlara nəzarət uğrunda mübarizə aparıb. Hər ay yüz milyonlarla dollar gəlir gətirən bu sahələr 2014-2015-ci ildən gedən müharibənin əsas səbəbidir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Mixail İqnatovun fikirləri ilə razıdır: “4 il əvvəl Rövşən Lənkəranski, indi isə Lotu Qulinin qətli bazarlar uğrunda, bazarlardakı nüfuz sahibliyi uğrunda gedən amansız mübarizənin nəticəsidir. Burda şübhə var ki, Moskvada, Rusiyanın digər şəhərlərində bazarlara nəzarət edən azərbaycanlılar sıradan çıxarılır. Düzdür, Rövşən Lənkəranskinin qətli ilə Lotu Qulinin qətlini daxili ”razborka"lar kimi izah edirlər. Rövşən Lənkəranskinin Lotu Quli tərəfdarları tərəfindən öldürülməsi, sonuncunun da birincinin tərəfdarları tərəfindən vurulmasını deyirlər. Amma Lotu Qulinin açıqlaması olmuşdu ki, Rövşən Lənkəranskinin qətlində onun əli yoxdur. Bu qətllərin arxasında 3-cü qüvvənin dayanması da istisna deyil. Belə ssenari də ortaya atırlar ki, guya bunlar bir-birlərini öldürürlər. Amma qətllərin 3-cü mərkəz tərəfindən planlanması, gerçəkləşməsi ehtimalları böyükdür"
Siyasi analitik deyir ki, hazırda paralel olaraq Rusiyada digər bir proses də gedir: “Navalnı zəhərləndi, Boris Nemtsov öldürüldü, xarici ölkələrə qaçmış Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları, Litvinenko və digərləri aradan götürüldü. Bu ölümlərin azərbaycanlı lotuların ölümləri ilə birbaşa əlaqəsi yoxdur, amma ssenari sanki eynidir. Eyni dəst-xətt sezilir. Rusiya hakimiyyəti özünə sərf etməyən, maraqlarına zidd personaları bir-bir aradan götürür. Navalnı sistemdən kənar müxalifətin lideri idi. Onu zəhərlədilər. Rusiya bazarlarına nəzarət edən təkcə azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri də aradan götürülür. Rusiya hakimiyyətinin nəzarətindəki meydan təmizlənir. Moskvada bu işləri görən mərkəzlərin Kremllə bağlılıqları var. Rusiya bazarlarına qeyri-rəsmi nəzarəti digər millətlərdən götürmək istəyirlər. Rövşən Lənkəranskinin qətli, Lotu Qulinin öldürülməsi bu məqsədə xidmət edir. Amma elə qələmə verirlər ki, guya bu qətllər kriminal qruplaşmalar arasında daxili hesablaşmaların nəticədir. İstisna etmirəm ki, burada 3-cü əl, mərkəz var. Bu işləri görən mərkəz Rusiya paytaxtındadır. Bu qətllərin ssenarisi də orada hazırlanır - Moskvada”.
Elxan Şahinoğlu deyir ki, Rusiyadakı mərkəzlər nə qədər çalışsalar da, azərbaycanlıları bazarlardan sıxışdırıb çıxara bilməyəcəklər: “Buna sovet illərindən cəhdlər olub, indən sonra da olacaq. Amma bu mümkün olmur. Çünki bazar işini azərbaycanlılar kimi bacaran yoxdur. Ruslar konkret olaraq bu işi bacarmırlar. Bacarsaydılar, azərbaycanlılar bazarlarda hakim qüvvə olmazdı. Meyvə-tərəvəz, Gəncədən Rusiya bazarlarına gedən göy-göyərtiyə tələbat böyükdür. Bu işi azərbaycanlılar çox yaxşı bacarır. Ruslar bazarlara nəzarəti müvəqqəti ələ ala bilərlər, amma azərbaycanlıları bazarlardan sıxışdırıb çıxara bilməzlər. ”Fud Siti"ni azərbaycanlılar qurub yaradıblar, ora daxil olan meyvə-tərəvəz Moskva və ətraf bazarlara yayılır. Rusiyanın özündə meyvə-tərəvəz bitmir. Azərbaycanın isə münbit torpaqları var. Bazarlara nəzarət edən azərbaycanlı mafiya liderlərini öldürsələr də, bu yerləri ruslar doldura bilməyəcəklər. Milyardlarla vəsaitin dövr etdiyi Rusiya bazarlarında nəzarət azərbaycanlıların əlində qalacaq. Könül istəyər ki, azərbaycanlılar kriminala baş qoşmasınlar. Amma bu durumu yaradan azərbaycanlılar deyil. Mafiya işinin sonu yoxdur, Qulinin də, Rövşən Lənkəranskinin də taleyi göz qabağındadır. Aydındır ki, zor gücünə yaradılan boşluqlar tezliklə doldurulacaq, bu yerlər boş qalmayacaq".

Bəhram Çələbi
Şəkidə şahmat məktəbinin direktoru vəzifəsində çalışmış, Rusiya və Azərbaycandan olan “qanuni oğru”lar haqda çoxsaylı kitabların müəllifi Bəhram Çələbi deyib ki, indiki oğrularla əvvəlki oğrular arasında yerlə göy qədər fərq var: “Keçmişdə belə idi ki, oğru ”obşak"ında uzağı 200-300 manat pul olardı, onu da çaya, qəndə, dərmana verərdilər. İndikilər isə oğru deyillər, mafiya başçılarıdır. Əksəriyyət xaç atasıdır. Lotu Quli daha çox mafiya başçısı idi. Rövşən Lənkəranski isə daha çox “qanuni oğru” idi. O, kasıbların, yetim-yesirin yanında olardı. Lotu Bəxtiyar bu aləmin yüksək kateqoriyasından sayılır, amma onu keçmiş SSR-də tanıdan Lotu Hikmət, Slavik Bakinski olub. Bəxtiyar Azərbaycanda çox böyük nüfuza malik olub. Quli bütün dünyada tanınırdı, özünü 1 nömrəli “vor zakon” sayırdı. Amma əksəriyyət onu qəbul etmirdi. Bu ilin fevralında Moskvada və Türkiyədə “sxodka” keçirilib, orada Quram Çixladze, hansı ki, nəsilliklə oğrudurlar, demişdi ki, nəyin bahasına olur-olsun, hansı pullara başa gəlməsindən asılı olmayaraq Qulini aradan götürmək lazımdır. Bunu 2-3 nəfərin arasında deməyib, yüksək pafosla hamının yanında söyləyib. Qulini gürcülər, ruslar sevmirdilər, üstəlik də ondan qorxurdurlar, çəkinirdilər. Bunun üçün çox ciddi səbəbləri də vardı. Bilirdilər ki, Quliyə qarşı gedənlər şəksiz amansız rəftar görəcəklər.

Bəhrəm Çələbi deyir ki, klassik anlamda “qanuni oğru”lar hazırda azlıqdadır: “Daha çox mafiya başçıları var. Quli də mafiya başçısı idi, ətrafında onun dediklərini sözsüz icra edən, ona görə ölümə belə gedən tərəfdarları vardı. Rusiyada 1992-ci ildən sonra əmələ gələn oğruların əksəriyyəti, Kvantiraşvili, İvankov, Ded Xasan mafiya başçıları idi. İstədiklərinə oğru adı verirdilər, istəmədiklərini də ad verməyib, aradan götürürdülər. Sovet dövründəki oğru müstəvisi ilə indiki oğru müstəvisi eyni səviyyədə deyil”.
Bəhram Çələbi deyir ki, Lotu Qulinin ölümü daha çox Rusiya bazarlarını ayaqda saxlayan həmyerlilərimizin durumuna təsir göstərəcək: “Qulinin başına güllə çaxılandan sonra artıq onun nüfuz dairəsi 3 yerə parçalanıb. Sverdlovskdakı bazarı Ded Xasanın qohumu götürüb. Peterburqdakı bazara da sahib çıxan olub, başqa bazarlarda da proses gedir. Onun əlində cəmləşən bazarlara nəzarət 10-15 nəfərin təsir dairəsinə düşəcək. Bu gün Quli ilə eyni səviyyədə olan azərbaycanlı oğru yoxdur”.
Bəhrəm Çələbi deyir ki, Qulinin ölümündən sonra onun yerinə kimin gələcəyini “sxodka” təyin edəcək: “Zaxari Kalaşov türmədən qayıdandan sonra Yerevanda böyük ”sxodka" olmuşdu. Həmin “sxodka”da onu 1 nömrəli oğru seçdilər, ona biət etdilər, sədaqət andı içdilər. O nə desə, edəcəklər. Məsələ budur ki, Qulinin ölümündən sonra Rusiya bazarlarında azərbaycanlılar alveri davam etdirəcəklər, sadəcə onlardan yığılan pul, hansı ki, elə azərbaycanlıların orada qorxusuz alver etmələrini təmin edilməsinə xərclənir, başqa qruplaşmaların əlinə keçəcək. Həmin qruplaşmaların rəhbərləri ermənilər də ola bilər və ya bizim millətə münasibəti yaxşı olmayan digər millətin nümayəndəsi bu işlərin başına keçə bilər. Rusiya bazarları Qulinin başına güllə dəyən andan azərbaycanlıların nəzarətindən çıxıb".
Nadir Səlifov avqustun 21-də İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində xeyli sayda azərbaycanlı və o cümlədən MDB məkanlarından olan kriminal avtoritetlər iştirak ediblər.
Qeyd edək ki, avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb. Qətllə bağlı X. Zeynalov və daha bir nəfər Türkiyə polisi tərəfindən saxlanılıb. Onu da bildirək ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu təsadüfü səbəbdən hazırda İstanbuldadır. Rauf Arifoğlu da Lotu Qulinin dəfnində iştirak edib, görüntülər yayıb. Görüntülərdən də görünür ki, Qulinin dəfnində həm də yaxınları iştirak edirlər.
***
“Lotu Qulini” qətlə yetirən 25 yaşlı Xan Bakinskiy (Xəqan Zeynalov) və 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Serik Məhkəməsinə aparılıblar.
Ciddi təhlükəsizlik tədbirləri ilə şübhəlilər qoruyucu gödəkçələr və qadın paltarına bənzər xalatlarda məhkəməyə göndərilib. Xəqan Zeynalovun ilkin ifadəsi də məlum olub.
Nadir Səlifovla birlikdə böyüdüklərini bildirən Zeynalov bunları deyib: “Onu ümumiyyətlə, sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyüdük. Onun cangüdənliyini etmişəm, illərlə onunla görüşmüşəm. Onu bəyənmirdim. Buna görə də öldürdüm”.

Oxşar xəbərlər