Avropa İttifaqı Şurasının Prezidenti “Dağlıq Qarabağ” ifadəsindən nə üçün istifadə etmədi? – Deputat səbəbini AÇIQLADI
20-07-2021, 15:55
286

Avropa İttifaqı Şurasının Prezidenti “Dağlıq Qarabağ” ifadəsindən nə üçün istifadə etmədi? – Deputat səbəbini AÇIQLADI

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb. Geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şarl Mişel mətbuat konfransı keçirib. 
Mətbuat konfransının maraqlı tərəfi isə onda olub ki, Şarl Mişel bir dəfə də olsun, “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməyib.  Bu isə onu göstərir ki, Avropa İttifaqı Şurası artıq Qarabağı üçüncü tərəf kimi görmür.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov Bakıvaxtı.az-a bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasına səfəri bir daha təsdiqləyir ki, Cənubi Qafqaz Avropa İttifaqı üçün əhəmiyyətli regiondur, strateji əhəmiyyət kəsb edir: “Xüsusi ilə də, Azərbaycanın Avropa İttifaqı üçün yeri, rolu və əhəmiyyətini İttifaq rəhbərliyi çox gözəl dərk edir. Təsadüfi deyil ki, Şarl Mişel Azərbaycan Prezidenti, cənab İlham Əliyev ilə apardığı danışıqlar zamanı vurğuladı ki, biz Avropa İttifaqı ilə Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı hədəfləyirik. Biz tərəfdaşıq, amma bu tərəfdaşlığı stratji etmək istəyirlər. Bu da bəllidir ki, Azərbaycan Avropa İttifaqının 9 dövləti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb”.
Elman Nəsirov: “Düşmən gözə görünmür, hücumdadır” | Report.az
Millət vəkili qeyd edib ki, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq niyyətinin ortaya qoyulması, Azərbaycana olan qiymətin ifadəsidir: “Təbii ki, Avropa İttifaqı Şurasının Prezidenti çox gözəl dərk edir ki, Azərbaycan hansı coğrafiyada yerləşir, bu gün Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə hansı töhfələri verir, Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Bunların hamısı bəlli həqiqətlərdir. İndi isə münasibətlərimizin daha da inkişafı ilə bağlı məsələlər müzakirə olundu. Təbii ki, bu danışıqların gedişatında əsas məsələlərdən biri də post-müharibə dövründə reallıqlarla bağlıdır. Bəlli oldu ki, Avropa İttifaqı Şurası rəhbərliyi Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun tarixi qələbəyə imza atıb yeni tarixi reallıqlar yaratdığının fərqindədir, həmin tarixi reallıqları qəbul edir”.
Elman Nəsirov xüsusi ilə vurğulayıb ki, Şarl Mişel bu məntiqdən çıxış edərək mətbuat konfransında “Dağlıq Qarabağ” ifadəsi işlətmədi: “Cənab Prezident İlham Əliyev də qeyd etmişdi ki, Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi daha yoxdur. Bunu Avropa İttifaqı Şurasının Prezidenti də nəzərə almış oldu və eyni zamanda, məlum oldu ki, Avropa İttifaqı post-müharibə dövrünün əsas reallıqlarından biri olan kommunikasiyaların açılması, bərpası məsələsinə töhfə vermək istəyir, bu məsələdə maliyyə və ekspert dəstəyi göstərməyə hazırdır. Görüş zamanı aydın oldu ki, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin bərpası məsələsində də maraqlı tərəflərdən biri kimi çıxış etmək istəyir. Bunun üçün də ciddi əsaslar var. Nəzərə alınmalıdır ki, Azərbaycanın bütün xarici ticarətinin qırx faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Bu gün bizim ticarət dövriyyəmiz 9.6 milyard dollara gəlib çatır, Avropa İttifaqının investisiyalarının həcmi 6.8 milyard dollar təşkil edir və Avropa İttifaqının min yeddi yüzdən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bunlar hamısı bir daha ona dəlalət edir ki, biz həqiqətən də tərəfdaşlarıq və bu tərəfdaşlığın strateji xarakter almasında maraqlıyıq”. 

Oxşar xəbərlər