“Böyük Türkiyə” necə qurula bilər?..
27-08-2020, 10:45
344

“Böyük Türkiyə” necə qurula bilər?..

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 26 avqust 2020-ci il

“Böyük Türkiyə” ifadəsi iqtidarın uzun illərdir istifadə etdiyi bir şüardır. Siyasi, iqtisadi və hərbi sahələrdə söz sahibi olan bir Türkiyə modelini əsas götürən bu şüar, təbii olaraq, cəmiyyətin hər təbəqəsi tərəfindən dəstəklənir. Türk millətinin minlərlə illik imperiya, dövlət və fəth etmə ənənəsinin yaratdığı genetik kodlar, sözsüz ki, bu dəstəklə birbaşa əlaqəlidir. Kim öz ölkəsinin güclənməsini və beynəlxalq arenada söz sahibi olmasını istəməz ki?
Digər tərəfdən, hökumət bu inandırıcı və gözəl şüardan istifadə edərək xarici siyasətdə müəyyən addımlar atır və ondan istifadə edərək Əbdülhəmidlə Mustafa Kamal Atatürkə eyni perspektivdən yanaşan tarixi tezisini əsaslandırmağa çalışır.
Verəcəyimiz şərhlərdən əvvəl qeyd etmək istəyirəm ki, tənqidlərimizin məqsədi nə Qərb tərəfkeşliyi etməkdir, nə də Türkiyənin maraqlarına zidd olmaq.
Türkiyənin xarici siyasəti
Atlantik İttifaqından asılılığı olduğu üçün Türkiyənin xarici siyasəti uzun illərdir ki, müstəqil bir xətt izləyə bilmir. Bu müddətdə qonşularla münasibətlərdə Atlantik təsiri üstünlük təşkil etsə də, milli maraqlara uyğun addımlar da atılıb. Ankaranın əsas siyasəti qonşu ölkələrin hökumətləri ilə birbaşa əlaqə yaratmaq və mümkün qədər onların daxili işlərinə qarışmamaq üzərində qurulmuş olsa da, Osmanlıdan qalan etnik qruplar, xüsusən də İraqda və Suriyadakı türkmənlər vasitəsilə bir təsir yaratmaq səyləri həmişə aktual oldu.
1980-ci ildən sonrakı dövrdə ABŞ-ın əvvəlcə “Yaşıl Kəmər”, sonra isə Böyük Yaxın Şərq Layihəsinə uyğun olaraq türk xarici siyasəti Balkanlarda və Yaxın Şərqdə sürətlənərək sünni qruplar üzərində formalaşmağa başladı. Türkmən kartı ilə yanaşı sünni qruplar da ələ alınmışdı. Bu siyasət “bir tərəfdən milli mənafelərimizi qoruyarkən, digər tərəfdən də Qərb ittifaqı ilə münasibətlərimizi qoruyuruq” arqumenti ilə daha çox mənimsənildi.
2001-ci ildə Əkiz Qüllələr hücumundan sonra bölgədə İraqa və Əfqanıstana qarşı edilən müdaxilələr artmağa davam edir. ABŞ-ın təsiri ilə və Şimali Afrikada baş verən “Ərəb Baharı” prosesində Türkiyədəki iqtidar qüvvələr Atlantik layihələrində uyğun rollar oynadılar. Ancaq yüksələn Atlantik fırtınası Asiya və Afrikaya tam təsir göstərə bilmədi.
Bölgədəki ölkələrin, xüsusən də Çin və Rusiyanın əks həmlələri, Suriya başda olmaqla, ön cəbhələrdə gedən mübarizələr, digər tərəfdən də ABŞ və Avropa ölkələrinin iqtisadi və sosial zəifliyi dünyanı tamamilə fərqli bir istiqamətə sürükləyib.
Böyük Türkiyə və çox qütblü dünya
Çox qütblü bir dünya kimi xarakterizə edilən bu yeni prosesdə Atlantik artıq bir mərkəz olmadığı üçün müxtəlif nöqtələrdə yeni güc mərkəzləri yaranmağa başlayıb. Türkiyə də dünyadakı bu tendensiyaya uyğun olaraq “tarazlıq siyasəti” adı altında Atlantikdən uzaqlaşan, lakin əlaqələri tam qoparmayan və Asiya qüvvələrinə yaxın olan, amma onlara inteqrasiya etməyən bir siyasətə yönəldi. Bu istiqamət isə iqtidarın seçimi deyil, dünyadakı ümumi vəziyyətib bir nəticəsidir.
“Böyük Türkiyə” şüarı ilə bu yeni istiqamət bir addım daha irəlilədi və Türkiyənin “mərkəzi qüvvə” olmaq iddiası səslənməyə başlandı. Sərhədləri yaxınlığındakı PKK dəhlizini bloklamaq və Mavi Vətənə sahib çıxmaq kimi milli maraqları qorumaq məqsədilə atılan addımların get-gedə İranın etdiyi kimi qabaqlayıcı bir müharibə doktrinasına çevrilib çevrilməyəcəyi də Türkiyənin əsas məsələlərindən biridir.
Türkiyə, şübhəsiz ki, Afrikanın və Yaxın Şərqin maraqlarına olan təsirini artırır və bu da dəstəklənməlidir. Lakin maraqları qorumaq və təsirini artırmaq üçün sabah daha böyük problemlərə səbəb ola bilər və hətta bilmədən imperializmin bölgədəki yeni planlarına xidmət edə bilər. Ona görə, bu addımları tənqid etmək və təkliflər vermək olduqca vacibdir.
Daha konkret desək:

1. Türkiyənin PKK dəhlizinə qarşı Suriyada apardığı mübarizə haqlıdır. Bu mübarizə zamanı Astananın çətiri altında Rusiya və İranla əməkdaşlıq davam etdirilməlidir. Ancaq hökumətin hələ də Əsəd rəhbərliyi ilə razılaşmaqdan imtina edib, prosesi uzatması imperializmin əlinə oynamaqdır. Əsədə qarşı olan düşmənçilikdən “bölgədə əzilənlərin qoruyucusu Böyük Türkiyə” şüarı ilə daxili siyasətdə istifadə etmək isə yolverilməzdir.
“Türkiyənin təsiri artacaq və davamlı olacaq” kimi iddialarla Suriyanın bölünməsini dəstəkləmək və ya buna göz yummaq Böyük Yaxın Şərq Layihəsinə bənzəyən Atlantik planlarını daha da gücləndirəcək.
2. Şərqi Aralıq dənizində Misir rəhbərliyi ilə əlaqə qurmaqdan imtina etmək düzgün deyil. Körfəz və Qərb qüvvələri ilə yaxınlaşan Sisi rəhbərliyi müvəqqətidir. Əslində isə vacib olan şey Misir dövləti və millətidir.
Ekspertlərin fikrincə, bölgədəki Qardaşlıq qrupları üzərində təsirli olmaq üçün Qahirəni rədd etmək Türkiyənin Şərqi Aralıq dənizindəki maraqlarına zərər verə bilər. Digər tərəfdən, bu addım ABŞ-İsrail-Körfəz planlarına uyğun olaraq ərəb dünyasında Türkiyənin tək qalmasına səbəb ola bilər.
Atatürkün Böyük Türkiyəsi
Xarici siyasətdə siyasi, iqtisadi və ictimai mənada “Böyük Türkiyə” qurmağın yolu Mustafa Kamal Atatürk dönəmində olduğu kimi imperializmə qarşı ittifaqlar yaratmaqdan keçir. Bu istiqamətdə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq uyğun bir qərardır, amma bu da kifayət deyil. Bölgə ölkələri ilə, xüsusən də İran və Misirlə düzgün zəmində əməkdaşlıq imkanları yaratmaq lazımdır. Digər tərəfdən, başda Suriya və İraq olmaqla bölgə ölkələrinin birliyini müdafiə edərək imperializmlə mübarizə aparıla bilər.
Türkiyə bölgə ölkələrinə rəhbərlik etmək potensialına sahibdir. Atatürkün dövründə izlənilən siyasətlərin Əlcəzairdən Pakistana qədər geniş bir coğrafiyada əks-səda doğurduğu və tətbiq edilməyə cəhd edildiyi tarixən məlumdur. Qonşularla münaqişə imperializmin xeyrinədir. Qonşularla əməkdaşlıq qurmaq isə həqiqi mənada Böyük Türkiyənin qurulmasını asanlaşdıracaq.

Həqiqi siyasət tarixi və sosial reallıqlardan kənarda deyil. Əks halda həqiqi siyasət adı altında Davudoğlunun dövründə olduğu kimi akademik sayıqlamalara və siyasi islamçı nağıllara təslim olacaqsınız.
Böyük Türkiyənin tarixi kökləri
Digər tərəfdən iqtidar Böyük Türkiyə iddiasını təkcə xarici siyasətdə deyil, daxildə də bu iddiaya uyğun bir tarix yazaraq gücləndirməyə çalışır. Buna görə də Prezidentin Müşaviri İbrahim Kalının sözlərini yalnız yeni tarix yazmaq məqsədilə Əbdülhəmidə və Mustafa Kamal Atatürkə eyni perspektivdən yanaşan düşüncələrini təkcə anti-Qərbçilik kimi başa düşmək kifayət deyil.
Türkiyə 1990-cı illərin əvvəlindən etibarən keçirilən bütün anketlərdə ABŞ üçün əsas təhdid kimi görülüb. Bu vəziyyət isə onu göstərir ki, cəmiyyətin müxtəlif hissələrində yerləşən bir sıra Qərb milisləri və onları izləyənlərdən başqa, türk xalqının böyük bir hissəsi təhlükənin haradan gəldiyini müəyyənləşdirib. Deməli, əsl mübahisə kimin nə dərəcə Qərbə qarşı olması ilə deyil, imperializmə qarşı hansı əsaslarla mübarizə aparacağı ilə əlaqədardır.
Kalın çıxışlarında Əbdülhəmidi müdafiə edərkən Putin Rusiyasının Stalin və çarlıq dövrünü davamlılıq şəklində dəyərləndirir və buna dövlətçi bir forma verməyə çalışır.
Çoxmillətli və federal bir quruluşa sahib olan bir imperiya ənənəsi olan Rusiyanı, 1923-cü ildən bu yana millət-dövlət quruluşunu qəbul etmiş Türkiyəyə nümunə kimi göstərmək nə dərəcədə doğrudur?
Rusiya milli demokratik inqilabını başa vurmuş və hətta çox inkişaf etmiş bir mərhələ olan sosializm təcrübəsini yaşamış bir ölkədir. Sovet dağılmış olsa da, Moskva əsas hissəsini və təsir dairəsini qoruyub saxlaya bildi.
Türkiyənin milli demokratik inqilabı üçün atılan addımlar bu gün bütün dairələr tərəfindən qəbul edilir. Mövzunu çox dağıtmağa ehtiyac yoxdur, amma Şərq əyalətlərindən seçilən deputatların əksəriyyətinin hələ də torpaq ağası olan ailələrdən çıxması bu vəziyyətin sadə bir nümunəsidir. Digər tərəfdən, dünyəviliklə bağlı müzakirələr, formalaşmamış iqtisadiyyat, sosial-mədəni quruluşla bağlı suallar hələ də qarşımızdadır.
Belə qeyri-taraz bir zəmində doğru bir xətt seçmədən Əbdülhəmidin nağılları ilə “Böyük Türkiyə” iddiasına tabe olmaq ancaq sadəlövhlük olar.

Oxşar xəbərlər