Aralıq dənizində Türkiyə öz müttəfiqləri olan NATO ölkələrinin hədəfinə gələ bilər?
28-08-2020, 14:43
394

Aralıq dənizində Türkiyə öz müttəfiqləri olan NATO ölkələrinin hədəfinə gələ bilər?

Politoloq: “Fransa, İtaliya, Yunanıstan və Cənubi Kipr orduları Şərqi Aralıq dənizində birgə hərbi təlimlər keçirəcəklər. Əslində bunun, son dövrlər dünyada artıq bir ənənə şəklini alan əzələ nümayişi olduğu qənaətindəyəm”.
“Artıq Türkiyə dövləti regionda tam ciddi söz sahibinə çevrilməklə yanaşı, nəinki özünə qarşı, hətta yaxın şərq ölkələri üçün mövcud ola biləcək istənilən təhlükənin qarşısını almaqla bağlı ortaya sərt mövqe qoymaq iqtidarındadır”.
Bu sözləri politoloq Xəyal Bəşirov Aralıq dənizində 4 ölkənin hərəkətə keçməsi ilə artan gərginliyi Bakıtv.az-a şərh edərkən qeyd edib.
Şərqi Aralıq dənizində Türkiyəyə qarşı təxribatçı addımlar atan Yunanıstandan bölgədə gərginliyi artıran açıqlamalar gəlməkdə davam edir. Belə ki, Fransa, İtaliya, Yunanıstan və Cənubi Kipr ordularının 26-28 avqust tarixlərində Şərqi Aralıq dənizində ortaq təlimlər keçirəcəyi bildirilir.

Fransa Müdafiə Nazirliyinin açıqlamasına görə, təlimdə fransız ordusunun 3 döyüş təyyarəsi və vertolyotlarla yüklənmiş bir freqatı iştirak edəcək. Türkiyə isə bu addımı özünə qarşı təhdid olaraq dəyərləndirib. Aralıq dənizində 4 ölkənin hərəkətə keçməsi ilə artan gərginlik bölgədə hansı prossesləri tətikləyə bilər? Xüsusən Ərdoğanın son açıqlamalarından sonra Aralıq dənizində Türkiyə öz müttəfiqləri olan NATO ölkələrinin hədəfi halına gələ bilərmi?

Xəyal Bəşirov: “Aralıq dənizinin şərq hissəsinin statusunun müəyyənləşdirilməsi ilə bağlı Türkiyə və Yunanıstan arasında danışıqlar prosesi davam etdiyi ərəfədə, Yunanıstanın həmin danışıqların mahiyyətinə zidd olaraq atdığı addım danışıqların pozulmasına gətirib çıxardı”.
Türkiyənin artıq dünyada söz sahibinə çevrilmək istiqamətindəki bütün bu uğurlu addımlarından ciddi narahatlıq keçirən bir çox dövlətlər, bilavasitə olmasa da, dolayı yolla ona qarşı təxribat kompaniyası yürütməklə, onu münaqişəyə sürükləmək istədiklərini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, əslində bu çox təhlükəli tendensiyadır və Türkiyə dövləti münaqişəyə sürüklənəcək qədər kiçik və zəif dövlət deyil:
“Ümumiyyətlə düşünürəm ki, hazırda Şərqi Aralıq dənizində baş verən proseslər həqiqətən də, ciddi narahatlqı doğurur. Bütün bunların kökündə, Türkiyə dövlətinin son dövrlər apardığı uğurlu xarici siyasətlə qarşı formalaşan qısqanclığın durduğunu hesab edirəm. Belə ki, məlum olduğu kimi bir neçə illər öncəyə qədər, regionda baş verən hadisələrin fonunda Türkiyə dövləti hər an öz ərazilərinə qarşı ciddi təhlükə gözləyirdisə, onun ayrı-ayrı şəhərlərində dövlətin gücünü sarsıtmağa hesablanmış terror hadisələri baş verirdisə, bu gün artıq vəziyyət tam dəyişilib. Artıq Türkiyə dövləti regionda tam ciddi söz sahibinə çevrilməklə yanaşı, nəinki özünə qarşı, hətta yaxın şərq ölkələri üçün mövcud ola biləcək istənilən təhlükənin qarşısını almaqla bağlı ortaya sərt mövqe qoymaq iqtidarındadır. Təbii ki, bu faktor onun bir çox əzəli rəqiblərini narahat etmiyə bilməzdi.
Bundan başqa, qısa müddət öncə Qara dəniz hövzəsində çox böyük təbii qaz yataqlarının aşkar edilməsi ilə, özünün enerji təhlükəsizliyinin təminatı istiqamətində ciddi addım atması da, bəzi dövlətlərin ovqatını yamanca təlx edib. Onu da unutmamaq lazımdır ki, Azərbaycana qarşı uzun illər ərzində işğalçılıq siyasəti yürüdən və Türkiyə tərəfinə də, əsassız ərazi iddiaları ilə çıxış edən Ermənistanla Azərbaycan arasındakı cəbhə xətti boyunca aparılan genişmiqyaslı təlimlərin keçirilməsi mənfur düşmənlərimizlə yanaşı onların dünyadakı havadarlarını da ciddi təşvişə salmaqdadır.

Türkiyənin artıq dünyada söz sahibinə çevrilmək istiqamətindəki bütün bu uğurlu addımlarından ciddi narahatlıq keçirən bir çox dövlətlər, bilavasitə olmasa da, dolayı yolla ona qarşı təxribat kompaniyası yürütməklə, onu münaqişəyə sürükləmək istəyirlər. Əslində bu çox təhlükəli tendensiyadır və Türkiyə dövləti münaqişəyə sürüklənəcək qədər kiçik və zəif dövlət deyil. Çünki, təkcə regionda yox, dünya ölkələri arasında hərbi qudrəti ilə seçilən Türkiyənin zaman-zaman onun ərazilərinə təhdid yarada biləcək hadisələrə hansı şiddətlə cavab verdiyinin şahidi olmuşuq.
Xəyal Bəşirov: “Türkiyə ilə Yunanıstan orduları, o cümlədən də donanması və hərbi hava qüvvələri arasındakı ciddi güc fərqi, təkcə onların hər ikisinə deyil, bütün dünyaya məlumdur”.
Şərqi Aralıq dənizində vəziyyətin hazırki kritik səviyyəyə gəlməsini müəyyənləşdirmək üçün, oradakı hadisələrin baş vermə ardıcıllığına nəzər yetirmək lazımdır. Aralıq dənizinin şərq hissəsinin statusunun müəyyənləşdirilməsi ilə bağlı Türkiyə və Yunanıstan arasında danışıqlar prosesi davam etdiyi ərəfədə, Yunanıstanın həmin danışıqların mahiyyətinə zidd olaraq atdığı addım danışıqların pozulmasına gətirib çıxartdı. Belə ki, həmin ərəfədə, bir tərəfdən Türkiyə ilə danışıqlar aparan Yunanıstanın, digər tərəfdən də gizlin olaraq Misirlə mübahisəli əraziyə aid sularda karbohidrogen yataqlarının istismarı ilə bağlı tədqiqatları nəzərdə tutan anlaşma imzalamağa çalışması Türkiyəni haqlı olaraq özündən çıxartdı. Bu səbəbdən də danışıqlar prosesini dayandıran Türkiyə, hərbi gəmilərinin müşayiəti ilə “Oruc Rəis” adlı tədqiqat gəmisini Şərqi Aralıq dənizində yerləşən Rodos və Meis adaları yaxınlığında araşdırmalara başlatdı. Türkiyə tərəfi rəsmi olaraq həmin tədqiqat gəmisinin 23 avqust tarixinə qədər müvafiq araşdırmalar aparmaqla bağlı Aralıq dənizinin şərqində qalacağını bəyan etdi.
Bununla yanaşı, Türkiyə dövləti dəniz hüququnun tələblərinə uyğun olaraq gəmisinin olduğu həmin ərazidə “Navtex”, yəni, həmin ərazilərə başqa gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıq elan etdi. Dəniz hüququna görə, həmin xəbərdarlığa əsasən, digər gəmilər tədqiqat işlərini həyata keçirən gəmilərə 6 dəniz milindən artıq yaxınlaşa bilməzlər. Bu qadağanı pozan gəmilərin təhlükəsizliyinə təminat verilmir və yenə də, dəniz hüququna əsasən, “Navtex”i elan edən dövlət həmin əraziyə xəbərdarlığa rəğmən girən gəmilərə qarşı güc tətbiq edə bilər.

Ancaq göründüyü kimi Fransadan, Misirdən, və digər havadarlarından dəstək alan Yunanıstan həmin əraziyə hərbi qüvvələr toplamaqdadır. Ən maraqlı və absurd məqamlardan biri də odur ki, həmin münaqişə zonasına hərbi gəmilərini göndərməsini, NATO-nun üzvü olan Fransa, guya həmin qurumun bir üzvünü (Yunanıstanı), digərindən (Türkiyədən) qorumaq məqsədilə etdiyini bildirir. Təbii ki, Türkiyə ilə Yunanıstan orduları, o cümlədən də donanması və hərbi hava qüvvələri arasındakı ciddi güc fərqi, təkcə onların hər ikisinə deyil, bütün dünyaya məlumdur. Bu səbəbdən də, orada vəziyyət nə qədər kritik olsa belə, hazırki məqamda xırda insidentlərin baş verməsi istisna olunmasa da, müharibə həddinə gələcəyini düşünmürəm.
Yayılan son məlumatlara görə, Fransa, İtaliya, Yunanıstan və Cənubi Kipr orduları Şərqi Aralıq dənizində birgə hərbi təlimlər keçirəcəklər. Əslində bunun, son dövrlər dünyada artıq bir ənənə şəklini alan əzələ nümayişi olduğu qənaətindəyəm. Həm də, hesab edirəm ki, ümumilikdə Qərbin, o cümlədən də ABŞ və Avropanın əsas hədəfləri daha uzaq şərq istiqamətində olduğundan, hazırki kritik məqamda bir çox əhəmiyyətli proseslərdə müttəfiqləri olan Türkiyəyə qarşı açıq cəbhə açmağa risk etməyəcəklər. Ancaq, onu da nəzərə almaq lazımdır ki, vəziyyət istənilən an dəyişə, xırda bir qığılcım ciddi bir alovlanmaya səbəb ola bilər”.

Oxşar xəbərlər