Nazirin NƏZƏRİNƏ: Pambıq ağarmağa başlayıb, fermer isə... - NARAZILIQ!
11-09-2021, 14:06
174

Nazirin NƏZƏRİNƏ: Pambıq ağarmağa başlayıb, fermer isə... - NARAZILIQ!

Cari il ölkənin əksər ərazilərində su qıtlığı problemi yaşandı.

Yayın isti və quraq keçməsi səbəbindən Araz çayında sululuğun səviyyəsi xüsusilə kəskin aşağı düşüb. Bu isə Kür-Araz ovalığında əhalini həm içməli, həm də suvarma suyu problemilə üz-üzə qoyub.

Cari il İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarında minlərlə hektar sahədə əkinlər ya tamamilə yanıb, ya da susuzluq səbəbindən az məhsul verib. Suya daha çox təlabatı olan, xərc və əmək tutumlu pambıq əkinləri də zərər çəkib.

Biləsuvar rayonunun Aranlı kəndində yaşayan Həsənəli İbayev

infom.az-a bildirir ki, cari il 25 hektar sahədə pambıq əkib. Onun 5 hektarı ailə üzvlərinin pay torpağı olub, qalanının hər hektarını illik 400 manata başqa şəxslərdən icarəyə götürüb.

Fermer bildirir ki, bütöv yay dövründə gecə-gündüz su əldə etmək uğrunda mübarizə aparıb:

“Az olsa da, su daim oldu, indi də var. Amma onu məmurlara bağlı iri təsərrüfatlara verirlər. Bizim kimi sadə kəndliləri susuz qoyub torpaqdan uzaqlaşdırmaq istəyirlər. Təsəvvür edin, pambıq yetişdirdiyim 4 hektar sahəmə yalnız toxum səpiləndən sonra çıxış suyu verilib. Qalan yerlərə isə 2-ci vegetasiya suyu. Vəssalam. Nəticədə pambıq kolunun boyu bir qarış olub. Güllər tökülür. Bu sahədən nə məhsul götürmək olar?”

H.İbayev bildirir ki, Biləsuvar rayon Suvarma sistemləri idarəsinin rəisi Ədalət Babayev mövcud suyu ədalətli şəkildə bölüşdürsəydi, əksər fermerlər bu qədər zərərə düşməzdi. Fermer üzləşdiyi problemlə bağlı dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına yazılı, şifahi və videoformatda müraciət etdiyini, lakin bunların bir nəticə vermədiyini vurğulayır:

“Bütün müraciətlər sonda Ədalət Babayevin üstünə göndərilir. Halbuki mən onun özündən şikayətçiyəm. Bu adam açıq-aşkar qəsdimizə durub. Kənd təsərrüfatı nazirliyi yanında Aqrar İnkişaf Agentliyi yaradılıb. Bu qurumdan heç zəngə cavab vermirlər.”

Fermer artıq indidən zərər barədə düşünür. Onu dərd götürüb ki, müqavilə bağladığı “MKT-İK” MMC-yə olan borcu tam ödəyə bilməyəcək:

“Şirkətə üst-üstə 20 min manata yaxın borcum var. Hər hektardan təxminən 15 sentner məhsul götürə bilsəm, borcu bağlamaq olar. Amma susuz yetişən pambıqdan bu məhsuldarlığı alacağım inandırıcı deyil. Üstəlik əkin subsidiyası da hələ verilməyib. Halbuki icarəyə götürdüyüm torpaqlarla bağlı bütün sənədlər qaydasındadır. Müraciətimdən sonra Kənd Təsərrüfatı Nazirliyi indi onları araşdırır.”

H. İbayev hələ də su yolu gözləyir. Deyir hətta indi də su verilsə, məhsuldarlıq arta və bunun nəticəsində borc yükü yüngülləyə bilər. Tərs kimi, yay ərzində bir neçə dəfə şimşək çaxıb göy guruldasa da, yağış yağmayıb...

Oxşar xəbərlər