Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
3-09-2020, 13:02
383

Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq

Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan “İnterfaks”a müsahibəsində Azərbaycanı ittiham edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı absurd ifadələr səsləndirib. XİN rəhbəri bildirib ki, Ermənistan Dağlıq Qarabağ və regionda stabilliyin saxlanılmasında maraqlıdır. Onun sözlərinə görə, bu, yalnız kompromisə əsaslanan sülh sazişinin əldə edilməsi ilə mümkündür. Birtərəfli güzəştlər istisna edilir və onların perspektivi yoxdur. Mnatsakanyan həmçinin ATƏT-in Minsk Qrupunun yeganə danışıqlar prosesi formatı olduğunu deyib, həmsədrlər formatının şübhə altına qoyulması cəhdinin qəbuledilməz olduğunu söyləyib. XİN rəhbəri Ermənistanı “regional təhlükəsizliklə bağlı məsuliyyətli iştirakçı” adlandırıb.

Gülünc səslənsə də, Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın qətiyyən üçüncü ölkələrə qarşı yönəlmədiyini iddia edib. Halbuki, Ermənistanın Rusiyadan diləndiyi bütün növ silah-sursatın Qarabağ münaqişəsində Azərbaycana qarşı istifadə edildiyinə heç bir şəkk-şübhə yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyi erməni nazirin açıqlamalarını cavabsız qoymayıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin danışıqların mahiyyətini heçə endirən addımları Mnatsakanyanın bəhs etdiyi “sülh şəraitinin” yaradılmasına əsas əngəldir.

Nazirlik rəsmisi qeyd edib ki, beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq qonşu ölkənin ərazilərini 30 ilə yaxındır işğal altında saxlayan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa maneə törədən, bəyanatları ilə bölgədə gərginliyin artmasına xidmət edən bir ölkənin bölgədə sülh şəraitindən söz açması qeyri-səmimi yanaşmadır:

“Yalnız son bir ay yarım vaxt ərzində Ermənistan tərəfinin törətdiyi əməllərə nəzərə salaraq bu ölkənin təhrikçi və təxribatçı mahiyyətini aşkar şəkildə müşahidə etmək olar. Cari ilin 12-16 iyul tarixlərində Ermənistan iki dövlətin sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatını həyata keçirib. Azərbaycan mövqelərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi edib.

Ermənistanın gücdən istifadə etməklə yeni təcavüz aktının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb. Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə etmək istəyən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq işğal edilmiş ərazilərimizdə məskunlaşdırılması planını bəyan etdi.

İşğalçı Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarda həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmədi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Tovuz təxribatında iflasa uğradıqdan sonra bu hərbi avantürasının uğursuzluğunu kompensasiya etmək üçün digər təxribatlara əl atdı. Avqustun 23-də Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat cəhdinin qarşısı alındı, qrupun rəhbəri zərərsizləşdirildi.

Son olaraq, Ermənistan baş naziri Nikol Paşinyan 29 avqust tarixində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin “nümayəndələri” ilə görüşdü. Azərbaycanın işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkdi. Bu da Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişi oldu. Bütün bu sadalananlardan sonra, görəsən, Z.Mnatsakanyan hansı sülhdən, bölgədə gərginliyin azaldılması üçün hansı təkliflərdən və təşəbbüslərdən danışır?”.

XİN təmsilçisi qeyd edib ki, gənc nəsli “Njdeizm” irqçi ideologiyası və faşizm dəyərləri əsasında tərbiyə edilən, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin nümayəndələrinin dünyanın müxtəlif ölkələrində azərbaycanlılara qarşı nümayiş etdirdikləri vandalizm və nifrətə əsaslanan cinayət əməllərinin səbəbləri hamıya yaxşı bəllidir:

“Xarici ölkələrdəki etnik qarşıdurmanın qarşısının alınmasını münaqişənin həllində siyasi iradə nümayiş etdirilməsi ilə əlaqələndirən erməni nazirin bu fikirləri cəfəngiyyatdır. Ermənistan illərdir ki, bu siyasi iradəni nümayiş etdirə bilməyib. Bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpa olunması zəruridir. Ermənistan, nəhayət, siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır”.

Zöhrab Mnatsakanyanın müsahibəsini “Şərq”ə təhlil edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Ermənistanın bütün rəsmilərinin verdikləri bəyanatlar Qarabağ probleminin uzadılmasına hesablanmış addımlardır”. Partiya rəsmisinin sözlərinə görə, Qarabağ konfliktinin sülh yolu ilə həlli yolu yoxdur, bundan sonra da olmayacaq:

“Əksini iddia etmək “erməni dəyirmanına su tökməkdir” və özümüzü aldatmaqdır. İllərin təcrübəsi bizə bunu başa saldı. Ermənistanla danışıq aparmaq üçün nə beynəlxalq, nə də regional müstəvi qalmayıb, əslində heç vaxt da olmayıb. Konfliktin yaranma səbəbi Rusiyadır və münaqişə nə zamansa həlli tapılsın deyə yaranmayıb. Rusiyanın bu problemin həllindəki “sülhpərvər” rolu tək bizi yox, erməni cəmiyyətini də konfliktin əsirinə çevirib. Azərbaycan hakimiyyəti və xalqımız artıq bu siyasi oyunların mahiyyətini başa düşür.

Son proseslər göstərir ki, regionda ciddi dəyişikliklər olacaq. Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi, hərbi baza qurması ciddi şəkildə müzakirə mövzusudur. Qardaş Türkiyə dövləti buna hazır olduğunu bütün rəsmi şəxslərin simasında vurğulayıb. Ermənistan tərəfi isə ciddi şəkildə qorxuya düşüb. İrəvan anlayır ki, Azərbaycan-Türkiyə müttəfiqliyi, Ankaranın proseslərdə daha yaxından və qətiyyətli iştirakı Ermənistan üçün qorxulu nəticələrə səbəb olacaq”.

Analitikin sözlərinə görə, Türkiyə ordusunun Azərbaycana yerləşməsinin məntiqi nəticəsi müharibə ilə sonlanacaq: “Müharibədə onsuz da güclə ayaqda duran erməni dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq. Çünki müharibə ölüm, dağıntı, maddi vəsait itkisi deməkdir ki, bunlara erməni dövləti və cəmiyyəti hazır deyil. Sözdə çox şey deyə bilərlər, amma rus və başqa millət erməni üçün gəlib Qarabağda ölmək istəməz. Türkiyə Ordusunun Azərbaycanda yerləşməsini sürətləndirməliyik. Sözdən real işə keçməyin vaxtıdır. Ankara ilə strateji-hərbi müttəfiqlik müqaviləsi imzalanmalıdır”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də “Şərq”ə bildirib ki, Ermənistan rəsmiləri uzun illərdir siyasi həyasızlıqla məşğuldur. Analitikin fikrincə, işğalçı ölkə mövcud status-kvonu Azərbaycana qəbul etdirməyə, birtərəfli üstünlük qazanmağa çalışır:

“Mnatsakanyan həqiqəti əks etdirməyən qeyri-adekvat bəyanatları ilə dünya ictimaiyyətinin gözündə Ermənistanın məhv olan imicini qaldırmağa çalışır. Reallıq isə ondan ibarətdir ki, Ermənistan Cənubi Qafqaz üçün başlıca təhlükə mənbəyidir.

Erməni tərəfi ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini və BMT-nin icra olunmayan 4 qətnaməsini əldə rəhbər tutaraq vəziyyətin bu cür davam etməsində maraqlıdır. Çünki indiki gedişat birbaşa İrəvan hökumətinə sərf edir və bununla işğalçı Ermənistan öz təcavüzkar siyasətini sürdürür. Ermənistan beynəlxalq ictimaiyyətin, guya, erməniləri müdafiə etdiyini iddia edərək, hüquqi müstəvidə haqlı olmağa cəhd göstərir.

Halbuki, dünya ölkələrinin böyük əksəriyyəti, o cümlədən beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Azərbaycanın ərazi bütövlüyünün tanınması ermənilərin işğalçılıq siyasətinin təsdiqi anlamına gəlir.

Ermənilərin tez-tez müraciət etdiyi Helskinki Yekun Aktı da İkinci Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin qətiyyən dəyişdirilməməsini tələb edir. Sirr deyil ki, erməni rəsmiləri əksər hallarda Kremlin təlimatları ilə danışırlar. Düşmən ölkə rəhbərliyində təmsil olunan şəxslər özbaşına bəyanat verəcək qədər müstəqil deyillər”.

Siyasi şərhçi vurğulayıb ki, Mnatsakanyanın hansısa güzəştlərdən danışması, qarşılıqlı kompramisdən dəm vurması danışıqlar prosesini tamamilə pozmaq məqsədi güdür:

“Ermənistan rəsmilərinin bu cür açıqlamalarından sonra düşmən ölkə rəhbərliyi ilə hansı müstəvidə müzakirələr aparmaq mümkündür? Danışıqlar davam etməzsə və bir müddət “pauza” yaranarsa, bunun sonu müharibə ilə bitəcək. Ermənistanın Rusiyanın əli ilə son aylar sürətli silahlandırılması və müharibəyə hazırlıq görməsi ciddi faktlarla sübut olunub. Amma Azərbaycanla savaşa başlamağın Ermənistanı hansı günə qoyacağını İrəvan hökuməti ciddi götür-qoy etməlidir”.

Q.Hüseynli əlavə edib ki, Ermənistan rəsmilərinin indiki bəyanatları Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi ilə birbaşa bağlıdır:

“Ermənistanın silahlandırılması Rusiyanın narahatlığının nəticəsidir. Türkiyənin Dağlıq Qarabağ münaqişəsində heç vaxt olmadığı qədər qətiyyət nümayiş etdirməsi və israrla Azərbaycanın yanında olduğunu vurğulaması Moskvanın rahatlığını pozub. Kreml yaxşı bilir ki, Türkiyənin prosesə müdaxiləsi hərbi münaqişə ilə nəticələnə bilər.

Mnatsakanyanın Ermənistanı “regional təhlükəsizliklə bağlı məsuliyyətli iştirakçı” sayması gülünc iddiadır. Azərbaycanın 20 faiz torpağını işğal edən bu ölkə bununla da yetinməyərək qonşu Gürcüstan, Türkiyə, İran, hətta havadarı olan Rusiyaya belə ərazi iddiaları irəli sürməkdən çəkinmir. Belə bir ölkənin bu gün regional təhlükəsizlikdən danışmağa haqqı yoxdur. O bildirib ki, bizim hərbi texniki əməkdaşlığımız hansısa üçüncü ölkəyə qarşı yönəlməyib.

Maraqlıdır, o zaman rəsmi İrəvan Rusiyadan aldığı silahları kimə qarşı istifadə edəcək? Ermənistanın lokal müharibə hazırlığında olduğunu hər kəs bilir. Bu mənada Mnatsakanyanın sözlərinin heç bir məntiqi izahı yoxdur”.

Oxşar xəbərlər