“Həm işsizlik artacaq, həm də əksəriyyət taksi xidmətlərindən istifadə edə bilməyəcək” - BNA-nın təklifinə reaksiya
8-09-2020, 10:29
295

“Həm işsizlik artacaq, həm də əksəriyyət taksi xidmətlərindən istifadə edə bilməyəcək” - BNA-nın təklifinə reaksiya

Bakı Nəqliyyat Agentliyinin (BNA) vahid taksi tarif sisteminin yaradılması ilə bağlı qərarı ətrafında müzakirələr səngimir. BNA hesab edir ki, Bakıda taksi sahəsində pərakəndə vəziyyət hökm sürür ki, bu da vahid taksi sisteminin yaradılmasını zəruri edir.

“Bəzi taksilər “A” nöqtəsindən “B” nöqtəsinə aparmaq üçün dolayı yollardan istifadə edir. Taksi bazası yaradıldıqdan sonra taksilər onlara verəcəyimiz xətdən istifadə edəcək. Əks halda, istənilən şəxs avtomobil damına taksi işarəsi qoyub həmin yoldan istifadə edəcək. Bu məsələdə vətəndaşlarımızın da üzərinə məsuliyyət düşür. Gərək vətəndaşlarımız fərqlənmə nişanı olmayan taksilərdən istifadə etməsinlər”, - BNA-nın açıqlamasında bildirilir.

Bunun ardınca Agentliyin şöbə müdiri (artıq sabiq şöbə müdiri) Hikmət Babayevin “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur” açıqlaması ciddi narazılığa yol açmışdı.

Bəs, taksi fəaliyyəti ilə məşğul olanlar vahid sistemə necə yanaşırlar? Bu yenilik onları qane edəcəkmi? AYNA bu suallar bir neçə fərdi taksi sürücüsünə müraciət edib. Beləliklə:

Əli Məmmədov: “Əlbəttə ki, belə bir qərar nə taksi sürücülərinə, nə də müştərilərə sərf edər. Çünki elə taksi xidmətləri var ki, onlar sırf vahid bir ünvan üzrə standart məbləğə fəaliyyət göstərir. Məsələn, mən də daxil olmaqla, demək olar ki, yüzlərlə taksi sürücüsü “20 Yanvar” metrostansiyasından Sumqayıt və Xırdalan şəhərləri, Qobu, Masasız, Müşfiqabad, Lökbatan qəsəbələri və s. ərazilərə 1 və ya 2 manatdan xidmət göstərir. Sözügedən təklif qüvvəyə minəndə isə, böyük ehtimalla, biz əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəyik. Təbii ki, bu da nə biz sürücülərə, nə də vətəndaşlara sərf edəcək”.

Həsən Əzizov: “BNA-nın təklif etdiyi qərar qəbul edilsə, çox güman ki, taksilər məhdud sayda fəaliyyət göstərəcək. Çünki deyildiyi kimi, taksi xidmətləri vahid sistemə keçsə, yaxud yalnız imkanlı adamlara təqdim edilsə, əlbəttə ki, bu, rəqabətin azalmasına gətirib çıxaracaq. Belə olan halda isə həm işsizlik artacaq, həm də əksəriyyət taksi xidmətlərindən istifadə edə bilməyəcək”.

Rasim Qədimov: “İndiki halda bu təklif qətiyyən anlaşılan deyil. Biz hələ pandemiyanın və karantin tədbirlərinin nə qədər davam edəcəyini bilmirik. Məhz, bu problemə görə, metronun da fəaliyyəti dayandırılıb. Sərnişin daşıyan marşrutlarda isə sıxlıq olur. Təbii ki, belə olan halda insanlar özlərini qorumaq üçün taksilərə üz tuturlar. Bundan əlavə, minlərlə insan işə gedib-gəlmək üçün taksi xidmətlərindən istifadə edir. Çünki Bakıda taksi xidmətləri çox əlçatandır və bu, rəqabət nəticəsində formalaşıb. Qəbul edilən təklif isə bunun əksi ilə nəticələnə bilər”.

Sahil Nurəddinov: “Bütün dünyada, ələlxüsus da bazar iqtisadiyyatı dövründə özəl sektor kimi taksilər fəaliyyət göstərir. Bu biznes rəqabəti həm insanlara sərf edir, həm də hökumətə. Təsəvvür edin, bütün dünyada bu sahə üzrə rəqabət var, amma bizdə əksinə olacaq. Bu, necə ola bilər? Belə olan halda isə sürücülər indi olduğu kimi gəlir əldə etməyəcək deyə, bu, yaşayış səviyyəsinə də təsir göstərəcək”.

Şamil Süleymanlı: “Əslində, bu, yaxşı təklifdir. Düzdür, onlayn sifarişlə fəaliyyət göstərən taksi xidmətlərinin fəaliyyəti yenə də davam edəcək. Amma bəzi taksi xidmətləri var ki, qiymətləri düzgün tənzimləmir. Düzgün tənzimləməmələr nəticəsində də bəzən müştəriyə elə qiymət deyilir ki, bu məbləğ heç sürücünün yanacaq pulu etmir. Sərbəst fəaliyyət göstərən taksilər isə daha baha qiymətə işləyir. Amma standart bir sistem olsa, belə şeylər olmaz, hər kəs də məmnun qalar”.

Oxşar xəbərlər