Mobil operatorlardan qəribə mesaj: “Sizin diliniz uzundur”
8-09-2020, 14:53
360

Mobil operatorlardan qəribə mesaj: “Sizin diliniz uzundur”

“İctimaiyyət buna reaksiya verməli və belə məsələlərdə dözümsüzlük göstərməlidir”
İstər şifahi, istərsə də yazılı nitqdə Azərbaycan dilinin normalarına riayət edilməməsi dil təəssübkeşlərini daim narahat edən məsələlərdən olub və olmaqda da davam edir. Zaman-zaman dil haqqında qanuna əlavə və dəyişiklik edilərək, bu istiqamətdə müəyyən addımlar atılsa da, hazırkı durumu qüsursuz hesab edə bilmərik.
Bu barədə hələ də problemli qalan sferalardan biri də mobil operatorlardır. Belə ki, ölkəmizdə illərdir fəailiyyət göstərən mobil operatorlar hələ də Azərbaycan dilinə tam keçid edə bilməyib. Abunəçilərinə göndərdikləri qısa mesajlardan məlum olur ki, mobil operatorlar Azərbaycan əlifbasındakı şriftlərdən yox, ingilis şriftlərindən istifadə edir. İngilis şriftlərinə nabələd yerli oxucu üçün bu cür formada göndərilən mətnin özü də bəzi hallarda anlaşılmaz ola bilir. Digər tərəfdən isə ana dilinə hörmət edən hər azərbaycanlı üçün bu, milli məsələdir.
AYNA bunları nəzərə alaraq, mobil operatorlara sorğu göndərib və niyə hələ də Azərbaycan dilinə tam keçid etmədikləri, bu istiqamətdə müvafiq işlər aparıb-aparmadıqları ilə maraqlanıb.

“Nar” mobil operatorundan sorğumuza cavab olaraq bildirilib ki, bunun bir neçə səbəbi var: “Mesajların ingilis əlifbası ilə göndərilməsinin səbəblərindən biri simvol sayıdır. Çünki Azərbaycan əlifbasındakı hərflərdən istifadə etdikdə 1 SMS-də məlumatı tam olaraq çatdırmaq mümkün olmur. Digər səbəb isə bəzi telefon modellərində ə, ö, ğ, ü, ş, ç hərfləri “?” kimi işarələr şəklində əks olunur və bu halda yazılan mesajın mətni aydın olmur. Digər tərəfdən də Beynəlxalq GSM standartlarına uyğun olaraq bu qaydada yazılır”.
“Azərcell Telekom” MMC də bunun texniki məsələ olduğunu əsas gətirib: “Məlum olduğu kimi, mesaj xidməti çərçivəsində göndərilən SMS məzmunu 160 (özünəməxsus xüsusi işarə və hərflərdən istifadə edilən türk, Azərbaycan və kiril əlifbalarından, yaxud müxtəlif kodlaşmalardan istifadə edərkən isə 70) simvoldan artıq olduqda, mesajın məzmunundakı simvolların sayından, həmçinin də mesajı göndərən və qəbul edən nömrələrdə istifadə edilən mobil telefon cihazlarının proqram təminatından, texniki xüsusiyyətlərindən və s. hallardan asılı olaraq bütöv bir mesaj və ya bir necə mesaja bölünməklə çatdırıla və qəbul edilə bilər. Bundan başqa, SMS-lərin (göndərən və qəbul edən mobil telefon cihazlarında mövcud olan sazlamanın xüsusiyyətləri də nəzərə alınmaqla) göndərildiyi andan etibarən maksimum 168 saat ərzində çatdırılması üçün cəhdlər edilir. Bu müddət ərzində hər hansı bir səbəbdən (SMS qəbul edən mobil telefonun yaddaşının dolu olması, müvafiq nömrənin zəngləri qəbul etməməsi və s.) SMS-lərin çatdırılması mümkün olmadıqda belə, SMS xidməti müvafiq qaydada icra edilmiş hesab edilir. “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərin məhz təsvir edildiyi kimi həyata keçirilməsinə yalnız “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsi daxilində təminat verilir. Göründüyü kimi, standart “unicode” şifrəsində istifadə edilən simvol sayı xüsusi işarə və hərflərdən (məs. latın qrafikalı Azərbaycan əlifbası) istifadə edilərkən, iki simvol kimi sayılır, yəni hərfin özü və kodlaşdırılması”.

"Azercell” azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Sorğumuza cavab verən mobil operatorlardan bu problemin həlli istiqamətində hansısa işlərin aparılıb-aparılmadığını öyrənməyə çalışsaq da, bu sualımız cavabsız qaldı.
AYNA məsələyə ekspertlərin diqqətini cəlb edib. Ədəbiyyatşünas Məti Osmanoğlu da bu problemdən narahatlıq duyanlardandır. O, hesab edir ki, bu cür məsələlərə ilk növbədə ictimaiyyət reaksiya verməli, müqavimət göstərməlidir: “Biz hamımız vaxtaşırı mobil operatorlardan qısa mesajlar alırıq. Bu mesajlar vineqret bir dildə gəlir və məlum olur ki, mobil operatorların yazı sistemi Azərbaycan dilinə uyğunlaşdırılmayıb. Bu hal hər şeydən əvvəl məni bir Azərbaycan vətəndaşı, eləcə də bir mütəxəssis kimi çox narahat edir”.
“Düşünürəm ki, bu, bizim cəmiyyətdə dövlətçilik şüurunun hələ çox aşağı səviyyədə olması ilə bağlıdır. Buna ilk növbədə ictimaiyyət reaksiya verməlidir və belə məsələlərdə biz hamımız dözümsüzlük göstərməliyik. Bu gün Bakı şəhərində reklamlar, elanlar yad dildədir, mağaza adları başa düşülməyən sözlərdir. Ələlxüsus da, Bakı şəhərinin mərkəzində, sanki Azərbaycandan uzaq qarmaqarışıq bir mühitə düşürsən. Son zamanlar sosial şəbəkələrdə bu barədə müzakirələr getməsini, aidiyyəti dairələr qarşısında məsələ qaldırılmasını yaxşı hal hesab edirəm”, - ekspert deyib.
M.Osmanoğlu dilimizə qarşı bu laqeydliyin bir səbəbini də idarəetmə orqanlarının dilə münasibəti ilə əlaqələndirir: “Çünki idarəetmə orqanlarında əyləşənlərin böyük əksəriyyəti azərbaycandilli deyillər. Bunun da məsələyə çox böyük təsiri var. Biz bunu qonşu Gürcüstanla müqayisə etsək, görərik ki, mənzərə xeyli fərqlidir. Mobil operatorların bununla bağlı mövqeyi də mənə əsaslı görünmür. Ola bilər, burada hansısa texniki çətinliklər olsun, ancaq mobil operatorların maddi imkanları o qədər genişdir ki, mən düşünürəm, bu cür istənilən problemi asanlıqla həll edə bilərlər”.
“Çindən gələn telefonların demək olar, hamısında mükəmməl Azərbaycan dilinə aid əlifbadan, eyni zamanda orfoqrafiya, korrektor imkanlarından istifadə etmək olur. Nəyə görə bu, Azərbaycandakı mobil operatorların mesaj xidmətində problemə çevrilir? Mobil operatorların bunu texniki çətinliklərlə əlaqələndirməsini bəhanə hesab edirəm. Çətinlik varsa, zəhmət çəkib həll etsinlər! Bu, dövlət maraqları ilə hesablaşmamaq, Azərbaycan dilinin qorunması ilə bağlı dövlət siyasətinə meydan oxumaqdır. Mənə elə gəlir ki, bu problemlə bağlı ictimaiyyət öz mövqeyini ortaya qoymalıdır”, - ədəbiyyatşünas vurğulayıb.
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə mobil operatorların mesaj xidmətindəki ana dili problemini biznes maraqları ilə əlaqələndirir: “Telefonlar zavoddan buraxılanda onun istehsalçıları orada müxtəlif ölkələrin əlifbalarını, dillərini nəzərə almalıdırlar. Telefon istehsal edənlər üçün bu, biznes məsələsidir, amma bizim üçün milli məsələdir. Həmin telefonların az satıldığı ölkələri nəzərə almırlar. Biznes maraqlarını düşünən şirkət üçün az gəlir əldə edəcəyi ölkənin əlifbasını əlavə etmək maraqlı deyil”.

“Amma belə də davam edə bilməz axı! Düşünürəm ki, müvafiq dövlət qurumlarımız o telefon istehsalçılarına müraciət etməlidir ki, bu, hansısa formada nəzərə alınsın və öz həllini tapsın. Düzdür, köhnə telefonlarda dəyişiklik imkanımız olmasa da, yeni telefonlarda bunun üçün imkanlar var. Ona görə düşünürəm ki, mobil operatorlar da bu məsələyə diqqətlə yanaşmalıdır. Digər tərəfdən də çox köhnə model telefonlar işlədən insanlar da var, bu baxımdan telefonlar yeniləndikcə, zamanla bu məsələ də öz həllini tapar”, - Gündüz deyib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli hesab edir ki, bu kimi hallar dil haqqında qanunun pozulmasıdır: “Texniki problem adlandırmaq bizə dil haqqında qanunu pozmağa əsas vermir. Əlbəttə ki, mətnlər Azərbaycan əlifbası ilə yazılmalıdır. Qanuna görə, Azərbaycanda latın əlifbası tətbiq olunur. İnstitutda mövcud olan monitorinq şöbəsi mütəmadi olaraq monitorinqlər aparır. Yaxın zamanda onların səlahiyyətləri daha da genişləndiriləcək. Dil qüsurları olarsa və dil haqqında qanun pozularsa, Milli Məclisin qərarına əsasən, cərimələr tətbiq olunacaqlar”.
“İnanıram ki, bu məsələlər də onların fəaliyyətində mütləq öz əksini tapacaq. Müasir texnologiya imkan verir ki, əlifbamız rəsmi yazışmalarda, mətn mesajlarında, dövlət idarə və müəsissələrindən gələn məlumatlarda tətbiq edilsin. Bütün bunlar, sadəcə laqeydlikdən irəli gəlir”, - alim bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Fəzail Ağamalı bu məsələyə qısaca belə şərh verib: “Qanunda bu məsələ ilə bağlı boşluq aradan götürülməlidir. “Azərbaycan dili haqqında” qanunda bununla bağlı əlavə və dəyişiklik edilməlidir və bu məsələ ilə bağlı boşluq aradan götürülməlidir”.

Oxşar xəbərlər