“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir
10-09-2020, 17:07
256

“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir

"Siçovullarla yaşayıram, qarşıdan qış gəlir, uşağımın şəkillərini götürüb hara gedim, nə edim?"

Bu sözləri ölmüş erməni əsgərin anası deyib və o, oğlunun niyə öldüyünü bilmək istəyir. “MediaPost” bu haqda Ermənistanda fəaliyyət göstərən 168.am saytına istinadən xəbər verir.

2019-cu ilin dekabrında naməlum şəraitdə ölən müddətli həqiqi hərbi xidmət qulluqçusu Artur Acamyanın anası Göhər Feroyan yeganə oğlunun ölüm səbəbini öyrənmək üçün 9 ay davam edən mübarizədən sonra Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etmək qərarına gəlib.

Ölən əsgərin yaxınları hökumət binasının və parlamentin qarşısında etiraz aksiyası keçiriblər, Ermənistanın baş naziri Nikol Paşinyan və "Mənim Addımım" fraksiyasının deputatı Andranik Köçəryanla görüşüblər.

Paşinyan bildirib ki, obyektiv istintaqın aparılması üçün nə lazımdırsa, edəcək. Lakin iki ay əvvəl belə demirdilər və vəziyyət tamam başqa idi. Göhər Feroyan deputat Andranik Köçəryanın qəbuluna getsə də, Köçəryan onu qəbul etməmişdi, heç telefon zənglərinə belə, cavab vermirdi.

Ölmüş əsgərin anası Göhər Feroyan verdiyi açıqlamada artıq Andranik Köçəryanla görüşmək istəmədiyini deyib:

"Oğlumun nəyə görə öldüyünü söyləmələrini istəyirəm, səbəbini bilmək istəyirəm, oğlum niyə ölüb? Baş nazirin məni qəbul edib-etməyəcəyini, mənimlə görüşüb-görüşməyəcəyini də bilmirəm, amma bunun üçün əlimdən gələni edəcəyəm. Mən başımı itirmişəm, hara gedəcəyimi, nə edəcəyimi bilmirəm. Oğlumun ölümündən doqquz ay keçib, amma ölümün səbəbini hələ də bilmirik”.

G. Feroyanın sözlərinə görə, heç bir aidiyyəti dövlət qurumu onu qəbul etmir, hətta onunla telefonla danışmaqdan da imtina edirlər. “Bu şəkildə davam etsə, yenidən etiraz aksiyası keçirəcəyimi istisna etmirəm, parlamentə və hökumət binasına gedəcəyəm. Məni maraqlandıran yeganə oğlumun müharibədə iştirak etmədiyi, təxribat olmadığı halda niyə ölməsidir” - o deyib.

Ölmüş əsgərin anasının dediyinə görə, hazırda o, pəncərəsi belə olmayan bir otaqlı mənzildə kirayə yaşayır.

“Siçovullarla yaşayıram, qarşıdan qış gəlir, uşağımın şəkillərini götürüb hara gedim, nə edim? Heç olmasa, bir otaq olsaydı, uşağımın şəkillərini yağışdan qoruya bilərdim. Yaşadığım otaq heç otaq da deyil, komadır. Yağış yağacağını biləndə tez oğlumun şəkillərini sellofana bükürəm, üstünü örtürəm, çünki yağış evin içinə yağır. Aidiyyəti qurumların heç biri mənim qapımı açıb soruşmur ki, sağam ya, ölmüşəm? Mənim səhhətimdə, ürəyimdə ciddi problemlər var, lakin mən uşağımın niyə öldüyünü öyrənənə qədər həkimə getməyəcəyəm. Həyatım kimə lazımdır ki? Oğlum yuxumda gəlib deyir ki, ay ana, bunları mənə çavuşlar edib. Mən indi bunu kimə deyim, kimə sübut edim?” - deyə, G. Feroyan bildirib.

Qeyd edək ki, 2019-cu ilin 2 dekabr tarixində səhər saat 06:50 radələrində işğal olunmuş Dağlıq Qarabağ ərazisinin şimal-şərq istiqamətində işğalçı Ermənistan ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu, 1999-cu il təvəllüdlü əsgər Artur İşğani Acamyanın meyiti aşkar olunub. Meyit əsgərin xidmət etdiyi postda tapılıb. Əsgər aldığı güllə yarasından ölüb.

Oxşar xəbərlər