Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
19-09-2020, 08:48
280

Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL

Rusiyanın qonşu Belarusda birgə hərbi təlimlərə başlamasından iki gün sonra - cümə axşamı Ukrayna və ABŞ birgə hərbi təlimlərə başlayıb. ABŞ-ın Kiyevdəki səfirliyinin bildirdiyinə görə, Ukraynanın qərbindəki Yavoriv yaxınlığında keçiriləcək ABŞ ordusunun rəhbərlik etdiyi Rapid Trident təlimlərinə 10 ölkədən təxminən 4000 hərbçi qatılacaq. Təlimlər sülh və sabitlik naminə ABŞ-Ukrayna strateji tərəfdaşlığının gücünü nümayiş etdirir.

Ukrayna prezidenti Vladimir Zelenski təlimlərin açılışı zamanı öz çıxışında müasir, möhkəm təchiz edilmiş və bacarıqlı Ukrayna ordusunun ölkənin sərbəst inkişafının qarantı olduğunu deyib.

Qeyd edək ki, bir neçə həftə öncə Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də Güney Qafqazda keçirildi. Türkiyənin NATO ölkəsi olduğu və ordusunun da NATO-nun ikinci ən güclü ordusu olduğu məlumdur.

O zaman belə hesab etmək olarmı NATO (ABŞ) Rusiyanı Şərqdən və Güneydən təhdid edir? Rusiya həm Ukraynaya iddia edir, hansı ki, bu ölkə NATO-nun Şərqə açılan qapısı sayılır, həm də Güney Qafqazı öz nəzarətində saxlamağa çalışır. Bura da NATO (ABŞ) üçün strateji bölgədir. Həm Gürcüstanın Qara dənizə çıxışı olduğu üçün Güney Qafqaz Amerika üçün olduqca önəmli coğrafi bölgədir, həm də Azərbaycan üzərindən Orta Asiya və Əfqanıstana hava və su koridoru olduğu səbəbilə bu bölgəni əldən vermək istəmir.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya 2008-ci ildə Gürcüstanla müharibə edib separatçı Cənubi Osetiya və Abxaziyanı “tanımaqla”, o cümlədən 2014-cü ildə Krımı ilhaq edib Donbasda separatçı bölgə yaratmaqla bütün qırmızı cizgiləri aşmış oldu.

Buna qədər Rusiya-NATO dialoq formatı var idi. Ancaq Rusiyanın bölgədə aqressiv siyasəti bu formatın sonunu gətirdi və Rusiya NATO üçün tərəfdaşdan rəqibə və düşmənə çevrildi. Ona görə də həm ABŞ, həm də NATO Rusiyaya qonşu olan dövlətlərlə birgə hərbi təlimlərin sayını artırıb: “Bu, təbiidir. NATO-Ukrayna, NATO-Gürcüstan və Türkiyə-Azərbaycan birgə hərbi təlimləri olmasa, Rusiyanın regional iştahası artacaq. Rusiyanı dayandırmağın yolu müttəfiq dövlətlərin və təşkilatların birgə hərbi təlimlərindən keçir. Bunu artıq NATO və ABŞ özləri üçün tam dəqiqləşdiriblər.

Ukrayna Rusiyanın işğalı və təhdidləri ilə üz-üzədir. Rusiya Ukraynaya Donbası nəzarət altına almağa imkan vermir. Ukraynada anlayırlar ki, Rusiyasız Donbas separatçıları duruş gətirə bilməzlər. Ancaq Ukraynada onu da anlayırlar ki, Rusiya ilə mümkün müharibədə qələbə çala bilməzlər. Ona görə də Ukraynanın ABŞ-ın hərbi dəstəyinə ehtiyacı var. Vaşinqton Ukraynanı Rusiyadan qorumağa çalışır və bu məqsədlə həm bu ölkəyə silah satır, həm də birgə hərbi təlimlər keçirir. Bu, Ukrayna üçün çox vacibdir".

Rusiyanın güclə hesablaşdığını qeyd edən politoloq vurğuladı ki, Moskva Ukraynanı dəstəksiz görsə, bu ölkənin yerdə qalanını da işğal etməyə həvəslənəcək. Ancaq Rusiya Ukraynanın arxasında dayanan Amerika ilə bölgədə toqquşmağa risk etməyəcək: “Ukrayna kimi Azərbaycanın da Rusiyadan qorunmağa ehtiyacı var. Ermənistan vaxtilə Rusiyadan aldığı dəstək hesabına torpaqlarımızı işğal edib. Yenə müharibə başlasa Rusiya Ermənistana hərbi dəstəyi əsirgəməyəcək. Rusiyanın Ermənistana tonlarla daşıdığı hərbi yüklər də bundan xəbər verir. Ukraynanı Amerika qoruduğu kimi Türkiyə də Azərbaycanı xarici təhlükələrdən qorumağa qərar verib. Azərbaycanın da Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlərin əsas səbəbi budur. İyulun sonlarından başlayan birgə hərbi təlimlər müxtəlif formalarda bu gün də davam edir. Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalı və bunu məntiqi sonluğa çatdırmalıdır, yəni həm qardaş ölkənin hərbi bazalarının ölkəmizdə formalaşmasına razılıq verilməli, həm də işğala son qoymaq üçün birgə tədbirlər planı üzərində işlənilməlidir”.

Oxşar xəbərlər