“Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür
25-09-2020, 12:42
265

“Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür

Ötən gün ünlü bədii qiraət ustası “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür.
Əminə Yusifqızı (Əminə Yusifqardaş qızı; 24.09.1936, Bakı) – hələ orta məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Aktrisa “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Dublyaj, səsləndirmə sahəsində yadda qalan fəaliyyətləri var.

M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu (indiki Slavyan Universiteti) bitirən (1961) Əminə xanım, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-74) aktrisası olub.

Ə.Yusifqızı 
-Səbirə (“Son məktub”, R.İsmayılov),
-Ülkər (“Söz yarası”, Q.Rəsulov),
-Əliman (“Ana tarla”, Çingiz Aytmatov),
-Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və b. obrazları məharətlə canlandırıb.

1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləmiş Əminə xanım, “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.

Onun ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Bəxtiyar vahabzadənin “Bir salama dəymədi”, Cabir Novruzun “Sən elə bir vaxtda rast gəldin mənə” və başqa görkəmli şairlərin onlarla şeiri böyük salonlarda gurultulu alqışlara səbəb olub, tamaşaçı, dinləyici sevgisi ilə qarşılanıb. Yeni nəsil bədii qiraətçilərin bir çoxunun Əminə xanımdan təsirləndiyi, onun üslubuna müraciət etdiyi məlumdur.

Aktrisa 1982-ci ildə “Əməkdar artist”, 2010-cu ildə “Cəfər Cabbarlı” mükafatı, 2016-cı ildə isə müstəqil Azərbaycan Respublikasının ali “Şöhrət” ordeni ilə təltif edilib.

Hörmətli Xalq artistimizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!

Oxşar xəbərlər