Yoluxmanın kəskin artmasının əsas səbəbi çöldə gəzən koronaviruslu xəstələrdir
5-12-2020, 17:05
209

Yoluxmanın kəskin artmasının əsas səbəbi çöldə gəzən koronaviruslu xəstələrdir

İsmayıllıda koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Şərq"ə verilən məlumata görə, rayon sakini Vüqar Ziliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən küçədə hərəkətdə olarkən aşkarlanan həmin şəxs dərhal yaşadığı ünvana geri göndərilib. Onun barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Son günlər belə halların sayı durmadan artmaqdadır. Koronavirusa yoluxmuş, müalicəsi davam edən vətəndaşlar karantin qaydalarını pozaraq küçəyə, ictimaiyyət arasına çıxırlar və bununla da virusun daha geniş yayılmasına şərait yaradırlar.

Məsələyə münasibət bildirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, bu cür hərəkətlərin qarşısı sərt şəkildə alınmalıdır. Sosioloq vurğulayıb ki, yoluxmanın kəskin artmasının əsas səbəbi elə budur:

"Əlbəttə, əvvəlcə bunun səbəbi aydınlaşdırılmalıdır. Bu adamlar küçədə, ictimai yerlərdə nə gəzirlər? Əgər buna məcburdurlarsa, yəni son zərurət halıdırsa, məsələn, qida və dərman təminatını edəcək kimsə yoxdursa və ya işləməyə məcburdurlarsa, onda bu məsələlərdə onlara kömək edilməlidir. Dövlət orqanları və ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri belə vətəndaşlara yardım etməlidir".

Ekspert əlavə edib ki, avtobuslarda maskasız sərnişinlərə artıq rast gəlinmir:

"Bəlkə də nadir hallarda ola bilər. Buna digər sərnişinlər sərt reaksiya verməlidirlər. Təəssüf ki, ictimai qınaq azdır. Yoluxanların bir çoxunun xəstəxanalara yerləşdirilməməsi də buna şərait yaradır.

Hər şeyi də inzibati tədbirlərlə tənzimləmək olmur, vətəndaş olaraq biz özümüz də məsuliyyətli olmalıyıq, yolxumuşuqsa, bu virusu başqalarına keçirməli deyilik. Ya da məsuliyyətsizlik edib yoluxmamıza və sonra başqalarını da yoluxdurmağa şərait yaratmamalıyıq".

Oxşar xəbərlər