Ərdoğanın Azərbaycan səfəri və tarıma çəkilən erməni-rus əsəbi - NƏ BAŞ VERİR?
4-06-2021, 12:40
252

Ərdoğanın Azərbaycan səfəri və tarıma çəkilən erməni-rus əsəbi - NƏ BAŞ VERİR?

İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclası keçiriləcək.

Qeyd edək ki, iyunun 2-də Prezident Ərdoğanın sədrliyi ilə Türkiyə Dövlət Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Dağlıq Qarabağdakı vəziyyət, o cümlədən atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyəti müzakirə olunub.

Türkiyənin Cənubi Qafqazda strateji maraqlarının artdığını nəzərə alsaq, cənab Ərdoğanın rəsmi səfəri zamanı Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndiriləcəyinə dair yeni razılaşmanın əldə olunacağı istisna edilmir.

Bundan başqa, Türkiyə Prezidentinin Azərbaycanda olduğu müddətdə Şuşaya səfəri də gözlənilir.

Ekspertlərin rəyinə görə, bu sıradan bir səfər olmayacaq və Türkiyənin regiondakı maraqlarını özündə əks etdirəcək. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə olaraq Türkiyə Prezidentinin Şuşaya səfər edəcəksə, bu, ciddi siyasi hadisə hesab olunacaq.

Rəcəb Tayyib Ərdoğan Şuşada olarkən çox güman ki, mühüm siyasi mesajlar verəcək. Bu, Türkiyənin Cənubi Qafqaz strategiyası ilə bağlı yeni mərhələnin başlanması deməkdir.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bögədə artan geosiyasi rəqabət və gərginlik fonunda Türkiyə Azərbaycana öz dəstəyini əsirgəməyəcək:

"Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Eyni zamanda, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatları İrəvan və Moskva tərəfindən həyata keçirilmir. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə əlaqədar sərhəddə yaranmış gərginlik fonunda Türkiyənin Azərbaycana dəstəyi mühüm önəm daşıyır.

Hazırkı böhran müstəvisində Türkiyənin hərbi dəstəyi digər ölkələrin Azərbaycana təzyiqlərini müəyyən qədər neytrallaşdıra bilər. Azərbaycanla Türkiyə arasında əlaqələr yüksək səviyyədə inkişaf edir və hər həftə Ankaradan dövlət vəzifəli şəxslər Bakıya səfər edir. Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı yüksək səviyyəli ikitərəfli əməkdaşlıq sazişinin imzalanması gözlənilir. Bu müqavilələr siyasi, iqtisadi, hərbi-texniki sahələri əhatə edəcək”.

Poitoloq bildirib ki, Azərbaycanın öz ordusunu modernləşdirmək və Türkiyə modeli əsasında qurması üçün rəsmi Ankaranın dəstəyi mühüm rol oynaya bilər:

“Həmçinin, Türkiyə hərbi kontingenti Ağdam şəhərində Rusiya sülhməramlıları ilə birlikdə atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzində iştirak edir. Regiondakı vəziyyət Azərbaycanla Türkiyənin fəaliyyətini koordinasiya etməsini tələb edir. Çünki Rusiya, Fransa, İran Azərbaycana təzyiqlər göstərir. Bu baxımdan, Türkiyə Prezidentinin səfəri mühüm əhəmiyyət daşıyır. Bunu müharibədən sonra Türkiyə ilə Azərbaycan arasında yeni mərhələnin başlanması kimi qiymətləndirmək olar. Düşünürəm ki, Ərdoğanın verəcəyi mesajlar və ikitərəfli sazişlərin imzalanması Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini daha da gücləndirəcək”.

M.Əsədullazadənin fikrincə, sərhədlərin demarkasiyası məsələsində Azərbaycanın Türkiyənin dəstəyinə ehtiyacı var:

“Azərbaycanın geri çəkiləməsi və öz sərhədlərində möhkəmlənməsi Türkiyə ilə əlaqəli işin nəticəsidir”.

Ekspert onu da bildirib ki, Türkiyənin bölgədə geosiyasi fəallığını artırması Azərbaycanda yeni hərbi əməkdaşlıq mərkəzinin açılmasına da səbəb ola bilər. Bu, qabarıq şəkildə büruzə verilməsə də, Türkiyə, görünür, sakit siyasət yürüdür:

“Rusiya, Fransa, ABŞ, İran kimi ölkələrin bölgədə geosiyasi fəallığının artması fonunda Türkiyənin passiv mövqe tutduğunu düşünmək olmaz. Biz Ərdoğanın verdiyi bəyanatlardan da görəcəyik ki, Türkiyə Azərbaycana ciddi dəstək verir. Sadəcə olaraq, sərhəd məsələsində Azərbaycan özü də proseslərin öhdəsindən gələ bilir”.

Oxşar xəbərlər