Avropaya ixrac olunacaq dəri məhsullarımız laboratoriya müayinəsindən keçəcək - FOTO
31-08-2021, 21:45
180

Avropaya ixrac olunacaq dəri məhsullarımız laboratoriya müayinəsindən keçəcək - FOTO

Aİ ölkələrinə ixrac olunacaq işlənmiş dəri məhsulları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında müayinələrə cəlb olunacaq.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb və ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün yerli müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə müvəffəqiyyətlə qəbul edilib.
 Avropa İttifaqı ölkələrinə ixrac olunacaq işlənmiş dəri məhsulları idxalçı ölkələrin tələblərinə və beynəlxalq protokola uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq göstəricilər üzrə müəyyən tezliklərlə müayinə olunacaq.
Mərkəzi Baytarlıq Laboratoriyasına ölkə üzrə gön-dəri emalı və tədarükü ilə məşğul olan  müxtəlif müəssisələrdən ay ərzində 160.000 dən çox nümunə daxil olur. Gön-dəri nümunələrində qarayara xəstəliyinin müayinəsi bakterioloji (əkmə, mikroskopik, bioloji sınaq), molekulyar genetik (PZR) təyini və seroloji (presipitasiya reaksiyası) üsulu ilə həyata keçirilir. Laborator analizlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) "Quruda yaşayan heyvanların diaqnostika təlimatı”na istinad edilərək aparılır. Həmçinin Mərkəzi Baytarlıq Laboratoriyasında quş qripi, quduzluq, botulizm, salmonellyoz, bruselyoz və s. kimi insan sağlamlığı üçün də xüsusi təhlükə yarada biləcək xəstəliklərin vaxtında və düzgün müayinəsi Bio-Rad, Biotek, Multiscan və s. cihazlar vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan Polimeraz Zəncirvari Reaksiya (PZR), İFA (İmmunoferment Analiz), Komplementin Birləşməsi Reaksiyası (KBR), Aqlütinasiya Reaksiyası (AR), müxtəlif boyama üsulları və s. əsasında aparılır.
Qeyd edək ki, AQTİ nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 15 laboratoriya fəaliyyət göstərir. Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər peşə fəaliyyətini uğurla icra edir.
 
 

Oxşar xəbərlər