“Ermənistanı birdəfəlik dünya xəritəsindən silinmə gözləyir” – Ekspert
27-11-2020, 21:31
324

“Ermənistanı birdəfəlik dünya xəritəsindən silinmə gözləyir” – Ekspert

“Ermənistan təkcə hərbi deyil, həm də siyasi və iqtisadi fəlakətə uğrayıb. Əgər Ermənistan revanş, qisas yolunu tutsa, düşünürəm ki, bu ölkəni birdəfəlik dünya xəritəsindən silinmə gözləyir. Ermənistan çökəcək. Ona görə ki, Ermənistandan aktiv əhali axınının olduğunu görürük”.
Bu barədə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
O qeyd edib ki, əgər ermənilər bu qeyri-konstruktiv siyasəti davam etdirsələr, Ermənistanın iqtisadi problemləri daha da güclənəcək:
“Ermənistan mehriban qonşuluq yolunu tutmalıdır. İlk növbədə mövcud siyasi reallığı qəbul etməlidir. Bu reallıq ondan ibarətdir ki, heç bir “böyük Ermənistan” yoxdur və heç vaxt olmayacaq. Bu mifdir. Hitlerin silahdaşı olan Qaregin Njdenin ideologiyası əsasında Ermənistanda qurulan ideologiya bu ölkə və erməni xalqı üçün tarixi dalandır. Əgər Ermənistan özündə güc tapıb bu qisasçılıqdan, Azərbaycana və digər qonşularına qarşı ərazi iddialarından imtina etsə, regionda iqtisadi, siyasi və mədəni əlaqələri bərpa etsə, Azərbaycan və Türkiyə ilə düşmənçiliyə son qoysa, o zaman bu ölkənin uğurlu inkişaf etməyə şansı olacaq. Dünya xəritəsində bütün ölkələr və xalqlar bərabərdir, “eksklüziv xalq” anlayışı yoxdur. Əgər İrəvandakı hakimiyyət elitası tərəfindən tarixi qisasçılıq ideologiyasının həyata keçirilməsi davam etsə, bu, Ermənistana yeni bəlalar və hansısa tarixi perspektivdə mövcud olmamaq gətirəcək. Hesab edirəm ki, Azərbaycan və erməni xalqı birlikdə yaşamalıdır”.
Ekspert deyib ki, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşları kimi Azərbaycanın rifahı naminə yaşayıb yaratmaq imkanına malikdirlər:
“Dəfələrlə Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ ermənilərini Azərbaycan öz vətəndaşları kimi qəbul edir. Dağlıq Qarabağın iki icmasının dinc şəraitdə yaşaması üçün bütün şərait var” dediyini eşitmişik. Biz, Azərbaycan Prezidentinin hərbi əməliyyatlardan, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra Ermənistanla yaxşı münasibətlərin qurulmasında maraqlı olduğu bəyanatını eşitmişik. Bu mənada rəsmi Bakı tərəfindən regionda dayanıqlı və ədalətli sülhün olması üçün real səyləri və istəyi görürük. İrəvan tərəfindən isə cavab reaksiyasını hələ ki müşahidə etmirik. Mənə elə gəlir ki, ermənilər hələ də baş verən dəyişikliyi dərk etməyiblər. Hələ də Ermənistan tərəfindən Dağlıq Qarabağda ermənilərin maraqlarının olması barədə qeyri-konstruktiv iddiaları görürük. Dağlıq Qarabağ Azərbaycandır. Ona görə də, bu regionun inkişafı ilə, orada yaşayan əhalinin maraqlarını müdafiə etməklə artıq Azərbaycan məşğul olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır və nida işarəsi... Bu gün bu reallıqdır. Mənə elə gəlir ki, bu gün Ermənistan dövləti və cəmiyyəti bu reallığı qəbul etməlidir və öz gələcəyini qonşularına qarşı ərazi iddiası olmadan qurmalıdır”. (APA)

Oxşar xəbərlər