“Rusiya sülhməramlıları kimdir ki, onlardan icazə alaq?!“ - deputat
2-12-2020, 16:10
161

“Rusiya sülhməramlıları kimdir ki, onlardan icazə alaq?!“ - deputat

Dağlıq Qarabağdan köçən ermənilərinm Rusiya sülhməramlılarının dəstəyi ilə bölgəyə qayıtması ciddi müzakirələrə səbəb olub. İctimai-siyasi fəallar, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən sosial şəbəkə istifadəçiləri bu prosesin müştərək həyata keçirilməsinin vacibliyini önə sürürlər.

Ümumi qənaət belədir ki, Dağlıq Qarabağda yaşayan ermənilərlə yanaşı regionun azərbaycanlı əhalisi də öz yurdlarına geri qayıtmalıdır. Bu sırada ən çox Xocalı və Xankəndidən olan deputatların adı hallanır. Hər iki bölgəni təmsil edən millət vəkillərinin orada ofis açıb fəaliyyətə başlamaları təklif olunur.

Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırda hər bir məcburi köçkün doğma yurd-yuvasına qayıtmağın həsrətilə yaşayır:

“Torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa olunub. "Dağlıq Qarabağ Muxtar Vilayəti" deyilən qurum 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə ləğv edilib. O tarixdən etibarən Azərbaycan Respublikası ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Bu, ermənilər üçün var. Bizim üçün isə cənub, şimal, qərb bölgələrimiz olduğu kimi Dağlıq Qarabağ da bir bölgədir. Ermənilər işğaldan sonra orada özlərinə cinayətkar, qondarma bir qurum yaradıblar, amma biz oranı inzibati vahid kimi qəbul etmirik. Orada Xocalı, Şuşa, Xocavənd rayonu var. Ağdərə rayonu da var idi, lakin 1992-ci ildə müəyyən səbəblərə görə ləğv elədilər”.

Millət vəkili qeyd edib ki, Xocalı sakinləri oraya qayıtmaq üçün ölkə başçısının göstərişini gözləyir:

“Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və digər azad olunan torpaqlar Azərbaycan Respublikasının ərazisidir, biz də Azərbaycan vətəndaşıyıq. Rusiya sülhməramlıları kimdir ki, biz onlara müraciət edib icazə istəyək, “İcazə verirsənsə, biz Xocalıya gələk, vermirsinizsə, gəlməyək”,-deyək?! O fikirləri səsləndirənlər çox səhv mövqedədirlər. BMT-nin nizamnaməsinə və müvafiq beynəlxalq konvensiyalara əsasən, sülhməramlıların özünəməxsus mandatı var. Mən nəyə görə başqa bir dövlətin hansısa qurumundan Xocalıya getməyimə şərait yaratmaları üçün icazə almalıyam?! Bizə icazəni də, göstərişi də öz dövlət başçımız verəcək. Orada yaşayış üçün şərait yaradılan zaman Füzuli, Cəbrayıl və digər işğaldan azad olunan rayonlarımızın sakinləri kimi biz də öz evimizə qayıdacağıq”.

Həmsöhbətimiz vurğulayıb ki, Qarabağa qayıtmaq üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir:

“İlkin şərtlər var və bu şərtlər bütün işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulur. Müəyyən təhlükəsizlik tədbirləri görülməlidir. Artıq bu tədbirlərin tətbiqinə başlanıb. Yol, nəqliyyat məsələsi öz həllini tapacaq, infrastruktur qurulacaq. Yəni yaşayış üçün lazım olan məsələlər yerinə yetiriləcək və bundan sonra müvafiq qrafik üzrə dövlətin tapşırığına uyğun olaraq biz torpağımıza qayıdacağıq. Biz bunun üçün hər hansısa kənar qüvvədən icazə almayacağıq. Qayıdış olandan sonra orada bütün müvafiq strukturların fəaliyyəti başlayacaq, idarələri olacaq, bu zaman yəqin ki, bizə də bir otaq verib, “Bura da sizin fəaliyyət yerinizdir. Seçicilərinizlə burada görüşüb iş apara bilərsiniz”,-deyəcəklər.

Oxşar xəbərlər