Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
23-10-2019, 10:00
10 529

Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri

Ankaranın Suriyanın şimalının terrorçulardan təmizlənməsi və təhlükəsizlik zonasının yaradılması üçün Fərat çayının şərqində PKK/YPG və İŞID terror təşkilatlarına qarşı başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatına Qərb dünyası ciddi reaksiya verdi. ABŞ və Avropa Türkiyədə terrorun qurbanları barədə bir kəlmə belə kəsmədən terrorçuların müxtəlif uydurmalarına "inandıqlarını" nümayiş etdirdilər. Çünki, əslində, bu oyunları ssenariləşdirən özləridir. Türkiyənin başladığı hərbi əməliyyat bu faktı ortaya çıxardı. Artıq tam aydındır ki, özlərini demokratiyanın beşiyi, bayraqdarı kimi qələmə verənlər, insan haqlarında dəm vuranlar böyük ədalətsizlik, haqsızlıq və ikili standart içindədirlər. Əslində, biz bunları Qərbin Dağlıq Qarabağla bağlı tutduğu mövqedən bilirdik. Sadəcə, daha geniş miqyasda bir daha bunun şahidi olduq. Buradan bizim üçün çox vacib olan bir nəticə də alınır. Belə görünür ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllini böyük dövlətlər qəsdən ona görə uzadırlar ki, Yaxın Şərqdə məqsədlərinə çatandan sonra Azərbaycana işğal faktını qəbul etdirib, Ermənistanın xeyrinə məsələni həll etsinlər. Lakin Türkiyə bu məsələdə həmin dövlətlərin məkrli planlarını pozdu. Bu isə qlobal geosiyasətdə yeni bir mərhələnin başlaması deməkdir. Bu kontekstdə "Sülh çeşməsi" hərəkatının geosiyasi aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.
Ankaranı qətiyyəti: gizli planların pozulması
Türkiyənin "Sülh çeşməsi" əməliyyatına başlaması qlobal miqyasda qüvvələr nisbətini dəyişməyə başlayıb. Dünyanın bütün böyük geosiyasi gücləri bu hadisəyə münasibət bildirməkdə davam edir. ABŞ, Rusiya, Çin, İran, Avropa İttifaqı və Yaxın Şərqin böyük dövlətləri türk ordusunun əməliyyatının ciddi nəticələrinin olacağını ifadə edirlər. Real olaraq hansı prosesin getdiyinin aydın təsəvvür etmək üçün detallara diqqət edək.
Türkiyə bir neçə ildir ki, həm Qərbə, həm də Rusiya və İrana anlatmağa çalışır ki, Suriyanın şimalında terrora qarşı ortaq mübarizə aparmaq lazımdır. Bunun üçün İŞİD, PKK/YPG/PYD (və ya SDG) arasında fərq qoyulmamalıdır. Əgər İŞİD-ə qarşı ABŞ, Avropa, Rusiya və İran eyni mövqedədirlərsə, onda PKK-ya da eyni münasibət olmalıdır. Çünki söhbət, ümumiyyətlə, terrordan getməlidir, "mənim terrorçum yaxşı, sənin terrorçun pisdir" ayrı-seçkiliyi olmamalıdır. Lakin böyük güclərin heç biri Ankaranı anlamaq və obyektiv olmaq istəmədilər. Əksinə, özlərinə lazım olanda İŞİD-ə qarşı çox sərt davrandılar. PKK Türkiyəyə qarşı terror törədəndə isə ancaq sözdə təəssüfləndiklərini bildirib, arxa planda hərəsinin gücü nəyə çatır terrorçulara yardım etdilər.
Sonuncu fikri Donald Tramp faktiki olaraq açıq ifadə etdi. O etiraf etdi ki, PKK ilə müttəfiq olublar və bu terror təşkilatı İŞİD-dən də pisdir. Açığı, böyük güclər içərisində bu məqamda ən səmimi D.Tramp görünür. Nə Fransa, nə Almaniya, nə də Böyük Britaniya rəhbərləri bu dərəcədə açıq və konkret mövqe ortaya qoymadılar. Səbəb aydındır: onların heç biri güclü Türkiyənin olmasını siyasətin dərin qarlarında arzulamırlar. O dərəcədə qəribədir ki, Türkiyə adi həqiqətləri belə onlara güclə qəbul etdirə bilir. Guya bilmirlər, xəbərləri yoxdur və s. Reallıqda isə bu və ya digər aspektlərdə PKK terroru özlərinin stimullaşdırdığı olaydır.
Burada iki mühüm məqamı vurğulamaq lazımdır. Birincisi, PKK-nı sırf kürd xalqının boynuna atırlar ki, bu da tamamilə yalandır. Bəli, o təşkilatda kürdlər çoxluq təşkil edir. Lakin onları kürd xalqı deyil, yuxarıda sadalanan böyük güclər meydana atıblar. Bu səbəbdəndir ki, PKK-nın tərkibində müxtəlif xalqların nümayəndələri terror aktları törədirlər. Bu baxımdan hədəf qətiyyən kürd xalqı ola bilməz. Ümumiyyətlə, burada etnik mənsubluq ən son nəzərə alınan faktor olmalıdır. Söhbət dünyanın böyük güclərinin müsəlman dövlətçiliyinə və İslam dininə qulluq edən xalqlara qarşı yeritdiyi məkrli siyasətdən gedir. Onlar həm müsəlman dövlətçiliyini zəiflətmək və özlərinə tabe etmək, həm də İslama etiqad edən xalqlar arasında nifaq salmaq istəyirlər ki, müsəlmanlar heç zaman əsl düşmənin kimlər olduğunu ayırd edə bilməsinlər.
İkincisi, "Sülh çeşməsi" məhz bu hiyləgər planı, düşüncəni, ikiüzlü siyasəti darmadağın etdi. Sözün həqiqi mənasında bunu Türkiyə bacardı. Bütün dünya gördü ki, ABŞ və Avropa nə dərəcədə terrorçulara arxa durdu. Bunu Avropada bir sıra siyasətçilər də etiraf etdilər. Məsələn, Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel alman televiziyalarından birinə verdiyi müsahibədə Türkiyənin tam haqlı olduğunu və Avropanın PKK-nı dəstəkləməsinin strateji səhv olduğunu vurğulayıb. Macarıstanın baş naziri də Ankaraya haqq qazandırıb. Bolqarıstanın baş naziri eyni mövqedədir. D.Tramp da bir sıra sapıntıları nəzərə almasaq, Türkiyənin haqlı olduğunu ifadə edir. O, hətta demokrat Nensi Pelosini Türkiyə məsələsinin müzakirəsi zamanı əks mövqe tutduğuna görə "səriştəsiz" adlandırmışdı. Lakin Vaşinqtonun da Suriya ilə bağlı öz planlarının olduğu şübhəsizdir, yəni Tramp ədalət aşiqi deyil.
Bununla yanaşı, Fransanın prosesləri çaşqınlıq, qorxu və tərəddüdlü mövqe tutaraq izləməsi maraqlı göründü. Emmanuel Makron əvvəlcə çox sərt antitürkiyə mövqeyi tutdu. Aİ-də müzakirələrdən sonra NATO-nun maraqlarından danışmağa başladı və Rəcəb Tayyib Ərdoğanla Almaniya və Böyük Britaniya rəhbərləri ilə birgə görüşmək niyyətlərinin olduğunu ifadə etdi. Bu kontekstdə E.Makron Qərb və NATO-nun yanlış mövqedə olduğunu ayrıca qeyd etdi. Deməli, "Sülh çeşməsi" Avropanı öncə hirsləndirdi, sonra isə Türkiyə Prezidentinin ayağına gətirdi.
Qlobal geosiyasət: qüvvələrin yeni nisbətinə doğru
Rusiya rəhbərliyinin də davranışı bir qədər müəmmalıdır. Türkiyə ilə Suriya məsələsini ortaq çözməkdən danışan Kreml Kobani və Münbicdə Bəşər Əsədlə PYD-nin bir yerdə olmasına göz yumdu. Dəməşq hətta ona güllə atan terrorçularla Türkiyəyə qarşı birləşməkdən çəkinməyən kimi görünür. Əgər bu həqiqət olsa, regionda savaşın daha da böyüyəcəyinə şübhə yoxdur. Çünki Türkiyə üçün bu savaş azadlıq mücadiləsidir. Türkiyə Yaxın Şərqin yeganə dövlətidir ki, terror qruplarından istifadə edərək müsəlman ölkələrini qarışdıran bütün dairələrin planlarını alt-üst etdi. Onlar anladılar ki, terror qrupları yaratmaqla heç də həmişə öz məkrli planlarını həyata keçirə bilməzlər. Bu, tarixi bir qələbədir.
İranın mövqeyi bir qədər düşündürücü oldu. Tehran sözdə Türkiyənin qayğılarını anladığını bəyan etsə də, PKK-nın etiraz aksiyalarına göz yumdu, sadə türklərin etirazına isə sərt reaksiya verdi. Hətta "Traktor" futbol klubunun bir oyunçusu öz Tvitter səhifəsində türk bayrağı göstərdiyinə görə həm klub rəhbərliyi, həm də radikal İran millətçiləri tərəfindən sıxışdırıldı. Şübhəsiz, türklər bu kimi şeyləri unutmurlar. Və Ankara da Tehrana mesaj göndərdi ki, ABŞ-ın sanksiyaları ilə Türkiyənin tutduğu mövqeyi unutmasalar faydalı olar.
Bütün bunların fonunda Amerika ilə Türkiyənin Suriyada təhlükəsizlik zonası yaratmaqla bağlı razılığa gəlmələri digər böyük güclərə güllə kimi dəydi. Ankara o dərəcədə təmkinli və dəqiq davrandı ki, Mövlud Çavuşoğlunun təbirincə desək, "bir güllə ilə 10 dovşan vurdu". İndi demək olar ki, böyük güclərin hamısının dövlət başçıları R.T.Ərdoğnala görüşməyə növbəyə dayanıblar. V.Putin, E.Makron, B.Conson, A.Merkel, D.Tramp və sonra kimin olacağını zaman göstərəcək. Cəmi bir ay bundan öncə Türkiyəyə barmaqarası baxan bu liderlər niyə həyəcanlandılar və R.T.Ərdoğanla (onu zaman-zaman "antidemokrat", "diktator" "qaniçən" və s. kimi yarlıqların yağışına tutmuşdular) görüşə tələsdilər?
Bunun səbəbini Türkiyə Prezidentinin özü açıqlayıb. R.T.Ərdoğan deyib ki, artıq qlobal geosiyasi mənzərə yeni dinamikaya keçir. "Sülh çeşməsi" öz gücü və məqsədi ilə bir sıra özündənrazı dairələrin planlarını ox kimi dəldi. Heç bir hədə-qorxu, təhrik, sanksiya Ankaranı yolundan döndərə bilmədi. İndi Türkiyə Prezidenti beynəlxalq konfransda "Yeni dünya nizamının yaranması" mövzusunda konseptual çıxışını edir (biz, oktyabrın 21-22-də İstanbulda keçirilən "TRT World Forum 2019"u nəzərdə tuturuq. Forumun ana mövzusu "Qloballaşmanın böhranı: risklər və fürsətlər" adlanır).
Əlbəttə, Yaxın Şərqdə suların durulması uzun sürəcək. Orada ortaya hələ çox tələlər atacaqlar. Terror vasitəsilə Yaxın Şərqi idarə etməyə, yəni, dəqiq desək, xaos məkanına çevirməyə cəhd göstərənlər niyyətlərindən asan əl çəkməyəcəklər. Ancaq bütün bunların fonunda aydın oldu ki, antitürkiyə mahiyyətli terror dövləti yaratmaq və Yaxın Şərqin geosiyasi mənzərəsini, dövlətlərin sərhədlərini dəyişmək planı iflasa uğradı. Bu planı Ankara pozdu və demək olar ki, Avrasiya məkanında bütün ölkələr üçün yeni imkanlar yaratdı. Ekspertlər hesab edirlər ki, Türkiyə uduzsa, növbə İranın, sonra Rusiyanın və sonucda Çinindir. Yəni bu ölkələrin də parçalanma təhlükəsi mövcuddur.
Beləliklə, Yaxın Şərqdə yeni geosiyasi dönəm meydana gəlir. Burada böyük güclərin mübarizəsi növbəti mərhələyə qədəm qoyub. Bu mərhələdə savaş da, toqquşmalar da, ziddiyyətli addımlar da özünü göstərəcək. Ancaq meydanda artıq bir ədalətli və güclü müsəlman dövləti də var. Bəlkə də bütün İslam dünyasının taleyi indi onun əldə edə biləcəyi uğurlardan asılıdır. Bizim üçün əsas odur ki, dünyada Ədalət, Beynəlxalq hüquq, Sülh və İnkişaf qalib gəlsin! Belə olsa, bütün dünya xalqları qazanar!

Oxşar xəbərlər