Qulinin varisi olan qardaşı: - kompromisə meylli, amma..
4-09-2020, 11:36
318

Qulinin varisi olan qardaşı: - kompromisə meylli, amma..

Avqustun 19-da Antalyada qətlə yetirilən “qanuni oğru” Quli Bakinski ləqəbli Nadir Səlifovun nəzarət etdiyi biznes sahələrin uğrunda mübarizə başlaması haqda iddialar səngimir. Xüsusilə Rusiya mediası bu “bölünmə” məsələsinə dair hər gün yeni iddalarla çıxış edir. Son olaraq “Kommersant” qəzeti iddia edib ki, “qanuni oğru” Vaqif Süleymanov (Diplomat Vaqif) Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.

Kriminal avtoritet Cavid Məmmədovun (Dato Ağcabədinski) isə taksi sürücülərini və pərakəndə satış nöqtələrini ələ keçirəcəyi güman olunur. Sankt-Peterburqdakı “Sofiya” topdansatış bazasına isə Qulinin düşmənlərindən biri, bu yaxınlarda azadlığa buraxılan Əli Heydərovun (Albert Rıjiy) nəzarət edəcəyi deyilir.

Qulinin kriminal aləmdə yüksəlişinin başlandığı Yekaterinburqdakı meyvə-tərəvəz biznesinə isə azərbaycanlı-talış avtoritetlər iddia edirlər. Qeyd olunur ki, Qulinin adamları təkcə biznesmenlərə deyil, həm də Rusiyanın iri şəhərlərində topdansatış ərzaq tədarükünün xeyli hissəsinə nəzarət edirmiş.

Bu mövzuda ötən yazılarımızda da qeyd etmişdik ki, Qulinin imperiyasının kimlərsə tərəfindən bölünməsi, hətta düşmənlərinin nəzarətinə keçəcəyi barədə danışmaq tezdir. Çünki Qulinin biznes imperiyasını illərdir ki, onun qardaşı-2013-cü ilin avqustunda “qanuni oğru” statusu almış Namik Bakinski kimi tanınan Namik Səlifov yönəldir.

Musavat.com bildirir ki, Namik Səlifov 1996-cı ildə qardaşı Nadirlə Bakı şəhərində yerləşən və Bayıl həbsxanası adlandırılan SİZO-1 divarlarının arasına düşüb. Həmin ilin fevralında qardaşlar Şüvəlan SİZO-3-ə köçürülüb, lakin orada uzun müddət qalmayıblar və 1996-cı il fevralın son günlərində Bakıdakı İTK-1-ə gətiriliblər və haqlarında hökm elan olunan günə qədər orada qalıblar.

Səlifovlar bir sıra cinayətlərdə ittiham olunurdular. Nadir və Namik 1996-cı ilin noyabrında Azərbaycan Ali Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Namik 2001-ci ilin aprelində vaxtından əvvəl azadlığa buraxılıb.

2013-cü ildə Türkiyədə (bir iddiaya görə isə İspaniyada) “taclandırılan” Namik Səlifovun Quli həbsdə olarkən onun kriminal aləmdə mövqeyinin möhkəmlənməsində rolu olub. Namiklə bərabər Lyoxa İrkutskiy, Beso Rustavskiy ləqəbli kriminallara da “qanuni oğru” statusu verilmişdi.

Məlumdur ki, Şakro Molodoy (Zaxari Kalaşov) İspaniyada həbsdən çıxdıqdan sonra “oğru” sıralarında təmizlənməyə başlamışdı. Bildirilirdi ki, Şakronun o vaxt Qulinin qardaşı ilə bağlı da hökm vermək niyyəti olub. O zamanlar Rusiya mediası iddia edirdi ki, Şakro Molodoyun təşəbbüsü ilə Lotu Qulinin uzun illərdir Türkiyədə yaşayan kiçik qardaşının “qanuni oğru” statusunun alınması ilə bağlı “sxodka” keçirilib. Amma sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb və Namik Bakinski Səlifovun statusuna toxunulmayıb.

Bu ilin fevralında da Namik Bakinskinin adı yenidən qardaşı ilə birgə gündəmə gəlmiş, Quli ilə bərabər onun da qonşu ölkədə həbs edildiyi barədə informasiya yayılmışdı. Amma sonradan bildirilirdi ki, Quli Türkiyədə deyil, uzun illərdir bu ölkədə yaşayan Namik Səlifovla bağlı isə heç bir problem yoxdur.

Onun Qulinin varisi olacağı haqda xəbərlərdən sonra Namik Səlifovun “vor” titulundan məhrum edilməsinə dair bu günlərdə KİV-lərə ötürülən “proqon”un saxta olduğu üzə çıxıb. Bu haqda “primecrime” agentliyi bildirir. İddia edilir ki, həmin “proqon”un altında imzası olan “vor”ların nə hamısı birlikdə, nə də ayrı-ayrılıqda N.Səlifovun tituldan məhrum edilməsinə dair həbsxanalara “proqon” göndərməyiblər.

Xatırladaq ki, həmin “proqon”un altında “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov başda olmaqla, bir sıra “qanuni oğruların” adları yer almışdı. Lakin virtualaz.org dəqiqləşdirmişdi ki, həmin “proqon” bir il əvvəl olub və daha sonra “qüvvəsini itirib”. Namiq Səlifovun “Lotu Quli”nin kriminal imperiyasının başına keçdiyi haqda xəbərlərdən sonra bu “sənəd” ortaya atılıb.

İndiyədək Qulinin yüksək avtoritetini qəbul edərək Namik onun kölgəsində qalmağa məhkum idi. O, hələ 16 yaşında Quliyə atəş açan şəxsə tapançanın darağını boşaltmaqla böyük qardaşının hörmətini qazanıb. Bildirilir ki, Qulinin azadlığa çıxmasında da qardaşının xidmətləri olmuşdu. Amma o, “vor” statusu alandan sonra bəzi məsələlərdə qardaşından fərqli mövqe ortaya qoyub. Namik qardaşına nisbətən kompromisə meyillidir.Cinayət aləmi isə həmişə kopromisə meylliləri sevmir...

Oxşar xəbərlər