Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun
18-07-2020, 00:30
595

Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun

Vətənimiz, xalqımız növbəti dəfə ağır bir sınaq qarşısındadır. Bir tərəfdən ölkəmizdə pandemiya davam edir, digər tərəfdən isə ermənilərin növbəti təxribatı ilə üzləşmişik. Bu günlərdə işğalçı Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində irimiqyaslı hərbi təxribat törətməsi, ordumuzun mövqelərinə iri silahlarla hücum etməsi, yaşayış məntəqələrini artilleriya atəşinə tutması, döyüş əməliyyatları zamanı əsgər və zabitlərimizin şəhid olması, dinc sakinlərin yaralanması və hətta onlardan bir nəfərin həlak olması xalqımızı dərindən sarsıtmışdır. Bu millətin bir parçası olaraq, uzun illər Orduda xidmət göstərmiş təqaüddə olan bir zabit kimi igid oğullarımızı itirdiyimiz üçün nə qədər kədərlənsəm də, Ordumuzun göstərdiyi şücaətə görə bir o qədər qürrələnirəm. Bir hərbçi kimi Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün hər cür imkanlara sahib olması ilə bağlı qəlbimdə heç vaxt azca qədər də şübhə olmayıb. Tam əminliklə deyə bilərəm ki, istər texniki, istər maliyyə, istərsə də kadr baxımından Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrində qat-qat güclüdür. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatlar keçirilən təntənəli hərbi paradlarda görüblər. Uzun illərdir ki, Silahlı Qüvvələrin bütün növlərinin cəlb olunması ilə yüzlərlə döyüş atışlı genişmiqyaslı səhra, taktiki və müxtəlif səviyyəli təlim və məşqlər keçirilir. Bundan əlavə, NATO formatında və ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində Ordumuzun şəxsi heyəti beynəlxalq səviyyəli təlimlər və müxtəlif tədbirlərə qatılır.
Təbii ki, Müdafiə Nazirliyində aparılan islahatlar təqdirəlayiqdir, ancaq daha yaxşı olardı ki, onlar işlərinə daha diqqətlə və belə çətin vəziyyətdə düşmənə qarşı daha sərt yanaşsınlar. Buna bu gün çox böyük ehtiyac var. 
Azərbaycanın səfərbərlik ehtiyatı, xalqımızın qələbə qazanmaq əzmi barədə isə nəsə deməyə ehtiyac yoxdur. Çünki iki gün əvvəl biz xalqımızın öz Vətəninin azadlığı uğrunda necə bir araya gəldiyinin şahidi olduq. Şəhərin müxtəlif yerlərindən Şəhidlər Xiyabanına doğru irəliləyən xalq dövləti, Ali Baş Komandanı dəstəklədiyini, torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə hazır olduğunu bəyan etdi. Xarici havadarların diktəsi ilə yürüşdə təxribat yaratmağa cəhd edən, lakin həmvətənlərimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan polis əməkdaşlarının müdaxiləsi ilə istəkləri yenə də ürəklərində qalan bəzi pisniyyətli qüvvələr isə böyük Azərbaycan xalqının yanında çox cılız və aciz görünürdü. Xalq yenə də öz dövlətinin, Ali Baş Komandanının yanında oldu. Həmvətənlərimiz bir daha göstərdi ki, xalqımızın sarsılmaz iradəsi ermənilərə öz mənfur niyyətlərinə çatmağa imkan verməyəcəkdir. Bu gün kiçikdən böyüyə kimi hər kəs səfərbərlik elan olunacağı və əlinə silah götürüb düşməndən şəhidlərimizin qisasını alacağı anı səbirsizliklə gözləyir. Amma dövlət başçımız da qeyd etdiyi kimi, hələ ki səfərbərliyə ehtiyac yoxdur. Azərbaycan Ordusu mövcud potensialı bu gün düşmənlə mübarizə aparmağa yetərlidir. Ordumuzda kifayət qədər döyüş təcrübəsinə, hərbi biliklərə sahib vətənpərvər oğullarımız var. Bu gün Ordumuzun başında Müdafiə nazirini müavini general-leytenant Kərim Vəliyev kimi öz işinin peşəkarı olan təcrübəli hərbçilərimiz var, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Polad kimi neçə-neçə generallarımız var. Ordumuzda xidmət edən savadlı, bacarıqlı, peşəkar komandir heyətinin köməyi sayəsində şəxsi heyət gündən-günə döyüş hazırlığını artıraraq qalibiyyətə doğru addımlayır. Məhz bunun nəticəsidir ki, hazırda Ordumuz qarşı tərəfə layiqli cavabını verir, düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir. Düşməndən fərqli olaraq bizim zabitlərimizin əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, qələbə itkisiz qazanılmır. Mən bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyirəm. Tam əminliklə deyirəm ki, onların qanı yerdə qalmayacaq. Bu gün artıq bütün dünya Ermənistanı faşist ölkə kimi tanıyır. Düşmən Təxtibatından az sonra qardaş Türkiyə, Ukrayna, Pakistan, Moldova, Kolumbiya, İtaliya və digərləri bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı prinsipini müdafiə etdi. Ermənistana isə nə bir ciddi ölkə, nə də bir beynəlxalq təşkilat dəstək vermədi. Bütün sadaladığım faktlar onu göstərir ki, Azərbaycan Ermənistana təkcə döyüş meydanında deyil, həm də beynəlxalq aləmdə də ciddi zərbələr vurub. Cənab Prezident İlham Əliyevin hücum diplomatiyası sayəsində ölkəmiz haqqında həqiqətlər artıq dünyaya bəllidir, işğalçı Ermənistanın yalanlarına və hiylələrinə beynəlxalq aləmdə artıq heç kim inanmır. Azərbaycan bütün imkanlardan istifadə edib, düşmənə yenidən öz yerini göstərəcək. Ölkəmizin keşiyində duran və dövlət sərhəddini qoruyan hərbçilərimizin vətənpərvərlik hissi ən yüksək səviyyədədir və xalq olaraq biz bütün qəlbimizlə onlarla birlikdəyik. Sevinirəm ki, bu gün minlərlə Azərbaycan gənci öz Vətənini qorumaq əzmini nümayiş etdirərək könüllü olaraq aidiyyəti qurumlarda qeydiyyatdan keçir. Bu artıq bizim qələbəmizdir. Allah Vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun!

Ehtiyyatda olan Polkovnik Rövşən Məhərrəmov

Oxşar xəbərlər