Dələduzluq cinayətinə təhrik edən niyə aşkara çıxarılmır?
26-07-2021, 16:11
146

Dələduzluq cinayətinə təhrik edən niyə aşkara çıxarılmır?

Ölkədə, xüsusilə, Bakı şəhərində fəaliyyət göstərən Daşınmaz Əmlak Agentliklərində  aparılan alqı -satqı proseslərində  insanların aldadılaraq əmlaklarının və pullarının dələduzluq yolu ilə mənimsənilməsi barədə çoxlu sayda faktlar vardır. Həmin agentlikləri idarə edənlərin əksəriyyəti yüksək vəzifəli məmurların himayəsinə sığınıblar. Daşınmaz əmlak mübahisələri  zəminində həyata keçirilən  cinayət xarakterli əməl və hərəkətlərə görə adətən sıravi işçilər müxtəlif  cəzalara məruz qalır, cinayət prosesini idarə edənlər növbəti qurbanlarını axtarırlar. Daşınmaz Əmlak Agentliklərində çalışan işçilərin çoxu işəmuzd çalışırlar. Onların rəsmi qeydiyyatı aparılmır, adlarına sosial sığorta və vergi üçün pul köçürülmür. Buna görə agentliklərin sahibləri  aidiyyatı dövlət qurumlarının rəsmilərinə haqq - hesab verirlər. Xoşagəlməz hadisələr zamanı məsuliyyətə cəlb olunanlar sıradan bir zavallı "makler" kimi çıxdaş edilir. Bakı şəhər sakini Ağayeva Zenfira İbrahim qızı "Gündəlik Bakı"ya müraciət edərək oğlu Musazadə Ramil Ağaddin oğlunun Xətai rayon Məhkəməsinin 18 yanvar 2021 -ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,  320.1 və 320.2 maddələri ilə dələduzluq əməli törətməkdə təqsirli bilinırək barəsində həbs - qətimkan tədbiri seçilməsi və cinayət işinə hal -hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması haqqında məlumat vermişdir. Zenfira Ağayeva həm də oğlunun  barəsində  həbs- qətimkan tədbiri  seçilməsiylə bağlı Xətai rayon  Məhkəməsinin Qərarının  və Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqın  İttiham Aktının surətini  də redaksiyamıza  təqdim etmişdir. Zenfira Ağayeva bildirir ki, oğlum Ramil Musazadə 2020- ci ilin sentyabr- oktyabr aylarında Xətai rayonu ərazisində yerləşən  "Zamin Əmlak" Daşınmaz Əmlak Agentliyinin direktoru Oqtay Zərbəliyevin təhriki ilə  Xətai rayonu H.Salmani küçəsi 3 saylı evin 12 - ci mənzilinin saxta çıxarışını əldə etmişdir.  "Oqtay Zərbəliyev oğlum  Ramil Musazadə ilə tanış olmamışdan əvvəl Bakı şəhər sakini mərhum Həbibzadə Sucaət Şami oğlundan 91.000 manat pul alaraq ona Xətai rayonu ərazisində ipoteka yolu ilə 4 otaqlı mənzil alacağına söz vermişdir. Lakin öhtəliyini icra edə bilməmişdir. Sucaət Həbibzadə isə verdiyi pulun qaytarılmasını, ya da uyğun mənzilin tapılmasını tələb edib. Mərhumun həyat yoldaşı Həbibova Rəna Rəşid qızı  buna şahiddir. Təsadüfən Ramillə tanış olan Oqtay Zərbəliyev ona təklif edir ki, Sucaət üçün 4 otaqlı mənzil tapılmasına kömək etsin. Ondan aldığı pulu qaytara bilmir. Bir az vaxt lazımdır. Ramil kirayədə yaşadığı 4 otaqlı mənzili Oqtaya təklif edib və qarşılıqlı razılaşmaya görə mənzilə saxta çıxarış əldə etmək üçün Oqtay ona 36.000 manat pul verib. Ramil öz həyat yoldaşının adına  mənzilə saxta çıxarış alıb. Həmin çıxarışa əsasən notariusda alqı -satqı etmək istəsə də proses icra olunmayıb. Agentliyin əməkdaşı Ramin Nağdəliyev guya  şübhələndiyinə görə müqavilənin imzalanmasına mane olmuşdur. Əslində isə Ramin Oqtayın öz adamıdır və onun göstərişini icra edərək DİN- nin Məlumat Mərkəzinə saxta çıxarışla mənzil alqı - satqısı barədə xəbər verib". " Zenfira Ağayeva eyni zamanda bildirir ki, oğlu Ramil mərhum Sucaət Həbibzadədən mənzilə görə pul almayıb. Mərhumun arvadı Rəna Həbibova da istintaqda  Ramilin  əleyhinə ifadə verməyib. Əksinə , Rəna Həbibova Oqtay Zərbəliyevə ipoteka yolu ilə 4 otaqlı mənzil almaqdan ötrü 91.000 manat pul verdiklərini göstərib. Lakin istintaqı aparan müstəntiq polis mayoru Ruslan Sadıqov onların arasında üzləşmə aparmayıb.  Mərhum Sucaət Həbibzadənin 1 mart 2021 -ci ildə vəfat etməsindən sonra tərtib etdiyi saxta  izahatlara  istinad edərək oğlumu ağır cinayət törətməkdə təqsirli bilib".   Zenfira  Ağayeva həm də deyir ki,  " Oqtay  Zərbəliyev özü də Sucaətin  ona deyil, Agentliyə  91.000 manat pul verdiyini  etiraf edib. Lakin, istintaqda müstəntiq əsassız olaraq oğlumun guya mərhum Sucaətdən 61.000 manat pul almasını dolayı yollarla sübuta yetirmək istəyib. Halbuki, mənzil mərhumun arvadı Rəna Həbibovanın adına sənədləşməliydi. O isə baş verən proseslər barədə ətraflı məlumata malikdir və  istintaqa verdiyi izahatda bu xususatları  təsdiq etmir".
Zenfira  Ağayeva qeyd etdi ki, Oqtay Zərbəliyevi Xətai rayon Prokuroru  Sərdar İmanov himayə edir. Hətta, müstəntiq Ruslan Sadıqov oğlunun vəkilinin yanında ona deyib ki, Oqtay Zərbəliyevi Xətai rayon Prokuroru Sərdar İmanov müdafiə edir. Onun qarşısında gücsüzdür. Görünür ki, məhz bu səbəbdən Ramil cinayət işinin ağırlığını öz üzərinə götürməyə məcbur edilir. 
Zenfira Ağayeva xahiş etdi  ki , mətbuat işçiləri  27 iyul 2021 ci ildə  saat 14 -da  Bakı Ağır Cinayətlər Məhkəməsində  oğlu  Ramil Musazadənin cinayət işiylə bağlı keçiriləcək  məhkəmə prosesində iştirak etsinlər.
P.S. Şikayətçi Zenfira Ağayevanın oğlu Ramil Musazadənin cinayət işiylə bağlı təqdim etdiyi sənədlərə əsasən  araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də  mövqeyini dərc etməyə hazırıq.
 "Gündəlik Bakı" - nin araşdırma qrupu.

Oxşar xəbərlər