“Ziyanın qoçuları” getdi, BNA gəldi…nə dəyişdi ? - BNA niyə hər il ziyanla işləyir ..?
26-01-2022, 15:47
7 105

“Ziyanın qoçuları” getdi, BNA gəldi…nə dəyişdi ? - BNA niyə hər il ziyanla işləyir ..?

Bəs, yerüstü parklama yerlərindən  hər gün təxminən  yığılan 500  min manat kimin cibinə gedir? 


Biz  “Gündəlik-Bakı” olaraq, hələ Ziya Məmmədov nəqliyyat naziri olanda, “Ziyanın qoçuları”  sürücülərin başına oyun açanda, hətta sürücünü döyüb infakt edəndə...yazmışdıq ki, bu yolla paytaxt Bakının nəqliyyat sistemini tənzimləmək olmaz. 
Hətta ilk dəfə mətbuata Nəqliyyatın İntellektual İdarəediləməsi məsələsini də biz gətirmişik. 
Və yazmışıq ki, böyük şəhərlərdə nəqliyyatı ancaq intellektual yolla idarə etmək olar, sayı milyonlarla olan avtomobillərin axını öyrənilməli, tıxaclar aradan qaldırılmalıdır. 
Təəssüf ki, bizim təkliflərimiz Nəqliyyat Nazirliyi və Ziya Məmmədov tərəfindən  düzgün qiymətləndirilmədi. 
Belə ki, Nəqliyyatın İntellektual Mərkəzi yaradılsa da dövlətin yüz milyonları xərcləndi, daha doğrusu, mənimsənildi, amma vəziyyət dəyişmədi. Yalandan avtobus dayanacaqlarında elektron tablo quraşdırıldı və milyonlar silindi. 
Bəli, Ziya Məmmədov və onun dəstəsindən çox ağır miras qalıb. 
Söz düşəndə də deyirlər ki, dünyanın böyük şəhərlərində “probka” var. 
Birincisi, gözəl Bakımız  dünyanın böyük şəhəri, meqapolisi deyil, dünyada böyük şəhərlərdə 10-12 milyon əhali var. Bizim ölkəmizin əhalisi heç 12 milyon deyil. 
İkincisi dünyanın böyük şəhərlərində baş verən tıxacın müddətinə baxanda adam həsəd aparır. Məsələn, Almaniyada vətəndaş il ərzində 40-50 dəqiqə “probkaya” düşür. Başa düşdünüzmü, cənablar. 
Biz isə az qala  hər gün  40-50 dəqiqə “probka”da qalırıq. 
Sözün qısası, Bakı şəhərində nəqliyyatın tənzimlənməsi ilə bağlı  ciddi problem var. 
Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə bağlı Fərman verdi. 
Prezidentin 2018-ci il  tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olundu. 
Qısa məlumat üçün qeyd edək ki, BNA-nın fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Hətta Yol Polisinin bəzi səlahiyyətləri də BNA-ya verildi. 
Bizim illər öncə dediyimiz nəqliyyatın intellektual idarəetmə sistemi də BNA-nın əsas işi olmalı idi. 
BNA hətta  taksi minik avtomobillərinin hərəkətini tənzimləməli, hətta  avtomobillərin park olunmasına nəzarət etməli idi. 
Amma  bu gün  vəziyyət dözülməz həddə çatıb. 
Biz hansısa qurumun fəaliyyətinə kölgə salmaq fikrindən uzağıq. Amma ortada  ciddi problem var. 
Birincisi, BNA hər il açıqlama verir ki, ili zərərlə başa vurmuşuq. 
Cənablar, bəs  yerüstü parklama yerlərində hər gün orta hesabla  500  min manat ( YARIM MİLYON )  pul toplanır. 
Bu pullar hara gedir, kimlərin cibinə gedir ki, BNA deyir ki, zərərlə işləyirik. 
Axı, qanunla və BNA-nın nizamnaməsində göstərildiyi kimi yerüstü  parklamanı BNA təşkil etməlidir. 
Təşkil edə bilirmi ? Əlbəttə, yox. 
BNA əməkdaşları ancaq sürücüləri cərimə etməkdən başqa yol bilmirlər. 
Biz demirik ki, cərimə olmasın, amma cərimə problemdən çıxış yolu deyil. 
Artıq BNA-nın cərimələrindən hamı bezib, hətta Milli Məclisin üzvləri od püskürürlər. 
BNA-nın işi ancaq  siqaret çəkən avtobus sürücülərini güdmək deyil e, hərəkəti tənzimləməkdir. 
Biz  BNA-nın nizamnaməsində göstərilənləri uzun-uzadı yazıb oxucunu yormaq istəmirik. 
Qurumun nizamnaməsində göstərilib ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir.
Təsəvvür edirsiniz,  Parlamentin tribunasından  deyilir ki, BNA  sürücülərə qarşı  soyğunçuluq həyata keçirir, müəmmalı şəkildə  kameralar  qeydiyyat aparır, az qala sürücülərin yarısına  cərimə gəlib və s. 
Bütün bu baş verənlər əhalini narazı salır və s. 
Cənab BNA rəhbərliyi, bütün bunlar millət vəkillərinin dilindən səslənir. 
Xalqımız düşünürdü ki, “Ziyanın qoçuları”  getdi, BNA gəldi, hər şey yaxşı olacaq. 
Bəs nə oldu ?
Nə vaxt suallar verilir, BNA rəhbərliyi deyir ki, hələ mexanizm hazırlayırıq. Vallah, acınacaqlıdır ki, mexanizm olmaya-olmaya sizin fəaliyyətiniz necə ola bilər ? 
Axı, cənab Prezident  Bakı şəhərində nəqliyyat sahəsində islahatların həyata keçirilməsi  məqsədilə bu qurumu yaratmışdı. 
Bəs, niyə islahatlar aparmırsınız, cənab BNA-nın baş direktoru Vüsal Kərimli ?
P.S Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/

Oxşar xəbərlər