Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur... - NARAZILIQ...
16-11-2020, 11:14
332

Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur... - NARAZILIQ...

Bu ilin əvvəlindən bütün dünya və beynəlxalq təşkilatlar yeni növ koronavirus pandemiyası ilə mübarizə aparır. İnfeksiyanın yayılma riskini minimuma endirmək məqsədilə bir çox ölkədə sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Bu da dünyada qlobal iqtisadi tənəzzülə səbəb olub. Mart ayından başlayaraq Azərbaycanda da bir sıra məhdudiyyətlər, sərt önləyici tədbirlər görülür. Hazırda əksər iş yerləri bağlanıb, bəzilərində isə işçi sayı minimuma endirilib.

Karantin dövründə ölkədə işsizlik artdıqca, dələduzluq halları daha da çoxalır. İş axtarmaq məqsədilə internet saytlara müraciət edən insanlar real iş təklifləri əvəzinə dələduzluq halları ilə qarşılaşır. 2002-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş elanları yayan müəssisələrə lisenziya verilirdi, hətta onların fəaliyyətinə nəzarət olunurdu. Sonradan həmin lisenziyalar ləğv olundu. Hazırda belə bir mexanizm mövcud deyil.

DİA.AZ-ın məlumatına görə, Bakı şəhər sakini İlahə Şahverdiyeva pandemiya ucbatından işini itirib. İnternetdə iş axtaran zaman rastlaşdığı bir elan diqqətini cəlb edib. Deyir ki, iş qrafiki və göstərilən əməkhaqqı ürəyincə olub. Lakin sonradan işbazlara rast gəldiyini anlayıb:

“Əməkhaqqı 700 manat göstərilmişdi. “Tap.Az”da yerləşdirilən elanda bildirilirdi ki, “Lilman” adlı konserv zavoduna qablaşdırma üzrə işçilər tələb olunur. Qeyd olunan “WhatsApp” nömrəsinə iş axtardığımı yazdım. Cavab gəldi ki, baş ofisimiz Gənclik metrosu yaxınlığındadır. İstəyirsiniz, ofisə yaxınlaşın, yaxud da tərcümeyi-halınızı buradan bizə yollayın. İnternetdə isə ünvan Binə qəsəbəsi 3-cü mədən göstərilmişdi. Mənim üçün fərqi olmadığını bildirəndə, yazdılar ki, tərcümeyi-halınızı “WhatsApp”dan yollayın. Mən də göndərdim, lakin cavab gəlmədi. Üzərindən bir neçə gün keçəndən sonra yazdılar ki, tərcümeyi-halınıza baxılıb, sizə cavab deyiləcək. Hər dəfə nömrəni yığanda operator qız eyni sözləri deyirdi ki, tərcümeyi-halınızı “WhatsApp” nömrəsinə yollayın”.

İşaxtaranın sözlərinə görə, yazışmadan bir-iki gün sonra onunla “WhatsApp” vasitəsilə təkrar əlaqə saxlayıblar. İşə götürülüdüyünü bildiriblər, əlavə ediblər ki, öncə 45 manat depozit ödəməlidir:

“Bildirdilər ki, noyabrın 9-dan işə başlaya bilərəm. Ödəniləcək 45 manat icbaridir, sığorta üçün nəzərdə tutulub. Mesajda qeyd olunurdu ki, “MilliÖn”ün qarşısından Həsən adlı şəxslə əlaqə saxlayım, mənə pul köçürmədə kömək etsin. Həmçinin qeyd olunurdu ki, pulu saat 19:00-dək ödəməlisiniz, yoxsa işə qəbulunuz ləğv olunacaq. Mən fırıldaqçıya rast gəldiyimi anladım və onlara cavab yazmadım”.

DİA.AZ bildirir ki, Bakı şəhər sakini Elvin Qənbərov da eyni problemlə qarşılaşdığı ilə bağlı şikayət ünvanlayıb. Onun sözlərinə görə, iş üçün tələb olunan məbləği ödədikdən sonra əlaqə saxladığı telefon nömrəsinə zəng çatmayıb.

Toğrul adlı şəxs isə sözügedən elanla bağı paylaşım edib, polisə şikayət etdiyini deyib.

“Tap.Az”dan bildirilib ki, sayt yerləşdirilən elanlara görə məsuliyyət daşımır. Lakin hər hansı dələduzluq faktı ilə bağlı şikayət olunanda, sayt tərəfindən problem qısa zamanda həll olunur: “Sayta gün ərzində on beş mindən çox elan daxil olur. Bütün elan sahiblərinə bir-bir zəng edib araşdırmağa imkanımız yoxdur. Hər hansısa bir elan saxtadırsa, bununla bağlı məlumat mərkəzimizlə əlaqə saxlayıb, məlumat verildiyi təqdirdə şikayətə baxılır. Araşdırılır, əgər hər hansı saxtakarlıq faktı ilə rastlaşırıqsa, elanı ləğv edirik, istifadəçiyə saytımızdakı ünvanına təkrar girməməsi üçün məhdudiyyət qoyuruq. Təbii ki, həmin adam dələduzdursa, yeni nömrə alıb, təkrar sayta elan yerləşdirə bilir. Bu hal baş verəndə, biz yenə də eyni proseduru təkrar edirik. Şikayətçilərə həmçinin tövsiyə edirik ki, hüquq-mühafizə orqanlarına elanın nömrəsini təqdim etsinlər. Şikayətçi elanın “skrinşot”unu götürüb aidiyyəti üzrə müraciət edə bilir. Daxili İşlər Nazirliyindən, hüquq-mühafizə orqanlarından bizə sorğu gəlir ki, filan istifadəçi haqqında məlumatları təqdim edək. Biz üzərimizə düşən işi görürük. Bundan sonra araşdırıb, dələduzu tapmaq, hüquqi baxımdan qiymətləndirmək, onların işidir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, işsizlik səviyyəsinin yüksək olmasından istifadə edən işbazlar daha çox gəncləri aldadır.

“Birliyimizə saxta iş elanları ilə bağlı zənglər olur. Bizə müraciət edən vətəndaşların ödədikləri pulu geri qaytarmağa və əmək hüququnun qorunmasına nail oluruq. Burada əsas məsələ, işə qəbul olunmazdan öncə alınan puldur. Vətəndaşlar bilməlidir ki, bəri başdan hətta ən cüzi məbləğ – 10 manat alınması, dələduzluq faktından xəbər verir. Bəzi dələduzlar iş axtaran adamda inam yaratmaq üçün ödəmə prosesini terminallar üzərindən edir. Kod verirlər, pul ödənildikdən sonra da kartı bağlayırlar. İstehlakçılar və yaxud aldadılmış vətəndaşlar bu kimi hallarla qaşılaşarlarsa, müvafiq dövlət orqanlarına, o cümlədən, Azad İstehlakçılar Birliyinə yazılı şəkildə müraciət etməyi tövsiyə edirik”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov təəssüflənir ki, bu kimi halların qarşısını almaq mümkün deyil: “Çünki dələduzlar bu işləri əksər hallarda qeyri-rəsmi qaydada edirlər. Məsələn, başqa fəaliyyət üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) alıb, başqa işlər həyata keçirirlər. Mövcud olan internet, kommunikasiya sistemi bunun qarşısını almaqda acizdir. Bu məsələdə vətəndaş fəallığı, məsuliyyəti olmalıdır. Kütləvi şikayət etsələr, artıq bu dələduzluq kimi qiymətləndirilə bilər. İkincisi də, televiziya və KİV bununla bağlı maarifləndirmə işləri aparmalıdır. Əslində, internet üzərində dələduzluq çoxdan mövcuddur. İnsanların aldanmaqlarının ilk səbəbi işsiz və çarəsiz olmaqlarıdır”.

Şikayətçi tərəfindən təqdim olunan iş elanı ilə bağlı nömrələrə zəng çatmayıb.

Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur...
Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur...
Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur...
Sahil Babayevin səriştəsizliyi vətəndaşları dələduzlarla üz-üzə qoyur...

Oxşar xəbərlər