Sahil Babayev bu məsələyə müdaxilə etməzsə... - Ümumiyyətlə, edə bilərmi?
2-12-2020, 16:44
170

Sahil Babayev bu məsələyə müdaxilə etməzsə... - Ümumiyyətlə, edə bilərmi?

Qalib ordunun qazisinin başına tac da qoysan, ayaqlarının altına qızıldan xalı da sərsən, ona dünyanın naz-nemətini də versən azdır. Qalib ordunun şəhidinin başdaşını ən qiymətli daşdan da qoysan, ən uca heykəlini də ucaltsan yenə azdır. Çünki şəhid elə zirvələrdədir ki, əlçatmazdır.

Qalib ordunun şəhid olan zabitinin, əsgərinin ailəsinə milyonlar da bağışlasan, ən geniş, işıqlı otaqlarda yaşatsan, yenə dəyəri ölçülməzdir. Amma bizim əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qazilərimizə, şəhid ailələrimizə elə “qiymət” verib ki, utandırıcı, xəcalət çəkməli, başımızı aşağı edən hadisədir.

Söhbət şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğindən gedir. Rəzalətdir, rüsvayçılıqdır. Reportyor.info bildirir ki, bu səbəbdən Sahil Babayevi və məbləğin müəyyən olunmasında “fikir” babalarını “yaş yuyub, quru sərirlər”.

Hazırda sosial mediada nazirin “əmvatına” elə “salavat”lar çevrilir ki, normal düşünən məmur vəzifəsindən dərhal istefa verərdi. Ancaq S.Babayevin elə bir siyasi iradəsi olmadığı məlum məsələdir.

Sadəcə, bu məbləğ dəyişməsə ictimai rəy naziri çeynəməyə davam edəcək. Çünki 27 illik həsrətə son qoyan, az qala bütün ümidlərimizi itirdiyimiz halda dişi-dırnağı, qanı-canı bahasına bizə Qarabağı qaytaran, Şuşa kimi mənəvi dəyəri olan şəhəri qəhrəmanlıqla azad edən, “ruhlar şəhəri” Ağdamı bir güllə atılmadan geri verməyə məcbur edən qazilərimizə və şəhid ailələrinə əvəzində qəpik-quruş veriləcək.

Belə ki, şəhid ailəsində şəxsin şəhid statusu müəyyən edildiyi gündən etibarən aylıq məbləği 300 manat olan təqaüd alma hüququ var. Müharibə zamanı əlilliyi olan şəxslərə isə I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib.

Yəni, minimum əmək haqqından belə azdır. İsti kabinetindən çıxmayan S.Babayev buna görə xəcalət çəkmir? Bu, rəşadətli ordunun qazilərinə və şəhidlərin ailələrinə ilk növbədə təhqirdir. İkincisi, şəhid ailəsi 300 manatla necə yaşasın? ƏƏSMN-də çalışan şöbə müdiri belə 300 manata pul kimi baxmır. Amma övladını vətənə qurban verən atana-ana 300 manata göz dikməlidir.

Və yaxud həyat yoldaşı şəhid olan qadın övladlarını 300 manatla saxlamalıdır. Nəzərə alsaq ki, şəhidin iki və yaxud üç övladı da ola bilər. O zaman şəhid xanımı balalarını həmin pulla necə dolandırsın? Bu sualların cavabı S.Babayevdə var, sadəcə, əsas öz lüks həyatıdır.

Eləcə də qazilərimizə veriləcək 210-250 manat civarında təqaüd də biabırçılıqdır. Sosial şəbəkələrdə nazirin ünvanına nələr yazıldığını özü bir bilsə, xəcalətindən el içinə çıxmaz. Vətən üçün ölümdən dönən, ayağını, qolunu, gözünü, sağlamlığını, əmək qabiliyyətini itirən qəhrəman qazilərimizə veriləcək 210-250 manat arası təqaüd utancverici münasibətdir.

Əmək qabiliyyətini itirən qazilərimiz ailələrini, övladlarını həmin pulla necə yaşatmalıdır, ehtiyaclarını qarşılamalıdır, bunu düşünən yoxdur. Biz bu tənqidləri özümüzdən yazmırıq, Sahil Babayev və nazirliyin əməkdaşları sosial şəbəkədə yazılanlara baxsınlar, fikirləşsinlər.

Hər bir halda ordunun və əsgərin qayğısına qalan Ali Baş Komandan İlham Əliyevin sözügedən məbləğin qalib ordunun qaziləri və şəhid ailələri üçün adekvat olmadığını nəzərdən keçirəcək. Ümidvarıq ki, parlamentdə də 125 deputatdan heç olmasa beşi özündə güc tapıb bu məbləğin həddindən az olduğu məsələsini hökumət qarşısında qaldıracaq.
//Reportyor.info//

Oxşar xəbərlər