Fikrət Yusifov: "Dövlət sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək"
1-04-2020, 17:39
486

Fikrət Yusifov: "Dövlət sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək"

“Koronavirus (COVID-19) pandemiyasının yaratdığı vəziyyətdən çıxışın yeganə yolu bu bəlaya qarşı birləşərək mübarizə aparmaqdan keçir. Bu gün bütün dünya rahatsızlıq içindədir. İki ay öncə bir neçə ölkədə aşkarlanmış epidemiyanın səsi indi dünyanın 180 ölkəsindən gəlir”.

Bunu “APA-Economics”ə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, yaranmış durumun dünyanın bir parçası olan Azərbaycanda yan keçməsi mümkün deyildi: “Bunu nəzərə alan Azərbaycan hökuməti vaxtında zəruri olan bütün addımları atdı və bu istiqamətdə işləri ən yüksək səviyyədə təşkil edə bildi. Biz COVID-19 virusunun bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlimizdən gələn bütün işləri görürük. Lakin bu işlər o zaman yetərli nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın. Bu olduqca vacibdir və elə bu səbəbdən də dövlət başçısı cənab İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən belə bir çağrış etdi. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Bu gün hər kəs bu çağrışa əməl etməyə borcludur”.

Professor onu da bildirib ki, indiki məsuliyyətli və həssas bir məqamda hər kəs tək özünü deyil, ailəsini, cəmiyyəti və bütövlükdə insanlığı düşünməlidir. Odur ki, hər bir insan pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməlidir.

“Bu gün vətəndaş-iqtidar birliyinin ən yüksək səviyyədə nümayişinə ehtiyac var. Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik”, - deyə F. Yusifov qeyd edib.

O həmçinin əlavə edib ki, koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı ilə dörd istiqamətdə xüsusi işçi qruplar yaradılıb: “Artıq pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirən işçi qrupun rəhbəri – iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 10 proqramdan ibarət olan zərfi ölkə başçısına təqdim etdi. Bu proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, 10 proqramın maliyyə tutumu 2,5 mlrd. manat təşkil edir ki, bu da Azərbaycanın ÜDM-nin 3%-nə bərabər bir məbləğdir. Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir”.

Professor xatırlayıb ki, digər sahələrlə yanaşı, sahibkarlığın hər bir istiqamətinə dəstəyi hədəfləyən bu proqramlar ilk növbədə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyini, 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyini, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin, imtiyazların və tətillərin verilməsini, sahibkarlıq subyektlərinə yeni verilən və mövcud bank kreditləri üzrə kredit-zəmanətdəstəyini, vətəndaşların maddi vəziyyətinin dəstəklənməsi üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstəyi, həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyini nəzərdə tutur. Müvafiq proqramla əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərinin dəstəklənməsi də proqnozlaşdırılır.

Yaxın günlərdə digər işçi qruplarının da təkliflər zərfinin təqdimatı gözlənilir.

“Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”, - deyə F. Yusifov bildirib.

Oxşar xəbərlər