Hərbi polisin sabiq rəisi:”Ordumuzun taleyi ilə oynayan bəzi rüşvətxor məmurlar öz layiqli cəzalarını alacaqlar”
26-04-2020, 18:30
951

Hərbi polisin sabiq rəisi:”Ordumuzun taleyi ilə oynayan bəzi rüşvətxor məmurlar öz layiqli cəzalarını alacaqlar”

Orduda rüşvət və korrupsiyaya dair şübhələr davam edir. Zakir Həsənov KİV-ə açıqlamasında korrupsiyaya qarşı mübarizə aparılacağını bəyan etsə də, bu istiqamətdə nazirliyin hər hansı fəaliyyət sənədi ictimaiyyətə bəlli deyil. Cəmiyyət qarşısında hesabatlılıq və ümumiyyətlə, şəffaflıqdan söhbət gedə bilməz. 
Son illər ərzində Təhlükəsizlik və Müdafiə sektorunda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hər hansı ciddi dəyişiklik həyata keçirilməyib. İnsan haqlarının qorunmasının gücləndirilməsinə dəlalət edən məqamlar ortada yoxdur.
Bu istiqamətdə hər hansı proses də yoxdur. Son durum onu göstərir ki, Müdafiə Nazirliyi tamamilə orduya ictimai nəzarət ideyasına və mediaya açıqlığa qarşıdır. Son proseslər göstərir ki, faktiki olaraq tək-tük müstəqil media Müdafiə Nazirliyindən asılı vəziyyətə salınır.
Proses ümumiyyətlə, qapalıdır. Baş verən ölümlərə görə kimlərinsə cəzalandırıldığı ictimaiyyətə bəlli deyil.


 
Sabahnews.az xəbər verir ki, Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov sosial şəbəkədəki hesabında bu mövzuya toxunub. Onun fikirlərinə rəy bildirən hərbçilər də yazıblar ki, Ali Baş Komandanin ətrafinda çox ciddi informasiya səddi qurulub. Bu sədd aşilmadlqca müraciərlərin qətiyyən xeyri yoxdu.
Rövşən Məhərrəmovun yazdığı fikirləri olduğu kimi dərc edirik:


 
“Əziz və dəyərli dostlar!
Məni tanıyanlar yaxşı bilirlər ki, neçə illərdir xidmətdən kənarlaşmağıma baxmayaraq, Azərbaycan Ordusunda baş verənlərə qarşı qətiyyən laqeyd qalmıram. Uzun illər orduda xidmət etmiş ehtiyatda olan zabit və vətənini sevən bir vətəndaş olaraq ordumuzun taleyinə heç vaxt biganə yanaşmamışam. Qazandığımız qələbələrə hər zaman sevinmişəm, xoşagəlməz hallara görə məyus olmuşam. Bu gün Azərbaycan Müdafiə Nazirliyində baş verən korrupsiya və vəzifədən sui-istifadə hallarını, orduda yaşanan problemləri həll etmək səlahiyyətim olmasa da, mənə məlum olan faktlar barədə aidiyyəti qurumlara məlumat verməyi özümə borc bilmişəm. Vətənini sevən bir insan və ehtiyatda olan zabit kimi mənə baş verənləri kənardan izləmək yaraşmaz. Hər dəfə bu kimi xoşagəlməz hallarla bağlı dövlət qurumlarına rəsmi müraciət edəndə problemin tezliklə araşdırılıb aradan qaldırılacağına bütün qəlbimlə inanmışam. Amma təəssüf ki, hər dəfə müəyyən müddət gözləyib sonra müraciətimə heç bir reaksiyanın verilmədiyini görüb üzülmüşəm, məyus olmuşam. Axı hansısa korrupsiya və ya vəzifədən sui-istifadə halı barədə bu gün əlimizdə kifayət qədər sübut, fakt varsa, niyə onu aradan qaldırmayaq, niyə onun gələcəkdə daha böyük problemlərə səbəb olmasının qarşısını almayaq?! Axı Ordu dövlətimizə, xalqımıza aiddir. Orduda yaşanan problem bizim hamımızın problemidir. Amma görünür bəzi dövlət qurumları üçün Ordumuzun taleyi qətiyyən maraqlı deyil. Əks halda mənim müraciətlərimdə qeyd olunan olduqca zəruri faktlar əsasında araşdırma aparılardı. Əksinə korrupsiya və vəzifədən sui-istifadə hallarına yol vermiş bəzi məmurlar daha da irəli çəkilməz, onlara daha yüksək rütbələr verilməzdi. Amma istənilən halda mən üzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirirəm. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi başa çatan kimi yenidən bu sahədə əlimdən gələni etməyə davam edəcəyəm. Mənə məlum olan qanunsuz əməllər barədə mühüm faktlarla bağlı aidiyyəti qurumlara və həmin qurumların rəhbərlərinə müraciət edəcəyəm. Əminəm ki, gec-tez haqq səsi eşidiləcək. Ordumuzun taleyi ilə oynayan bəzi rüşvətxor məmurlar öz layiqli cəzalarını bir gün mütləq alacaqlar.”

Oxşar xəbərlər