"Mədəniyyət naminə elm" layihəsi davam etdirilir
15-04-2020, 08:54
632

"Mədəniyyət naminə elm" layihəsi davam etdirilir

Ölkəmizdə yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, habelə əhalinin sosial təcrid şəraitində evdə keçirdikləri zamanı məna və maraq ilə doldurulması məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi "facebook" və digər sosial şəbəkələr vasitəsilə, müxtəlif maraqlı və aktual mövzulara həsr olunmuş yerli və xarici tanınmış alimlərin mühazirələrini ictimaiyyətə təqdim edir.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, mərkəzi mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsində, o cümlədən Azərbaycan reallıqların dünya ictimaiyyətin diqqətinə çatdırılmasında elmi potensialın iştirakının artırılması, sahədə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəldilməsi, habelə təhlil və mütaliə vərdişlərinin formalaşması məqsədilə "Mədəniyyət naminə elm" layihəsini davam etdirir. Aprelin 14-də sözügedən layihə çərçivəsində ilk beynəlxalq vebinar təşkil olunub.
Vebinarın ilk xarici qonağı Ankara Hacı Bayram Vəli Universitetinin professoru Güljanat Kurmanqaliyeva Ercilasun olub. Seminarda Mərkəzin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, mərkəzin digər əməkdaşları habelə, respublikamızın bölgələrində çalışan gənc mədəniyyət işçiləri də iştirak ediblər.
Virtual formatda davam edən "Mədəniyyət naminə elm" vebinarında tərəflər milli-mənəvi sərvətlərin qorunması, fəlsəfə, türk mədəniyyətin tarixi, abidələr, mövcud reallıqda müasir mədəniyyət siyasətinin xüsusiyyətləri, ədəbiyyat, mədəniyyətin təbliği, milli mədəniyyətin təbliğində gənclərin rolu kimi mövzulara toxunublar.

Eyni zamanda Asif Usubəliyev çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokanfrans vasitəsilə Fövqəladə Zirvə görüşünü və orada səsləndirilən mesajları xatırladaraq bildirdi ki, əslində alimlərin və mədəniyyət işçilərinin bu kiçik təşəbbüsü ölkə başçıların səsləndirdikləri mesajların davamı kimi qiymətləndirilməlidir. Məhz elə bu səbəbdən bütün ölkələrin ziyalıları bu gün doğma dünyamızın xilası və ölkələr arasında etibarlı münasibətlərin dəstəklənməsi üçün bütün lazımi səyləri artırmalıdırlar.

Oxşar xəbərlər