Banklar faizləri endirirlər
4-09-2020, 10:33
327

Banklar faizləri endirirlər

Azərbaycanda bəzi banklar əmanət faizlərini endirməyə başlayıblar. İyun ayından etibarən 1-2 faiz civarında qaldırılan əmanət faizləri indi eyni səviyyədə aşağı endirilməkdədir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 12 faizədək qaldırılması barədə qərar qəbul edib. Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 2,5 faiz saxlanıb.
Bu qərardan sonra əksər banklar əmanətlər üzrə faiz dərəcələrini 11.5-12 faizə qaldırmışdılar. Lakin son həftələrdə yenidən faizlərin aşağı endirilməsi müşahidə olunur. İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, bunun bir neçə səbəbi var: “İnsanların əlində müəyyən həcmdə pul olanda banka qoyub faizləri ilə dolanmağa üstünlük verirlər. Dollarla əmanətlər hazırda çox aşağı faizlidir, ona görə çox adam əmanəti manatla yerləşdirir. Banklarda isə böyük likvidlik var: təsəvvür edin ki, bu gün banklar üzrə depozitlərin həcmi kredit qoyuluşlarını ötüb. Bank əmanəti cəlb edir ki, kredit verib qazanc əldə etsin. Amma kredit vermək indiki şəraitdə yüksək riskli hesab olunur. Buna görə də iri banklar istisna olmaqla, əksər banklar əmanət faizlərini aşağı salırlar”.
Qeyd edək ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti bu ilin sonunda bitir və onun yenidən uzadılması gözlənilmir. Əmanət faizlərinin endirilməsi bu amillə bağlı ola bilərmi? S.Əliyev bildirir ki, qanunun müddətinin bitməsinin əmanət faizlərinə təsiri real deyil: “Düşünürəm ki, əmanətlərin sığortalanması mexanizmi tamamilə dəyişməlidir. Tam qorunmanı nəzərdə tutan qanun ləğv olunmalı, yeni qaydalar tətbiq edilməlidir. Xarici təcrübələr ölkələr üzrə fərqli mexanizmlərin mövcudluğunu göstərir. Həmin ölkələrdə sığorta şərtləri bir sıra amillər əsasında müəyyənləşir: əhali gəlirlərinin səviyyəsi, bank sektorunda təmərküzləşmə səviyyəsi, ölkə iqtisadiyyatının və bank sektorunun vəziyyəti, Əmanətlərin Sığortalanması Fondunda vəsaitlərin mövcudluğu, dövlət və ya mərkəzi banklar tərəfindən əmanətlərin sığortalanması mexanizminə dövlət dəstəyinin olması imkanı və s. Əmanətlərin sığortalanması mexanizmi heç bir ölkədə təkmil deyil və proses daim inkişafdadır. Hazırda əsas tendensiya sığortanın əhatə dairəsinə düşən kontingentin genişləndirilməsi, kompensasiya məbləğinin artırılması və onun verilməsi müddətinin qısaldılması istiqamətindədir.
Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin 14 illik tarixi var. Bu müddətdə mexanizm əksər əmanətçilərin vəsaitlərini sahibinə qaytara bilib və son 4 ildə qorunan əmanətçilər vəsaitlərini tam olaraq geri ala bilir. Ancaq bütün bunlara rəğmən bank sektorunda qorunan əmanətçilərə limitsiz üstünlüyün verilməsi bankların digər müştərilərinin hüquqlarını məhdudlaşdırır və onların bağlanmış banklarda yerləşdirdikləri vəsaitlərinin xilası şansını əhəmiyyəti dərəcədə aşağı salır. Ona görə də əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə ehtiyac var".
Ekspert hesab edir ki, qorunan əmanətlər üçün kompensasiya məbləğinin artırılması zəruridir: “Kompensasiya məbləğinin həcmi hazırkı 30 min manatdan ən azı 70 min manat səviyyəsinə qaldırıla bilər. Eyni zamanda qorunan əmanətlərin əhatə dairəsi genişləndirilməlidir. Xarici ölkələrdə olduğu kimi, fərdi sahibkarların cari hesablarının, mənzil-kommunal xidməti göstərən şirkətlərin depozitlərinin sığortalanması təmin edilə bilər. Eyni zamanda nağdsız ödənişləri stimullaşdırmaq üçün ödəniş kartlarında (əmək haqqı, sosial müavinətlər, sahibkarların cari hesabları) olan bütün vəsaitlər sığortalanır.
Hökumət həmçinin əksdollarlaşma siyasətini davam etdirməlidir. Əhalini milli valyutada olan əmanətlərə təşviq etmək üçün xarici valyutada olan əmanətlərin sığortalanması üçün illik faiz dərəcəsi 1 faizə endirilə bilər. Digər addım kimi xarici valyutada olan əmanətlərin kompensasiya məbləğini azaltmaq olar. Bağlanan banklarda sığortalanan əmanətlərə görə kompensasiya verilməsi müddəti 5 təqvim gününə kimi qısaldıla bilər".
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov hesab edir ki, əmanət faizlərinin aşağı salınması kreditlərlə bağlıdır: “Bir tərəfdən, hökumət, digər tərəfdən əhali banklardan tələb edir ki, kredit faizlərini endirsinlər. Bu faizləri endirmək üçünsə bankların cəlb edəcəyi əmanətlərin faizi aşağı olmalıdır. Buna görə də banklar əmanətlər üzrə faizləri endirməyə, sadəcə, məcburdurlar. Əmanət faizlərinin salınmasının digər səbəbi bankların öz xərclərini azaltmaq istəkləridir. Koronavirus pandemiyasının yaratdığı böhran bankların da gəlirlərinə mənfi təsir edib. Bu baxımdan, əmanət faizlərinin azaldılması xərclərin ixtisarı məqsədi daşıyır”. 

Oxşar xəbərlər