Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə
13-08-2020, 12:22
414

Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə

Türkiyə Azərbaycanda keçirilən təlimlərə "F-16” qırıcılarını cəlb etdi. İndiki mərhələdə beşinci nəsil istehsal edilməsə, "F-16”lar dünyanın ən müasiri sayılır. Bunlar ABŞ-da istehsal olunan qırıcılardır. Demək olar ki, "F-16”ların post-sovet məkanında təlimlərdə istifadə olunması, nadir haldır. Bu qırıcıların istifadəsi və ya təlimlərə cəlb edilməsi, Qərbin razılığı əsasında ola bilər”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə səfəri haqda fikriniz nədir – başlanğıc necə oldu?
- Belə məqamlarda ilk səfərlərin qarşılıqlı şəkildə həyata keçirilməsi bir ənənədir. Həm Türkiyənin, həm də Azərbaycanın bu ənənəni qoruması çox vacib bir məsələdir. Bu, həm də siyasi mesajdır, iki ölkə arasındakı münasibətlərin mühüm əhəmiyyət kəsb etdiyinə bir işarədir. Hesab edirəm ki, bu səfər uğurlu alındı, çox yaxşı başladı. Ancaq uğurlar arzulaya bilərəm. Qənaətimə görə, hazırlıqlı bir səfər oldu. Həm xarici işlər, həm də müdafiə nazirinin səfərlərinin indiki dönəmdə həyata keçirilməsi də çox vacib bir məsələdir. Hesab edirəm ki, orada müzakirə olunan məsələlərin hər biri ciddidir və aktualdır.
- Səfər zamanı türk rəsmiləri tərəfindən növbəti dəfə Azərbaycana açıq dəstək nümayiş etdirildi. Ümumiyyətlə, Türkiyənin son vaxtlarda Qarabağ prosesinə münasibətdəki bu fəallığı nədən irəli gəlir?
- Bu fəallıq bu gün yox, bir neçə il əvvəl başlayıb. Prezident Ərdoğanın Putinlə müzakirəsi onu göstərdi ki, Türkiyənin bu məsələnin həll prosesindəki rolu qəbul edilir. Türkiyənin indiki məqama həm hərbi, həm də siyasi baxımdan fəallaşması, çox açıq bir mesajdır. Bu, Rusiya rəhbərliyi ilə razılaşdırılmış bir fəallıq kimi görünür. Rusiyanın baş verənlərə reaksiyası da bunu göstərir.
Biz başa düşməliyik ki, Rusiya rəhbərliyində Ermənistan-Azərbaycan əlaqələrinə müxtəlif baxışlar var. Bu da çoxdan bəlli olan məsələdir. Yadınıza gəlirsə, Prezident İlham Əliyev Soçidə Putinlə görüşəndən sonra aşkar şəkildə deyildi ki, Moskvada Rusiya-Azərbaycan münasibətlərinə mane olan üçüncü qüvvələr var. Bu baxımdan, bəzi məqamlarda Rusiya-Azərbaycan əlaqələrinə zidd addımların atıldığını görürdük.
Eyni zamanda, Rusiya-Azərbaycan əlaqələrinin inkişafını istəyən və Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli mövqe sərgiləyən qüvvələr də var. Bu baxımdan, Türkiyənin fəallığı həmin qüvvələrlə razılaşdırılmış addım kimi görünür. Türkiyə-Azərbaycan təlimlərinin miqyası da göstərdi ki, çox ciddi hərbi-siyasi məsələlər gündəmdədir. Həmin təlimləri də buna xidmət edən vasitə kimi qəbul edə bilərik.
- Bəs Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı?
- Bu, geosiyasi və tarixi bir prosesdir. Türkiyə artıq 20 il əvvəl mövcud olmuş Türkiyə deyil. Həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan… Bu reallığı nəzərə alaraq, bölgədə yeni gücün fəallaşması və Türkiyənin dünya siyasətindəki rolu Rusiya tərəfindən də nəzərə alınır. Seçilən siyasət onu göstərir ki, bu məsələdə daha çox əməkdaşlığa üstünlük verilir. Biz bu əməkdaşlığı Suriyada, müəyyən mənada Liviyada gördük. Belə bir əməkdaşlıq digər regionlarda da mümkündür.
Bəzi mətbu orqanlar bunu konfrontasiya kimi göstərmək istəyirlər, amma heç də elə deyil. Biz görürük ki, bəzi məsələlərin həlli istiqamətində əməkdaşlığa əl atılır, bunun nəticəsində hansısa real nəticələr əldə olunur. Məsələn, Rusiya və Türkiyə bu gün Suriyada birgə patrul xidmətləri həyata keçirirlər. Bu baxımdan, bu məsələdə də əməkdaşlıq və maraqları nəzərə almaq istəkləri görünür.
Əlbəttə, həm Türkiyə, həm də Rusiyada belə bir əməkdaşlığı istəməyən qüvvələr mövcuddur. Baş verən hadisələr də bunu göstərir. Eyni zamanda, görürük ki, Ərdoğan və Putin arasında olan münasibətlər ona yönəlib ki, mövcud problemləri müzakirə edərək, reallığa əsaslanan bir ortaq məxrəcə gəlsinlər. Onlarda bu istək var. İstisna etmirəm ki, bu, Cənubi Qafqaza aid məqamlarda da özünü büruzə verəcək.
- Türkiyənin bölgədəki fəallığı planlaşdırılmış şəkildə baş verirmi, yəni mövcud problemin həlli ilə bağlı konkret hərəkət planının olması mümkündürmü?
- Görünən bəzi məqamlara fikir verək. Məsələn, Türkiyə Azərbaycanda keçirilən təlimlərə "F-16” qırıcılarını cəlb etdi. İndiki mərhələdə beşinci nəsil istehsal edilməsə, "F-16”lar dünyanın ən müasiri sayılır. Bunlar ABŞ-da istehsal olunan qırıcılardır. Demək olar ki, "F-16”ların post-sovet məkanında təlimlərdə istifadə olunması, nadir haldır. Bu qırıcıların istifadəsi və ya təlimlərə cəlb edilməsi, Qərbin razılığı əsasında ola bilər. Çünki NATO-ya məxsus olan silahlar yalnız razılıq əsasında istifadə edilir.
- Bəs Rusiyanın buna reaksiyası hansı formadadır?
Rusiyanın reaksiyası onu göstərdi ki, bu, orada normal hal kimi qəbul olunur. Yuxarıda dediyim kimi, bu addımlar əməkdaşlıq əhval-ruhiyyəsi ilə müzakirə olunub, bəlkə də hansısa razılıq əldə olunub. Hesab edirəm ki, bu çox ciddi və gələcəkdə nəticə verəcək tendensiyadır.
- Türkiyə öz addımlarını bir qədər də irəli atıb, prosesi Azərbaycanda öz hərbi bazasını qurmağa qədər apara bilərmi? Azərbaycandakı təlimlər də bu məsələni gündəmə gətirdi, bu yöndə müəyyən çağırışlar da var.
- Bu, daha çox siyasi yox, hərbi məsələdir. Çünki siyasi baxımdan, ən azı Naxçıvana görə, Türkiyənin beynəlxalq öhdəlikləri var. Bu təlimlər də bir növ ona işarə idi ki, biz bu öhdəliklərin qüvvədə qaldığını görürük və təlimləri orada keçiririk. Həm də ən müasir silahlar vasitəsilə… Buna görə də Türkiyənin Azərbaycanda hərbi bazasının olub-olmaması o qədər də vacib deyil. Bu fəallığın daha çox siyasi yox, hərbi məsələ olduğunu deyirəm. Həmin müasir silahların imkanları hansısa ərazidə hərbi bazanın qurulmasına ehtiyac yaratmır.
Məsələn, Rusiya Xəzər dənizindəki hava hücumundan müdafiə sistemləri vasitəsilə Suriyadakı prosesləri müşayiət edə bilir. Yəni indiki silahların imkanları hərbi baza məsələsinin əhəmiyyətini azaldır. Bəlkə də Türkiyənin dəstək bəyanatları və verdiyi dəstəklər bazadan da ciddidir.
Azərbaycanın Livana 1 milyon dollar yardım ayırması müzakirələrə səbəb oldu. Çünki cəmiyyətdə Livana münasibət birmənalı deyil - toplumun nəzərində "erməni dəyirmanına su daşıyan ölkə” statusuna malikdir. Bu yanaşmada həqiqət payı nə qədərdir?
- Livanın ermənipərəst olduğunu deyənlər, bəlkə də prosesi dərindən bilmirlər. Çünki Livanda idarəetmə sistemi konfessional şəkildə qurulub. Yəni Livanın baş naziri sünni olanda ya onun müavini, ya da parlament sədri şiə və ya xristian olur. Buna görə də onlarda baxış müxtəlifliyi mövcuddur. Yəni Livanda müxtəlif konfessiyalara aid insanlar var. Bəzən Livandakı ermənilərin fəallığı şişirdilmiş şəkildə göstərilir. Bunu həm ermənilər şişirdir, həm elə bil biz də bunu qəbul edirik. Amma mən hesab edirəm ki, Livanda Azərbaycanın dostları kifayət qədər çoxdur.
Bir milyon dollar məsələsinə gəlincə, bunu ünvanlı yardım etmək olardı. Bəlkə belə də olacaq. Biz Livanın bizə yaxın olan, dostluq münasibəti bəsləyən hansısa xalqına çatdıra bilərik. Mən ortada böyük bir problem görmürəm.
1990-cı illərin əvvəlində işğal nəticəsində çətin vəziyyətdə idik. Həmin dövrdə dünya bizə kömək edirdi. O illərdə Azərbaycanda 758 min didərgin düşmüş insan vardı. Buna görə də BMT və digər qurumlar bizə kömək edirdilər. Biz bunu yaddan çıxarmamalıyıq. İndi kimin imkanı varsa, gərək dar gündə başqasına kömək edəsən. Bizə kömək ediblər, biz də imkan daxilində etməliyik.


Oxşar xəbərlər