Belarus ətrafında geosiyasi təbəddülatlar
18-08-2020, 16:14
385

Belarus ətrafında geosiyasi təbəddülatlar

Dünən Batya tərəfdarlarını Minskin əsas məkanı Müstəqillik meydanına, dəstək mitinqinə çağırdı. Görünür, zorakılıqdan bir nəticə hasil olacağına ümidi qırılan Batya son çarəyə əl atıb – insanları küçələrə çıxarmağa.
Belarusun sovetdən qalma ağ-qırmızı-yaşıl simvolikasına bürünmüş insanlar meydanda Batyanı dəstəklədi, mitinqdəki nitqində isə sonuncu: “ölkəni işğalçılara verməyəcəyik” deyirdi, “bilirik ki, Belarusun sərhəddindən 20 km o tərəfdə (Polşa və Litva nəzərdə tutulurdu – E.M.) tankların burazları artıq hazır vəziyyətə gətirilib.” Bu arada, “Exo Moskvı” radiosunda məlumat getdi ki, Batya Belarusda asayişin yaradılması üçün Rusiya prezidenti Putinlə danışıqlar aparır.
Dünən o görüntüləri seyr edəndə xatirimə 29 il əvvəl Azərbaycanda yaşanan hadisələr – prezident seçkisinə bir neçə gün qalmış Ayaz Mütəllibovun 1991-in sentyabrında yığdığı mitinq – düşdü. Oraya bütün respublikadan jek müdirlərini, məktəb müəllimlərini, zavod fəhlələrini, başqa büdcə idarələrində çalışanları, habelə Hacı Əbdülün camaatını-filanı toplamışdılar. Zorakılığa baxmayaraq həftələrlə küçələrdən dağılışmayan kütlənin önündə naçar qalmış Misirin eks-prezidenti Hüsnü Mübarək də 2011-in yanvarında, Təhrir meydanında eyni üsula əl atmışdı, çifayda. Bu tipli “dəstək mitinqləri” yalnız aqoniyanı xatırladır.
Belarusla bağlı gündəm artıq həftələrdir “koronavirus” mövzusunu da üstələyib. Bu ölkəyə və onun etiraz edən xalqına Ukrayna və Gürcüstan kimi postsovet ölkələrində dəstək nümayişləri keçirilib (eyni zamanda Xabarovskdakı etirazçılar da Belarusdakı nümayişçiləri dəstəkləyiblər), Polşa və Baltikyanı ölkələr birbaşa dəstəklərini bildirib, AB bu seçkiləri tənqid edib və nəticələrini tanımayıb. Bu işdə xüsusi fəallığı ilə “Lüblin üçbucağı” ölkələri fərqlənir.
“Lüblin üçbucağı” – Ukrayna, Polşa və Litva arasında siyasi, iqtisadi və sosial müstəvidə üçtərəfli əməkdaşlıq platformasıdır. Bu platformanın yaradılması haqda birgə bəyanatı bu ölkələrin xarici işlər nazirləri, Belarus seçkilərindən az öncə, 28 iyul 2020-ci ildə Polşanın Lüblin şəhərində imzalamışdılar. Faktiki olaraq bu, orta çağlar Şərqi Avropasının dominant imperiyası – Rzeczpospolitanın bərpası, hətta ХХ əsrin əvvəllərində polyak lideri Josef Pilsudskinin arzularında yaşatdığı böyük geosiyasi layihəsinin, Międzymorze (Dənizlərarası) adlandırdığı konfederativ bir dövlətin reallaşmasına ilk addımdır.
Bu konfederasiya Polşa, Ukrayna, Belarus, Litva, Latviya, Estoniya, Moldova, Macarıstan, Rumıniya, eyni zamanda keçmiş Yuqoslaviya ərazilərinin bir hissəsini özündə birləşdirərək Qara və Adriatik dənizlərindən Baltikə qədər uzanmalı idi, buna görə də adı məhz Międzymorze idi. Coğrafi xəritəyə ötəri bir nəzər kifayətdir ki, hamıya aydın olsun – özülü yenicə qoyulmuş bu layihə Qərbi Avropa üçün Rusiya önündə sipər rolunu oynayacaq çox böyük bir “bufer zona” anlamını daşıyır. Eyni zamanda bu, Rusiya tərəfindən iki əsrdən çox əzilən, tarix boyunca iki dəfə dünya siyasi xəritəsindən məhz Rusiyanın iştirakı ilə silinən Polşa üçün bu bir revanş şansıdır.
Hazırkı hadisələr uğurla başa çatsa, şübhəsiz ki, “Lüblin üçbucağı” layihəsinə qoşulacaq növbəti namizəd Belarusdur. Buna etirazçıların simvolikası belə işarə edir. Nümayişçilərin istifadə etdiyi bayraq (1918-1920-ci illərdə mövcud olmuş Belarus Respublikasının bayrağıdır, 1991-1995-ci illərdə bərpa edilmişdi) Polşanın ağ-qırmızı bayrağının rəngləri və formasına çox-çox yaxındır, zatən belarusca adı da бела-чырвона-белы сцяг kimi gedir. Bayrağın üstündəki cəngavər təsviri olan gerb var ki, hazırda eynisi həm də Litvanın gerbidir. Eyni zamanda Belarus bayrağının bu rəngləri Latviya bayrağının rənglərinin də inversiyası, yəni tərsidir. Rəmzlər bu anlamda müstəsna vacib əhəmiyyət daşıyır, bir zamanlar yazmışdıq bu mövzuda.
Hazırda isə hamını yalnız bir məsələ maraqlandırır – Batya nə qədər davam gətirə biləcək? Suala cavab vermək asan olmasa da, aydındır ki, artıq onun hakimiyyəti titrəyib, aqoniya başlanıb və keçmiş dönəmlər bir daha geri qayıtmayacaq. Batyanın komandasının bir hissəsi artıq “aradan çıxmaqla” məşğuldur, DİN naziri Yuri Karaev artıq etirazçılara tutulmuş divana görə üzr istədi, mədəniyyət naziri də nümayişçiləri dəstəklədi.
Rusiyada Spivakov adlı bir yaltaq manıs var, öncələr ona Batya tərəfindən verilmiş ordenini bu günlərdə ona qaytarıb, deyib ki, belə bir ordeni sinəsində gəzdirə bilməz. Bilməyənlər üçün qeyd edək ki, bu Spivakov təxmini bizim mərhum Bəxtiyar Vahabzadə kimi bir funksiyaya malikdir, yəni siyasi proseslərin bir növ barometridir. Yəni əgər onun kimisi də medalı qaytarıbsa, demək Batya üçün işlər həqiqətən fənadır. Qısaca, siçovullar gəmini təcili tərk edir.
Postsovet məkanında artıq bir neçə ölkədə iqtidar nümayişlər və dinc etirazla dəyişib, lakin bu ölkələri fərqləndirmək gərəkdir. Ölkələr var ki, onlarda iqtidarın dəyişməsi regional geosiyasi vektorun da dəyişməsi anlamına gəlir – məs., Gürcüstan və Ukrayna bu qəbildəndir, o səbəbdən bu ölkələr Rusiyanın müdaxiləsinə uğradılar və artıq uzun illərdir ki, Azərbaycan kimi separatizmdən əziyyət çəkirlər. Lakin tutalım Ermənistanda, və ya Qırğızıstanda mövcud iqtidarın etirazlara davam gətirməyib getməsi heç bir geosiyasi dəyişikliyə gətirib çıxarmadı və çıxara da bilməzdi – bu ölkələrin ümumi potensialı və coğrafiyası (hər ikisi “geosiyasi küp”də yerləşir) buna imkan vermirdi.
Belarus belə bir ölkə deyil, orada hakimiyyətin dəyişilməsi yuxarıda qeyd etdiyimiz səbəblərdən Rusiya üçün əsla xoş olmayan çox böyük geosiyasi təbəddülatlara gətirib çıxaracaq və aydındır ki, Kreml buna imkan verə bilməz. Zatən dünən sosial şəbəkələrdə Belarus sərhədində tam hazır vəziyyətə gətirilmiş rus ordusunun görüntülərinin yayılması da buna dəlalət edir. Zənnimcə rusların Belarusa indiyədək daxil olmaması Kremllə münasibətlərdə özünü olmazın ötkəm aparan Batyanın cəzalandırılması anlamı daşıyır, yoxsa müdaxilə çoxdan baş verərdi.
Başlıca sual – Batyanın gələcəyi nə olacaq, Belarusda hakimiyyət dəyişəcəkmi? Əslində dünyada artıq Maduro kimi bir örnək var, xatirinizdədirsə, Venesuelanın prezidenti əleyhinə nümayişlər keçən ilin yanvarında başlamışdı, hətta ABŞ müxalifətin lideri Juan Guaidonu prezident vəzifəsini icra edən kimi tanımışdı da, lakin Maduro Rusiyanın köməyi ilə qismən də olsa hakimiyyətini saxlayıb qala bildi, eynisini Bəşər Əsəd haqda da deyə bilərik. Demək, hadisələrin belə gedişi də mümkündür.
Kimsəyə sirr deyil ki, Batya Kreml üçün simpatik fiqur deyil, əksinə, bəlkə də ikrah doğurur, lakin Rusiyanın hazırkı geosiyasi şərtlər fonunda, bu, və ya digər formada müdaxilədən başqa çıxış yolu qalmır. Əks təqdirdə, Xabarovskda 11 iyuldan bu günə kimi səngiməyən sürəkli etirazların fonunda Batyanın iqtidardan uzaqlaşdırılması Kreml üçün fəlakətin başlanğıcı ola bilər.
Ağla gələn ehtimallardan biri də, Azərbaycanın bu hadisələr fonunda öz oyununu oynamaq, məsələn, Rusiyanın gündəmi Belarus və Xabarovskla zəbt olunduğu bu günlərdə, eyni zamanda müttəfiq türk ordusunun da Azərbaycanda olduğu dönəmdə, qarşı tərəfin uzun illərdir sürən “qalib üstünlüyü” ritorikasına son vermək istəyəcəyidir. Qalib üstünlüyü başgicəllənmə yaradan, sülh danışıqlarını imkansız və mənasız edən dərin bir kompleksdir. Azərbaycanın bu status-kvonu bitirməyə, ilk növbədə qarşı tərəfə bu kompleksdən azad olmağa kömək etməyə tam haqqı çatır.

Elmir Mirzəyev

Oxşar xəbərlər