SON DƏQİQƏ

www.bakitv.az

Atlantik-Avrasiya-Avropa üçbucağında Krımın ilhaqı

Atlantik-Avrasiya-Avropa üçbucağında Krımın ilhaqı
1-09-2020, 13:29 43 dəfə baxılıb

Fatih Petek
“Stratejik ortak”

(Bəzi ixtisarlarla)

2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımın strateji əhəmiyyətini anlamaq, prosesi sağlam bir şəkildə təhlil etmək üçün Krımın və Ukraynanın tarixində gözə çarpan nöqtələrini nəzərdən keçirməyimiz çox vacibdir.

Tarixi proses

Krım 1921-ci ildə SSRİ-nin qurucu atası Lenin tərəfindən Muxtar Sovet Sosialist Respublikası olaraq quruldu.

Stalin dövründəki digər bir mühüm hadisə yaşanan aclıq dövrüdür. Bu aclıq dövrü nəticəsində təxminən 10 milyon ukraynalı həyatını itirdi. Daha sonra SSRİ rəhbərliyi ukraynalıların həyatını itirdiyi bölgələrə rusların yerləşdirilməsi siyasətini həyata keçirdi.

Nikita Xruşşev dövründə Ukrayna və Krımla əlaqədar əhəmiyyətli hadisələr baş verdi. 1954-cü ildə SSRİ rəhbərliyi Pereyaslav müqaviləsinin 300 illiyi səbəbiylə Krımı Muxtar Respublika statusu altında Ukraynaya verdi

Etnik-dini şəxsiyyət fərqləri

Ukraynanın hazırda Atlantik-Avropa qanadı ilə Avrasiya qanadı arasında qalmasının səbəbləri yeni deyil. Yuxarıda zikr etdiyimiz tarixi proseslərdən sonra Ukrayna demək olar ki, Qərbə və Şərqə bölündü. Bu bölünmənin səbəbləri müxtəlifdir. Tarixə nəzər salsaq, Avstriya və Polşanın bir zamanlar Ukraynanın Qərb bölgələrini, Rusiyanın isə Şərq bölgələrini işğal etmələri ölkənin parçalanmanın köklü səbəblərindən biridir. Bu dövlətlərin tarixi səhnəsində Ukraynanın işğalı, məskunlaşma və mədəni siyasətlərini yerli insanlara tətbiq etmələri Ukrayna cəmiyyətinin qərbə və şərqə ayrılmasında böyük rol oynayıb.

Dini etiqad və şəxsiyyət tərifi baxımından: Ölkənin Qərb və Şərq bölgələrində dini inanc fərqlilikləri var. Qərb hissəsi daha çox katolik, şərq hissəsinin əksəriyyəti isə pravoslav inancına sahibdir. Ukraynanın qərb hissəsində yaşayan insanların əksəriyyəti özlərini avropalı hesab edərkən, Şərqdə yaşayan insanların əhəmiyyətli hissəsi Avrasiyalı kimi görürlər. Şərq hissəsində yaşayan insanların inanc sistemi və avrasiyalı kimliyinin çətiri altında özlərini görmələri Rusiya əlini gücləndirən yumşaq güc alətinə çevrilib.

Etnik baxımdan: İkinci Dünya Müharibəsi dövründə Krımda yaşayan tatarlar müharibə zamanı nasistlərə kömək etdikləri üçün öz yurdlarından sürgün edildilər. Onların yerinə bu bölgəyə ruslar yerləşdirildi. Bu köçürmə siyasətinin nəticəsində Krımın hazırkı etnik tərkibinə nəzərə salsaq, ümumilikdə 2 milyon civarında olan əhalisinin təxminən 60% rus, 25% ukraynalı, 13%-i isə tatardan təşəkkül tapır

Nəzəri amil

Krımın ilhaqının ideoloji zəmininin başqa bir məqamı isə Rusiyanın yürütdüyü Torpaq Hakimiyyəti Nəzəriyyəsi və Yaxın Ətraf Doktrinasıdır.

Torpaq hakimiyyəti nəzəriyyəsi: Məşhur İngilis geopolitiki Makkinder tərəfindən 1900-cü illərdə irəli sürülüb. Bu gün də Makkinderin irəli sürdüyü bu nəzəriyyənin etibarlılığını görürük. Makkinderə görə, “Dünya Adası”nın ürəyi olan iki bölgə var: Bunlardan birincisi Sibir, digəri isə Şərqi Avropadır.

Bu ürək bölgəsinin ətrafındakı iç nahiyə Balkanlardan Çinə qədər uzanan coğrafiyanı əhatə edir, xarici nahiyə isə Amerika, Avstraliya, Afrika və nəhayət Yaponiyanın yer aldığı coğrafiyadan ibarətdir. Bütün bunlara əsaslanaraq Makkinderin məşhur sitatı belədir: “Şərqi Avropaya kim hakimdirsə, Ürək sahəsinin iç nahiyəsinə; iç nahiyəyə hakim olanlar isə dünyaya hakim olur”

Bu nəzəriyyəyə əsasən, dünyaya hakim olmaq istəyən bir güc əvvəlcə Şərqi Avropanı ələ keçirməlidir. Bunun uçun isə, ürək bölgəsi olaraq xarakterizə edilən Sibir, Rusiya ərazisində yerləşdiyindən, Torpaq hakimiyyəti nəzəriyyəsinə görə, bu ölkə dünya hökmranlığını hədəf alan digər dövlətlər tərəfindən bir geopolitik hədəfə çevrilir. Dolayısıyla, Rusiyanın Şərqi Avropadakı Ukraynaya müdaxiləsinin əsasını özünü hədəf ala biləcək potensial hücumlara müdaxilə istəyi təşkil edir.

Yeltsin dövründə irəli sürülən 1993-cü il tarixli "Yaxın Ətraf Doktrinası" bizə nəzəri olaraq Krımın ilhaqı ilə bağlı bəzi ipucları verir. Bu doktrinada Rusiyanın keçmiş SSRİ ərazisində təhlükəsizlik və sabitlik təmin etməsinin vacibliyi vurğulanır və Rusiyanın keçmiş SSRİ ərazisində həyati maraqlarının olduğu bildirilir. SSRİ ərazisinin əhəmiyyətli bir hissəsinin Şərqi Avropa bölgəsində olduğunu nəzərə alaraq, görərik ki, Rusiyanın qərar qəbuledici şəxsləri Makkinderin Torpaq Hökmranlığı Nəzəriyyəsini yüksək qiymətləndirirlər.

İlhaq prosesi

2013-cü ildə Ukrayna ilə AB arasında imzalanması tələb olunan Assosiasiativ üzv sazişi Ukraynanın ozamankı Prezidenti Yanukoviç tərəfindən rədd edildi və Rusiya ilə Ukrayna arasındakı münasibətlərin yaxşılaşdırılacağı açıqlandı. Bu hadisədən sonra müxaliflər küçələrə töküldü, hökumətin qərarına etiraz edildi. Etirazçılar və təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verdi. Ukraynalıların azadlıq mübarizəsi nəticəsində Yanukoviç ölkəni tərk etməli oldu. Poroşenko Ukraynada hakimiyyətə gəldi və AB ilə Assosiasiativ Sazişi imzaladı. Məhz bu hadisədən sonra ölkənin şərqində və Krım bölgəsində qarşıdurmalar yaşandı. Münaqişələrin kəskinləşməsi nəticəsində Rusiya 27 Fevral 2014-cü il tarixində Krıma əsgər göndərərək bölgəni işğal etdi. 16 Mart 2014-cü il tarixində Krımda referendum keçirildi. Referendum nəticəsində Krım Rusiyaya qoşuldu.

Krımın ilhaqından sonrakı dövrdə AB ölkələri bu ilhaqı tanımadılar və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdilər. Bu sanksiyalardan bəzilərinə nəzər salaq: Rusiyanın AB ölkələrindən idxal etdiyi texnoloji məhsullarda bir məhdudiyyət qoyuldu, xarici investorlar ölkədən sərmayələrini geri çəkdilər. Bundan əlavə, Rusiyada Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından maliyyə dəstəyi verilərək həyata keçiriləcək layihələrin dondurulmasına qərar verildi. Bu iqtisadi sanksiyalara əlavə olaraq Rusiyaya silah satışına da embarqo tətbiq edildi.

AB-nin iqtisadi zəmində qurulmuş bir təşkilat və əsas gücünün isə iqtisadiyyat olduğunu qəbul etsək, Rusiyaya qarşı tətbiq edilən bu sanksiyaların iqtisadi cəhətdən əsaslandırılması normaldır. AB-nin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına ciddi zərbə vurduğunu deyə bilərik. 2013-cü ilin son rübündə Rusiya iqtisadiyyatı 2% artım göstərdiyi halda, 2014-cü ildə bu nisbət 0,8%-ə endi. Rusiya iqtisadiyyatının böyümə sürətindəki yavaşlamaya əlavə olaraq, 2014-cü ilin sonuna doğru neft qiymətlərindəki azalma, Rusiya iqtisadiyyatını 2015-ci ildə AB iqtisadi sanksiyalarının da birləşməsi ilə böhran vəziyyətinə gətirdi və Rusiyanın fond biryası dəyərini 50% itirdi. Rus valyutası rubl da birja kimi 50% dəyərdən düşdü.

Bütün bunlara əsaslanaraq aşağıdakı nəticələrə gələ bilərik: Bu hadisələr nəticəsində Rusiyanın yumşaq qarnının iqtisadiyyat olduğu bir daha sübut edildi. İqtisadiyyatı təbii qaynaqlara söykənən ölkələrdə, təbii ki, enerji mənbələri həm iqtisadi, həm də siyasi baxımdan ciddi təsir alətidirlər. Rusiyanın ən vacib kozurlarından biri olan enerji, həm də iqtisadi baxımdan Rusiyanın ən zəif nöqtəsi kimi ortaya çıxır.

Krımın ilhaqının strateji müstəvisi

Rusiya üçün Krımın ilhaqı sadəcə bir yarımadanı ələ keçirmək deyil. Krımda yerləşən Sevastopol limanı 1783-cü ildən bəri Rusiyanın Qara dənizdəki donanmasının əsas mərkəzlərindən biri olmuşdur. SSRİ-nin dağılmasından sonra da Rusiya bu yeri qurban verməmiş, Ukraynadan icarəyə götürərək bu strateji əhəmiyyətli liman kimi istifadə etmişdir. Rusiya Krımı ilhaq edərək və bu yarımadadakı Ukraynaya məxsus hərbi obyektlərə və bazalara sahib olmaqla ordusunun taktiki zərbə gücünü artırmışdır. Bundan əlavə, Rusiya hava qüvvələrinin əməliyyat məsafəsi Qara dənizin qərbinə doğru irəliləmişdir ki, bu da Rusiyaya əhəmiyyətli manevr imkanı verir.

Rusiyanın təhlükəsizlik prizmasından baxsaq, Moskvanın xarici siyasətinin təməl hədəflərindən biri olan isti dənizlərə çıxmaq strategiyası üçün ən qısa yol Qara dəniz üzərindən Türk Boğazlarını keçərək Aralıq dənizinə enməkdir. Bu marşrut üzrə NATO-ya üzv dövlətlərə baxdığımızda geosiyasi məkanlar olaraq Türkiyə, Bolqarıstan, Rumıniya və Yunanıstan gəlir. Bu dövlətlər Rusiyanın Qara dənizdən Aralıq dənizinə keçiş nöqtəsində bulanan hərbi ittifaq (NATO nəzərdə tutulur-Ovqat.com) baxımından Rusiya üçün potensial bir təhdiddir. İndi bu siyahıya bir də Ukraynanı da əlavə etsək, vəziyyət daha da mürəkkəbləşir. Ukraynanın NATO üzvü olmaq potensialı reallaşsa, Qara dəniz Rusiya üçün NATO gölünə çevrilir. Başqa sözlə, bu ehtimalın reallaşması Rusiya üçün bir geopolitik fəlakət olar. Aralıq dənizi və Qara dənizlə əlaqəsi kəsilən Rusiya Suriyadakı Tartus hərbi bazasını qorumaqda çətinlik çəkər. Artıq NATO-nun Rusiya ilə sərhəd qonşuları olan Estoniya-Latviya-Litva üçlüyünün yanında bir NATO üzvü Ukraynanın olması, Rusiyanın həm dənizlərdən, həm də qurudan mühasirəyə alınması deməkdir. Bu minvalla Rusiya həm manevr qabiliyyətini itirər, həm də mümkün müharibəni birbaşa öz ərazisində aparmalı olar. Hərb strategiyasını yaxşı bilən hər bir dövlət anlayır ki, mümkün bir müharibədə müdafiə xətti öz ərazilərindən kənarda qurulmalıdır. Təsadüfi deyil ki, “Ukrayna” sözü də Rus dilində "sərhəd, son, yəni bufer ölkə" mənasını verir. Rusiya Ukraynanı özü üçün bir bufer zonası olaraq görür, bu səbəbdən də ölkənin AB və NATO üzvlüyünə qarşı çıxır.

ABŞ isə Ukraynanın AB-yə daxil olmasını və qərbə inteqrasiyasını və NATO üzvü olmasını istəyir. ABŞ-ın bu istəkləri fonunda Rusiyanı öz ərazisi ilə məhdudlaşdırmaq və Avropa üçün enerji təhlükəsizliyini təmin etmək arzusu var.

Ümumi qiymətləndirmə

Rusiya Krımı ilhaq edərək, digər aktyorlara Yaxın Ətraf Doktrinasının yalnız kağız üzərində qalmayacağını göstərdi. Sübut olundu ki, AB-nin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar rusların atacağı hərbi addımların qarşısını almaq üçün yetərli deyildi. Rusiya Ukraynanı öz təhlükəsizliyinə və dünya hökmranlığına nail olmaq üçün itirilməyəcək bir açar kimi görür…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ