Ermənistana son şans: “İrəvan bu vəziyyəti düzgün qiymətləndirməlidir”
22-04-2022, 17:00
7 143

Ermənistana son şans: “İrəvan bu vəziyyəti düzgün qiymətləndirməlidir”

“Ermənistanda hərdən bir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır”.
Bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında söyləyib.
Dövlət başçısı bildirib ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik:
“İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu açıqlamaları sülh prosesini pozmağa çalışan Ermənistandakı revanşist qüvvələrə çox ciddi bir mesajdır. Prezident onlara sonuncu dəfə xəbərdarlıq edərək sülhə dəvət etdi. Erməni müxalifəti başa düşməlidir ki, mövcud geosiyasi reallıqlarda diqtə edən tərəf sadəcə Azərbaycandır və beynəlxalq hüquq da bizim tərəfimizdədir.
Ümumiyyətlə, revanşistlər öz çirkin əməllərindən əl çəkməyəcəyi təqdirdə yenidən “Dəmir yumruq” zərbəsi altında məhv ediləcəklər. Onlar yaxın tarixdə baş verənləri ciddi təhlil etməli və reallıqları dərk etməlidirlər. Bir zamanlar Nikol Paşinyan da Şuşada yallı gedərək, Azərbaycanla bağlı sərsəm bəyanatlar səsləndirirdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində tarixi həqiqət bərpa oldu.
Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu sadəcə 44 gün ərzində 30 ilə yaxın həsrətə son verdi və Qarabağı işğaldan azad etdi. Reallıq budur ki, növbəti müharibə baş verəcəyi təqdirdə revanşistləri məhv etmək üçün Azərbaycana sadəcə bir neçə saatlıq antiterror əməliyyatı kifayət edəcək.
Milli Məclisin deputatı Elman Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, bu gün Dünya Azərbaycanlılarının V Qurultayı mədəniyyət paytaxtımız Şuşa şəhərində öz işinə başlayıb:

“Cənab Prezident İlham Əliyev haqlı olaraq bu qurultayı Zəfər qurultayı kimi xarakterizə edib. Dövlət başçısının dərin məzmunlu nitqində bir sıra vacib məqamlar qabardılıb.
Heç şübhəsiz ki, onların içərisində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərə diqqət yetirilib. Prezident vurğulayıb ki, biz tarixi zəfər əldə etməklə həm dünya erməniliyinə, həm də onların himayədarlarına qalib gəldik və erməni faşisminin başını əzdik.
Cənab Prezident qeyd edib ki, qarşımızda dayanan növbəti vəzifə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələdir və bu məsələdə bizim qətiyyətli mövqeyimiz var.
Həmin mövqeyi də məlum 5 baza prinsipində qeyd etmişik. Ermənistan tərəfi də həmin prinsipləri qəbul edir və gələcək sülh sazişi də həmin prinsiplər əsasında formalaşmalıdır. İlk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İkinci isə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Fikrimcə, bunlar çox önəmli məsələlərdir”.
Millət vəkili deyib ki, buna baxmayaraq, Ermənistanda bu gün də revanşist qüvvələr var:
“Onlar ciddi cəhdlə çalışırlar ki, sülh prosesi baş tutmasın və sülh müqaviləsi imzalanmasın. Prezident qeyd edib ki, rəsmi İrəvan bu vəziyyəti düzgün qiymətləndirməlidir.
Bəlkə də bu, Ermənistan üçün son şansdır və bundan istifadə etməlidir. Əgər İrəvan yenə də bu şansdan istifadə etməsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina edəcək. Bunun isə nəyə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil.
Ermənistan tərəfi 44 günlük Vətən müharibəsini və onun Ermənistan üçün fəlakətli nəticələrini yaddan çıxarmamalıdır. Onlar unutmamalıdır ki, müharibədə Ermənistan Ordusu darmadağın edildi və Azərbaycan dövləti indi daha güclüdür. Biz regionda uzunmüddətli və davamlı sülh, əmin-amanlıq və təhlükəszilik mühitinin formalaşmasını istəyirik. Ermənistanın nicatı da məhz əməkdaşlıqdan keçir. Lakin revanşizm Ermənistan üçün fəlakətdir”.

Oxşar xəbərlər