Bu gündən etibarən hava şəraiti dəyişəcək
6-10-2022, 10:58
1 438

Bu gündən etibarən hava şəraiti dəyişəcək

Hazırda payız mövsümü olmasına baxmayaraq, havanın temperaturu normadan 3.16 dərəcə yüksəkdir. 
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva oktyabr üçün xarakterik olmayan hava şəraitilə bağlı danışarkən bildirib.
Ü.Tağıyeva deyib ki, hazırda paytaxtda, eləcə də əksər rayonlarda hava yağmursuzdur:
“Oktyabr ayının ilk günlərində havanın mülayim keçməsi haqqında proqnoz vermişdik. Bu gündən etibarən hava şəraitinin dəyişəcəyi gözlənilir. Abşeron yarmadasında şimal küləyinin sürəti bir qədər artacaq. Ayın 7-si və 8-i temperatur tədricən enəcək və oktyabr ayı üçün səciyyəvi olan göstəricilər müşahidə olunacaq. Paytaxtda təxminən 21-22 dərəcə isti gözlənilir. Uzun müddət yağmursuz hava şəraitindən sonra bəzi rayonlarda bu proses yağışlarla müşahidə olunacaq. Çox güclü yağıntılar gözlənilmir, amma şimal-şərq rayonlarında leysan xarakterli yağıntıların bir qədər intensivləşəcəyi gözlənilir”.
Nazirlik rəsmisi bildirib ki, hazırkı hava şəraitini təyin edən hava kütləsi cənubdan hərəkət edən hava kütləsidir:
“Həmin hava kütləsi də istidir. Onların təsiri nəticəsində hava bu qədər mülayim keçir. Hava hazırda dəyişkəndir. Şimal qərbdən soyuq atmosfer cəbhələri ölkə ərazisinə yaxınlaşır".
U.Tağıyevanın sözlərinə görə, oktyabr üçün xarakterik olmasa da, müxtəlif illərdə bu cür hava şəraiti müşahidə olunub. 

Oxşar xəbərlər