Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
2-03-2021, 11:01
138

Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

Adı bir mənzili bir neçə nəfərə satmaqda keçən və sakinlər tərəfindən dələduzluqda ittiham olunan “Proqress 2016” MTK rəhbəri Emil Səməndərov bu dəfə Vətən müharibəsi şəhidinin ailəsini aldadıb. Reportyor.info xəbər verir ki, şirkətin Xırdalanda tikilən binasından sağlığında mənzil alan Zeynalov Azad Rafiq oğlu həmin evin başqasına da satılmasından məlumatsız olub. Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan A. Zeynalov son mənzilə yola salındıqdan sonra ailəsi onun aldığı mənzilə sahiblənə bilmir. Məlum olub ki, mənzil başqa bir fiziki şəxsə də satılıb və “Proqress 2016” MTK rəhbəri fırıldağa yol verib.Bu faktı AĞ Partiya başqanı Tural Abbaslı canlı yayımda açıqlayıb.

Onun sözlərinə görə, şəhidin ailəsi A. Zeynalovun ödədiyi pulu tələb edir, E. Səməndərov isə qaytarmır. Partiya lideri bildirib ki, Azad həmin şirkətin rəhbəri və övladları rahat yaşasın deyə vətən üçün canından keçir, amma tikinti firması onların pulunu da ödəmir. Halbuki E. Səməndərovun borcu o vəsaitin üstünə əlavə də edib şəhid ailəsini razı salmaq, onlara dəstək vermək olmalıdır. Partiya sədri bununla bağlı Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa müraciət edib. O, məsələnin axırına qədər gedəcəyini açıqlayıb. Qeyd edək ki, “Proqress 2016” MTK barədə dəfələrlə şikayətləri işıqlandırmışıq. MTK rəhbəri bir mənzili bir neçə nəfərə satmaqda ittiham olunur. Onun işi istintaqda olsa da, heç bir tədbir görülməyib, vətəndaşlar evlərinə sahib çıxa bilmirlər.

Oxşar xəbərlər