Laçındakı çaylarımız üzərindəki SES-ləri bu erməni oliqarxlar işlədir...-FOTOLAR
4-09-2020, 14:14
378

Laçındakı çaylarımız üzərindəki SES-ləri bu erməni oliqarxlar işlədir...-FOTOLAR

Bu günlərdə özünün “prezident” “seçilməsi”nin 100 günlüyü münasibətilə keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan  bəyan edib ki, Qarabağda su elektrik stansiyaları tikilməsinin əleyhinə gedənlər bizim düşmənlərimizdir. O, bundan sonra da Kəlbəcər, Laçın, Qubadlı və s. ərazilərdəki çaylar üzərində SES-lər tikilməsinin davam edəcəyini bildirib. 
Xatırladaq ki,   hələ bu ilin yanvar ayında, yəni Qarabağda Bako Saakyanın hakimlik etdiyi dövrdə Kəlbəcərdə yaşayan erməni politoloq Aleksandr Kananyan SES-lərin tikilməsi, onların ekologiyaya ziyan vurması ilə bağlı, tikintilərin dayandırılması tələbiylə aclıq aksiyası elan etmiş, bir  müddət ona bir neçə digər şəxs, o cümlədən erməni məktəblilər də qoşulmuşdu... 

İşğal altındakı Azərbaycan ərazilərində, xüsusən  Kəlbəcər və Laçın rayonlarındakı çaylar üzərində aparılan tikinti işləri gündən-günə artır. Məsələ ondadır ki, illərlə Ermənistanda və Qarabağdakı torpaqlarımızda bəslənib harınlamış müxtəlif erməni oliqarxları bu işlərdən xeyli qazanc götürürlər...

Erməni nəşrlərinin yazdığına görə, işğalçı Ermənistanın  keçmiş və indiki liderləri Azərbaycanın işğal altındakı torpaqlarında  işləyən su elektrik stansiyalarını idarə edən şirkətlərin səhmdarlarıdır. Onların bir çoxu bu gün artıq məmur deyil, ancaq çalışdıqları dövrdə hidroelektrik biznesinə başlayıblar və hələ də su elektrik stansiyalarının sahibləridirlər... 

Torpaqlarımızda ermənilərin nəzarəti altında fəaliyyət göstərən 31 su elektrik stansiyasından 16-ı  Laçın rayonu ərazisindədir. Onlardan 9-u tikilməkdədir. Həmin SES-lərin əksəriyyəti Laçın rayonunun şimal-qərb hissəsindən axan 75 km uzunluğundakı Zabux çayının üzərində yerləşir. “Aqavno” adlandırılmış Zabux çayı  üzərində 9 su elektrik stansiyası var, bunlardan ikisi tikilməkdədir. Bu çayda  SES istismarı üçün ilk "lisenziya" 2011-ci ildə verilib...

Bəs Laçındakı SES-lərin  sahibləri  hansı ermənilər və şirkətlərdir?

Adlar saysız-hesabsızdır. Onların arasında işğalçı Ermənistanın sabiq baş nazirləri, nazirlər və nazir müavinləri, digər vəzifə sahibləri, onların oğul-qızları və ya arvadları,  eləcə də separatçı rejimin keçmiş rəhbər işçiləri və onların tör-töküntüləri var...

Məlumat üçün yalnız bəzi erməni oliqarxları və şirkətlərin adlarını çəkirik.

“Energo Group”

2017-ci ildə qeydiyyata alınan “Energo Group” – biri tikilən və üçü  artıq işləyən hidroelektrik stansiyasına faktiki malik olan şirkət Laçında fəaliyyət göstərir.

Şirkətin yeganə sahibi bu gün 1 SES (“Kaysaxbyur” -2”) işlədən “Kaysaxbyur” MMC-dir. MMC "Kaytsakhpyur" 2017-ci ilin avqust ayında təsis edilib. Şirkətin aksiyalarının 33 faizi  Lusine Asaaoğlyan adlı bir qadın məktəb direktorunda, daha 33 faizi isə əvvəllər “kənd təsərrüfatı” və ”iqtisadiyyat” “nazir”i olmuş hazırda “Artsaxenerji” aksioner cəmiyyətinin direktoru olan Andranik Xaçaturyanın arvadı Narine Amiryana məxsusdur.

Şirkətin direktoru 26 yaşlı Sergey Arutyunyandır. O, “Ermənistanın  Elektrik Şəbəkələri” QSC-nin baş direktoru Karen Arutyunyanın oğludur.

“Energo Group”a məxsus  “Kaysbyur- 2” SES-i Hoçaz çayı üzərində - Laçın rayonun Şəlvə və “Draxtadzor” adlandırılmış  Qoşasu(bəzi mənbələrə görə Ağcakənd) kəndləri arasında yerləşir. Quraşdırılma gücü 11.152 meqavat (MVt) və orta illik gücü 55.78 milyon kilovat/saat olmaqla Laçın ərazisində ən güclü SES-dir. SES-in istismarı üçün “icazə” 2019-cu ilin dekabrında 2034-cü ilə qədər- 15 il müddətinə verilib.

"IMAST" MMC


Bu şirkətin himayəsində olan Zabux çayı üzərindəki su elektrik stansiyalarından birini Ermənistanın keçmiş baş naziri və vergi müfəttişliyinin keçmiş rəisi Ovik Abramyanın  oğulları və tələbə yoldaşı  idarə edirlər.

SES  “Hak” adlandırılmış Minkənd kəndi ərazisində, Zabux çayı üzərində  quraşdırılıb. Gücü 1․864 MVt-dır. Şirkətin səhmdarları keçmiş  baş nazir Ovik Abramyanın oğlu Arqam Abramyan (50%), Sisyan rayonunun keçmiş vergi rəisi, O.Abramyanın tələbə yoldaşı Nairi Baxşyanın oğlu Karen Baxşyan (25%) və "Armsvisbank" ın icraçı direktoru Qorq Maçanyandır (25%). Karen Baxşyan eyni zamanda “İmast MMC”-nin direktorudur. 

2006-cı ildə qeydiyyatdan keçmiş şirkətin qurucusu Laçın şəhərinin faktiki keçmiş meri Artur Saakyandır. Şirkət su elektrik stansiyasını 2015-ci ildən 2030-cu ilə qədər qanunsuz istismar etmək üçün “icazə” alıb. SES-in orta illik hasilatı 14,3 milyon kilovat-saatdır.

“Kontinent” MMC  

Şirkətə Laçın rayonunun Mişni və Hoçaz kəndlərinin ərazisindəki "Hoçanz-1" SES-in istismarı üçün 2019-cu ildən 2034-cü ilə qədər “icazə” verilib.

Şirkətin sahibləri Qohar Tamazyan və Sergey Zakaryandır. Şirkətin səhmlərinin 50% -nə sahibdirlər.

Qohar Tamazyan sabiq baş prokuror müavini, Ermənistan istintaq komitəsi sədrinin keçmiş müavini Aram Tamazyanın qızı, iş adamı İsaak Seyranyanın həyat yoldaşıdır.

"Hoçants-1" SES-in gücü 5-76 MVt, orta illik istehsal gücü 43-46 milyon kilovatsaatdır.

Bundan başqa  Laçın rayonunun Ağanus və “Tsaxkaberd” adlandırılmış Güləbird kəndi ərazisində  Həkəri çayı üzərində qurulmuş  və "Hakari" MMC-nin idarə etdiyi 2019-cu ildə istufadəyə verilmiş və 2034-cü ilədək “icazəsi” olan  SES (quraşdırılmış gücü 8․04 MVt, orta illik istehsal gücü 45-82 milyon kilovat-saatdır) də fəaliyyət göstərir.

Hazırda “Daşnaksutyun” partiyası lider ləri Laçında 4 (“Sünik-1”, “Sünik-2”, “Sünik-3”, “Sünik-4”) SES idarəsində iştirak edir. 

Zabux çayı üzərindəki “Sünik-1”in sahiblərindən biri də Ermənistanın keçmiş təhsil naziri,  hazırda parlament üzvü olan Leon Mkrtçyandır. 

Laçın ərazisindəki SES-lərin idarəçiliyində “NK Enerji”(əvvəlki adı “Terter SES”), “Proton”, “İzotop delta” “Alfamaq”  və digər erməni şirkətlər də iştirak edir ki, onların da səhmləri müxtəlif keçmiş və indki vəzifəli və ya iş adamı olan ermənilərin əlindədir...

Növbəti yazımızda Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərən SES-lər və onların erməni sahibləri haqda məlumat verəcəyik.

P.S. Torpaqlarımızda qurulan SES-lərin sayını və gücünü ekoloji vəziyyətlə tarazlaşdırmaq və onların sahiblərini Azərbaycan Respublikasının milli(!) oliqarxlarıyla əvəzləmək haçan çatacaq?..

Oxşar xəbərlər