BQXK-dan Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılması məsələsi ilə bağlı - AÇIQLAMA
12-11-2020, 13:31
233

BQXK-dan Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılması məsələsi ilə bağlı - AÇIQLAMA

10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyanatda işğalçıların Azərbaycan torpaqlarından çıxarılması ilə yanaşı, hərbi əsir və girovların qaytarılması məsələsi də qeyd edilib. Bəyanatın 8-ci bəndində qeyd edilib ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Bu da Ermənistan tərəfində olan azərbaycanlı əsirlərin, o cümlədən Şahbaz Quliyevlə Dilqəm Əsgərovun da qaytarılması məsələsini gündəmə gətirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova məsələ ilə bağlı “MediaPost”a açıqlama verib. O bildirib ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin nə vaxt qaytarılması tərəflərin qəbul etdiyi qərardan asılıdır:

“Qərar qəbul edən münaqişə tərəfləridir və tərəflər kimi nə vaxt qaytarmaq barədə qərar qəbul etdikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həmin əməliyyatın həyata keçirilməsində neytral vasitəçi rolunu oynayır.

Kimin nə vaxt qaytarılması tərəflərin qəbul etdiyi qərardan asılıdır. Tərəflərin apardığı dialoq konfidensial xarakter daşıyır. Məhz bu səbəbdən Beynəlxalq Qızıl Xaç Komitəsi razılaşmanın məzmununu açıqlaya bilməz”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da tezliklə atasının ölkəmizə qaytarılacağına ümid etdiyini söyləyib:

"Cənab Ali Baş Komandan xalqa qələbə xəbərini verəndə dedi ki, hərbi əsir və girovların dəyişdirilməsi prosesi baş tutacaq. Artıq 7 ilə yaxın idi ki, atam erməni girovluğunda saxlanılır. İşğalçıların işğal olunmuş ərazilərdən çıxarılması prosesi başladıqdan sonra şanlı ordumuz Şuşaya yaxınlaşdıqda bildiyiniz kimi ermənilər atamı oğurlayaraq Ermənistana apardılar. Hələ ki bu barədə bizə heç bir məlumat verilməyib. Sadəcə, sonuncu dəfə BQXK tərəfindən bizə verilən məlumat o oldu ki, atamı Şuşadan aparılıblar. Atamla axırıncı dəfə hərbi əməliyyatlar başlamazdan təxminən 10 gün əvvəl məktublaşmışıq.

Hər zaman dövlətimizə, Ali Baş Komandanımıza güvənmişik. İnanırıq ki, yaxın zamanlarda hərbi əsir və girovların dəyişdirilməsi prosesi baş tutacaq və atam da artıq 7 ildən sonra azadlığa qovuşacaq".

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmənin qərarı" ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Oxşar xəbərlər