Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
10-08-2020, 16:00
302

Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə

İki nümayəndəsindən birinə nəzarət edə bilməyən şəhərə necə rəhbərlik edir?
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çətin durumla üzləşib.

AzFakt.com-a daxil olan məlumata görə buna səbəb Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun qalmaqallı həbsidir.

Goranboy rayonunu prokurorluğunun məlumatına görə Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
04 avqust 2020-ci il tarixdə cinayət işinin ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

Əldə etdiyimiz məlumata görə Naftalan şəhərində baş verən bu hadisə yuxarı dairələrdə ciddi müzakirəyə səbəb olub. Belə ki, ümumi 10 min əhalisi olan kiçik bir şəhərdə İcra başçısının ərazi üzrə nümayəndəsinin 100 nəfərə saxta arayış satmasını şəhər rəhbərliyinin yerli struktura nəzarət edə bilməməsi ilə əlaqələndirilir.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, Naftalan şəhərində şəhər İcra Hakimiyyətinin başçısının başqa rayon və şəhərlərdə olduğu kimi 10-larla yox, cəmi iki nümayəndəsi var. Bu nümayəndədən biri isə ölkənin ən ağır dövründə, sərt karantin rejimində vəzifəsindən sui-istifadə edərək vətəndaşlara 100 dənə saxta arayış satıb.

Qeyd edək ki, Vüqar Novruzov Prezident cənab İlham Əliyevin 04 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Vüqar Novruzov Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun oğludur.

Oxşar xəbərlər