TƏBİB-im gəl, edək çarə...- Salyan Mərkəzi Xəsətəxanasının baş həkimi Ramin Qasımov xəstəxananı bazara döndərib...
2-11-2021, 12:28
486

TƏBİB-im gəl, edək çarə...- Salyan Mərkəzi Xəsətəxanasının baş həkimi Ramin Qasımov xəstəxananı bazara döndərib...

Ölkə səhiyyəsi  nə gündədir  hamıya məlumdur. 
İkicə faktı qeyd etmək yetər ki, səhiyyəmizin  bərbad durumu aydın olsun. 
Birincisi,  həkimin xəsətənin sağ ayağı əvəzinə sol ayağını  kəsməsi dünyada görünməyən bir rüsvayçılıqdır. 
İkincisi, 2-3 ay əvvəl Biləsuvar Mərkəzi Xəstəxanasında həkimin xəstənin kor bağırsağı  əvəzinə nazik bağırsağını kəsməsinin yəqin ki, dünyada analoqu yoxdur. 
Bütün bunlar ortada ola-ola  təzə qurumlar yaradırıq. 
Onlardan biri də TƏBİB-dir ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ). 
TƏBİB  deyən kimi adamın yadına klassik şairlərimizdən birinin misrası düşür...
TƏBİB-im gəl, edək çarə...
İndi görək, adına TƏBİB  dediyimiz qurum  nəyəsə yarayırmı ?
Məlumdur ki, 2 ay öncə  TƏBİB-in sədri  Ramin Bayramlı guya öz ərizəsi ilə tutduğu vəzifədən istefa verdi. 
Bir soruşan olmadı ki, bu adam necə təyin olunmuşdu, niyə işləyə bilmədi, niyə istefa verdi..?
Və tələm-tələsik onun yerinə Vüqar Qurbanovu təyin etdilər.  
Düzdür  Ramin Bayramlı vəzifəsindən getsə də  onun kadrları hələ də qalmaqda davam edir. 
Onu da qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin olunanda bəlkə də gündə 3-4 əmr verirdi, müxtəlif rayon xəstəxanalarının baş həkimini dəyişir, direktor təyin edir, sanki əlinə düşmüş fürsətdən istifadə edib dost-tanışı vəzifələrə doldururdu...
Onlardan biri də Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi  Qasımov  Ramin Əjdər oğludur. 
Məlumatlı mənbənin dediyinə görə, görüşlərin birində Ramin Bayramlı adaşı Ramin Qasımova deyib ki, adaş, yaxın zamanda səhiyyə naziri olacam, get Salyanda  5-6 ay  vaxtını keçir, qalanı mənlikdir...
Bəli, bu gənc kadrların əsas işi vaxt öldürmək və daha böyük vəzifələrə  can atmaqdır..
Beləcə, Ramin Bayramlı vəzifəsindən getsə də onun kadrı Ramin Qasımov hələ də Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi kimi vaxtını öldürür. 
Əslində  Salyan Rayon Mərkəzi Xəstəxanasında vəziyyət kritik həddə çatıb. 
Bu xəstəxana ilə bağlı sosial şəbəkələrdə yazılanlardan bəlli olur ki, xəstəxanada vəziyyət çox iyrəncdir, antisanitariya baş alıb gedir, həkimlər dilənçi kimi xəstələrin əlinə baxır. Hətta xəstəxanada liftlər pulladır. Bəli, yuxarı qalxıb, aşağı enmək istəyən hər kəs  liftdə oturan şəxsə 30 qəpik lift pulu verməlidir. 
İndi özünüz təsəvvür edin vəziyyəti. 
Xəstəxananın həyətində xəstələrə  süd, qatıq  satmaq istəyənlər var. Başa düşmək olmur ki, bura xəstəxanadır, yoxsa bazar ? 
Ümumiyyətlə, Salyan Mərkəzi Xəstəxanasında əlillik dərəcəsinin verilməsi ilə bağlı  rüşvət halları son həddə çatıb. Kimin pulu varsa, verib özünə əlillik dərəcəsi alır. 
Hətta  bununla bağlı, yəni həkimlərin qanunsuz əməlləri ilə  bağlı  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi  Salyan Mərkəzi Xəstəxanasının əməkdaşları barəsində cinayət işi də açıb. 
Məsələ, təkcə əlillik dərəcəsi ilə bitmir. 
Salyan Mərkəzi xəstəxanasında satınalmalar, tenderlərlə bağlı  ciddi qanun pozuntuları və mənimsəmələr var. 
Təkcə tibbi avadanlıqların alınmasına 50 min manata yaxın pul köçürülüb. 
Bütün bunlar onu göstərir ki, Ramin gedir, o biri Ramin gəlir, amma vəziyyət dəyişmir. 
Deməli, səhiyyə sahəsində ciddi islahatlara ehtiyac var. /Gundelik-baku.com/

Oxşar xəbərlər