Azərbaycanda bu ərzaq məhsulları kəskin bahalaşıb
18-06-2021, 14:01
348

Azərbaycanda bu ərzaq məhsulları kəskin bahalaşıb

Bu il Azərbaycanda bahalaşma ötən illə müqayisədə artan xətlə gedib. Son zamanlar ölkədə ən yüksək qiymət artımı 2017-ci ildə qeydə alınmışdı. O vaxt Azərbaycanda qiymətlər, rəsmi rəqəmlərə görə, 12.9 faizə yüksəlmişdi. Sonrakı illərdə qiymət artımının səviyyəsi 2.3-2.8 faiz arasında dəyişdi. Bu ilin yanvar-may aylarında isə qiymət artımının səviyyəsi, rəsmi rəqəmlərə görə, 4.2 faizə yüksəlib.
Qeyd edək ki, əmtəə qiymətlərinin yüksəlməsi son dövrlər bütün dünyadan ötrü xarakterikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, FAO Qida Qiymət İndeksi bu ilin mayında aprellə müqayisədə 4.8 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 39.7 faiz yüksək olub. Qurum qiymət indeksinin yüksəlməsini, əsasən, bitki mənşəli yağların, şəkər və taxılın qiymətlərindəki qlobal artıma bağlayıb. Ərzaq məhsullarının təminatında idxalın özəl payının yetərincə yüksəkliyi daxili amillərlə yanaşı, xarici amillərin də qiymətlərin bahalaşmasına təsirini danılmaz edir.
Azərbaycanda pandemiyaya görə məhdudiyyətlər ötən ilin martından bəri tətbiq edilir. Karantin rejimi iqtisadiyyata təsirsiz ötüşməyib. Ötən il ölkədə orta aylıq əməkhaqqı və əhalinin gəlirlərində azalma, işsiz sayında çoxalma qeydə alınıb. Bəs karantin rejimi başlayandan bəri ölkədə məhsulların qiyməti necə dəyişib? Ən çox hansı məhsullar bahalaşıb? (Azadliq.org)
Un məhsulları və düyü 10 faiz bahalaşıb
Un və un məhsulları Azərbaycanda insanların qida rasionunda önəmli yer tutur. Rəsmi rəqəmlərə görə, pandemiya başlayandan bəri ölkədə 1 kiloqram buğda ununun orta qiyməti 1 manat 9 qəpikdən 1 manat 20 qəpiyə, qarışıq undan çörək (1kq) 1 manat 4 qəpikdən 1 manat 13 qəpiyə, çovdar çörəyi (1 kq) 1 manat 18 qəpikdən 1 manat 25 qəpiyədək bahalaşıb. Vermişel və makaronun orta qiyməti isə həmin vaxt ərzində 1 manat 84 qəpikdən 2 manat 2 qəpiyə yüksəlib. Başqa deyimlə, 18 qəpik və ya 10 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məhsulların orta qiyməti ilə bağlı hesablamalarından görünür ki, 2020-ci ilin martında Azərbaycanda uzun düyünün 1 kiloqramı 3 manat 52 qəpiyə, yumru düyünün 1 kiloqramı isə 2 manat 6 qəpiyə satılıb. Hazırda bu göstəricilər, uyğun olaraq, 3 manat 82 qəpik və 2 manat 25 qəpikdir. Beləliklə, pandemiya dönəmində ölkədə uzun düyünün qiymətində 30 qəpik (9 faiz), yumru düyünün qiymətində isə 19 qəpik (10 faiz) artım gözə çarpıb.
Bəs ət və süd məhsulları?
Rəsmi rəqəmlərə görə, pandemiya dövründə mal ətinin orta qiymətində nisbi azalma sezilib. Pandemiya başlayan ərəfədə sümüklü mal ətinin 1 kiloqramının orta qiyməti 10 manat 58 qəpik idisə, hazırda bu göstərici 10 manat 39 qəpiyə enib. Sümüksüz mal ətinin orta qiyməti də həmin dövr ərzində 12 manat 48 qəpikdən 12 manat 42 qəpiyə geriləyib.
Qoyun və toyuq əti isə, mal ətindən fərqli olaraq, pandemiya dövründə bahalaşıb. Ötən ilin martında ölkədə bir kiloqram qoyun ətinin orta qiyməti 11 manat 67 qəpik idisə, hazırda bu rəqəm 11 manat 81 qəpikdir. Toyuq ətinin qiyməti də həmin müddətdə 4 manat 54 qəpikdən 4 manat 69 qəpiyə yüksəlib. Ən çox artım müşahidə edilən ərzaq məhsullarından biri kolbasadır. Pandemiya müddətində hisə verilmiş 1 kq kolbasanın qiyməti 11 manat 64 qəpikdən 13 manat 90 qəpiyədək - 1 manat 26 qəpik bahalaşıb. Suda bişmiş kolbasanın qiymətindəki artım məbləği isə 80 qəpikdir.
Ağartıda da artım tempi ara verməyib. Pandemiya dövründə pasterizə olunmamış üzlü südün 1 litrinin orta qiyməti 89 qəpikdən 93 qəpiyə, sterilizə olunmuş üzlü südün qiyməti 2 manat 11 qəpikdən 2 manat 28 qəpiyə yüksəlib. Qatıq da bahalaşıb. Əvvəllər kilosu 1 manat 90 qəpiyə satılan qatıq 2 manat 11 qəpikdən satılmağa başlanıb.
Uşaq qidaları da bahalaşma dalğasından kənarda qalmayıb. Pandemiya dövründə yarma, un və ya nişastadan hazırlanmış uşaq qidalarının 500 qramının orta qiyməti 9 manat 26 qəpikdən 10 manat 52 qəpiyə yüksəlib. Yəni, bahalaşma 1 manat 26 qəpiyə və ya 14 faizə yaxın olub. Uşaq qidası üçün quru süd qarışığının 1 kiloqramının qiyməti isə həmin vaxt ərzində 33 manat 17 qəpikdən 35 manat 11 qəpiyə yüksəlib, yəni, 2 manata yaxın bahalaşıb.
Bəzi yağ növlərində, özəlliklə günəbaxan və qarğıdalı yağlarının qiymətlərində ciddi bahalaşma gözə çarpır. Ötən ilin martından bəri günəbaxan yağının 1 litrinin orta qiyməti 2 manat 89 qəpikdən 3 manat 95 qəpiyə, qarğıdalı yağının qiyməti isə 4 manat 30 qəpikdən 5 manat 31 qəpiyə yüksəlib. Yəni, bu məhsulların qiyməti təxminən 1 manat artıb (müvafiq olaraq 37 faiz və 24 faiz).

Oxşar xəbərlər