144 saylı məktəbin direktoru müəllimləri yalana məcbur edir-VİDEO
9-12-2020, 14:01
247

144 saylı məktəbin direktoru müəllimləri yalana məcbur edir-VİDEO

“Aktualxeber.az” saytında dekabrın 4-də dərc olunan “144 saylı məktəbdə “əsgərə yardım” adı altında pul yığılır” sərlövhəli məqalədə orduya dəstək üçün məktəb direktoru Qənirə Sultanovanın hər müəllimdən 100 manat pul məbləği tələb etməsi və müəllimlərin buna məcbur edilməsi barədə xəbər vermişdik. Məqalədə o da qeyd olunurdu ki, bu çətin, ağır və həssas dönəmdə müəllimlərdən yığılan məbləğ nəzərdə tutulan pul miqdarından aşağı olanda qəbul edilmir, əksinə, müəllimlər “Onsuz da pandemiyada evdə qalıb dövlətdən havayı maaş alırsınız…” ittihamı ilə qarşılaşırlar. Q.Sultanova bu pulları özü mənimsəyib. Yəni konkret olaraq 144 saylı tam orta məktəbdə çalışan 50 müəllimdən yığılan 5 min manat vəsaitdən cəmi-cümlətanı 1700 manat pul əsgərlərə xərclənib.
Redaksiyamıza yeni daxil olan məlumata görə dekabrın 8-də direktor Qənirə Sultanova Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədovun tapşırığı ilə müəllimləri məktəbə çağırtdıraraq onlardan güya “100 manatın yığılmaması” barədə izahatlar yazdırır.
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün sözü gedən məktəbdə olduq. Məktəbin direktoru Q.Sultanova açıqlama verməkdən imtina etsə də, müəllimlərin bu karantin dövründə həqiqətən məktəbə gəlmələrinin şahidi olduq. Məktəbə nə üçün gəldiklərini soruşduqda isə “direktor deyib ki, təcili məktəbə gəlin!” cavabını eşitdik.
Hər halda Qənirə xanımın onun qanunsuz əməlləri barədə dəqiq məlumata malik olduğumuzu bildiyi üçün müxbirimizin qarşısına çıxıb, heç olmasa bu xəbərləri təkzib etməyə cürət etməməsi isə anlaşılandır.
Məsələni nəzarətdə saxlayacağıq!

Oxşar xəbərlər