Baloğlan Əşrəfov yeni Mədəniyyət nazirindən danışdı: “O bilməlidir ki...“
12-01-2021, 15:57
266

Baloğlan Əşrəfov yeni Mədəniyyət nazirindən danışdı: “O bilməlidir ki...“

Ötən həftə Anar Kərimov mədəniyyət naziri təyin olundu.
Əməkdar artist Baloğlan Əşrəfov nazirlikdəki yeni təyinatla bağlı gözlənti və təkliflərini Yenisabah.az-a danışıb.
Sənətçi yeni naziri yaxından tanımasa da fəaliyyətindən ümidli olduğunu bildirib:
 “Açığı, mən yeni Mədəniyyət naziri Anar Kərimovu yaxından, dəqiq tanımıram. Amma yəqin ki, dövlət başçımız məsləhət bilib ki, onu həmin vəzifəyə təyin edib. İnşallah, o indiki şəraitlə yox, Azərbaycanda fəaliyyət göstərən tanınmış müğənnilərin heç olmasa keçmişi ilə maraqlanar, kim olduqlarını öyrənər. Öyrənər ki, vaxtilə kimlər Azərbaycan mədəniyyətində nə işlər görüb, kimlər hansı konsert salonlarını necə doldurublar, hansı müğənni xalqın içində sevilir, seçilir və s. Ümid edirəm, bütün bunları yeni mədəniyyət nazirimiz ətrafından öyrənər, yaxud özünün məlumatı olar”.
B.Əşrəfov Mədəniyyət naziri postuna yenicə gəlmiş Anar Kərimova tövsiyə verməyi də unutmayıb:
“Mən bir təklif vermək istəyirəm, tanınmış bir müğənni kimi ona tövsiyə edərdim ki, heç olmasa müəyyən qədər xalq arasında, el içində  sevilən, tanınan müğənnilərlə maraqlansın. O bilməlidir ki, xalq tərəfindən kimlər sevilir. Xalq artisti fəxri adı verilən adamlar xalqın sevdiyi adamlar olmalıdır. Xalq artisti adını tanınmayan, heç bir fəaliyyəti olmayan, konsert salonlarını doldurmamış, xalqla ünsiyyətdə olmamış hər hansı adama vermək olmaz. Çünki o xalqın artistidir.
Vaxtilə Sovet hakimiyyəti dövründə Əməkdar artist adı verilirdi. Mən indi istəmirəm Əməkdar artistlərə nəsə deyim. Çörəklərinə bais olum. Özüm də Əməkdar artistəm. Məsələ burasındadır ki, Sovet hökumətinin dövründə bu, ideoloji təbliğat idi, sənətçilər gedirdilər, işçilər üçün oxuyurdular. Mən şəxsən İslam Rzayevin ansanblı ilə bütün rayonları qarış-qarış gəzmişəm. Gedib fermalarda, tarlalarda, fəhlələrin, işçilərin, çayçı qızların qarşısında konsertlər vermişik. Biz bunları etmək üşün əmək sərf edirdik və o fəxri adı alırdıq . Sonradan Əməkdar artist adını alanların nəyə əsasən aldığını mən deyə bilmərəm, bu mənim səlahiyyətimdə  deyil, heç kəsin çörəyinə  də bais olmaq istəmərəm. Özümün də adım var, hər ay 100 manat buna görə alıram . Nəbilim, vallah, hər şeyi demək olmur.
Amma çalışmaq lazımdır ki, fəxri ad təqdim olunanda həmin adın yiyəsi xəcalət çəkə-çəkə, millətdən gizlənə-gizlənə adı daşımasın. İstəyirəm ki, Anar müəllim kimlərə bu adları verəndə sonradan düşünməsin ki, biz bu adı niyə verdik, heç xalq bunu tanımır…”

Oxşar xəbərlər