Hər kəs tez bir zamanda peyvənd olunmalıdır ki... - HƏKİM RƏYİ
22-02-2021, 12:30
263

Hər kəs tez bir zamanda peyvənd olunmalıdır ki... - HƏKİM RƏYİ

“Koronavirusa qarşı peyvəndləmənin yeni yoluxmalara təsirləri barədə iki mühüm elmi tədqiqat aparılıb və yaxın günlərdə elmi ədəbiyyata daxil ediləcək. Tədqiqatların nəticələri bir daha peyvəndləmənin nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir. Bunun peyvəndləmə dövründə pandemiya ilə mübarizədə ciddi irəliləyiş olacağı gözlənilir”.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, dünyada qəbul olunmuş vaksinasiya strategiyasında əsas məqsədlərdən biri də peyvəndləmədən sonra yeni yoluxmaların qarşısının nə dərəcədə alındığını bilməkdir:
“Məlumdur ki, peyvənd olunan insanların müəyyən qismi buna baxmayaraq virusa yoluxa bilərlər, sadəcə burada virus yükündən asılı olaraq xəstəliyi nə qədər yüngül keçirəcəklərini bilmək və digər peyvənd olunmayan insanları hansı səviyyədə yoluxdura biləcəyi məsələsi önəmlidir ki, bu da son tədqiqatlarda araşdırılıb”.
Azərbaycanlı alim qeyd edib ki, tədqiqat zamanı da peyvənd aldıqdan bir müddət sonra virusa yoluxan insanlar olub:
“Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu qədər aşağı olan virus yükü ilə virusun virulentliyi (yoluxduruculuğu) çox aşağı olur və digər insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmamağın qarşısını almaqla yanaşı insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır”.
N.Abdullayev bildirib ki, aparılan elmi tədqiqatda həmçinin peyvənd aldıqdan bir müddət sonra virusa yoluxaraq xəstəliyi çox yüngül, bəzən də xəbərsiz keçirənlərin peyvənd almayan şəxsləri hansı səviyyədə yoluxdurması da araşdırılıb. Belə ki, peyvəndləmə başladıqdan sonra peyvənd vurulmayan insanlardakı virus yükü ilə peyvəndləmədən öncə olan ümumi virus yükü müqayisə edilib. Onun sözlərinə görə, bu, böyük laboratoriyalarda gün ərzində 10-20 min insanlardan götürülən testlər vasitəsilə yoxlanılıb:
“Bu zaman əhali arasında aparılan ümumi peyvəndləmədən təxminən 2 həftə sonra gələn, öncədən peyvənd almayan insanlardakı ilkin diaqnozlara və onlarda olan virus yükünə baxılıb. Nəticədə məlum olub ki, peyvəndləmədən sonra xəstələnən insanların ümumi virus yükü peyvənddən öncə xəstələnən şəxslərdəki virus yükündən çox aşağıdır. Həmin bu virus yükü təxminən xəstəlikdən bir həftə keçdikdən sonra sağalan insanda virulentliyini itirən virus yükünə bərabər olub. Bir sözlə, aparılan elmi tədqiqatlarda peyvəndin təsirindən nəinki peyvənd alan şəxslərdə, hətta peyvənd almayan insanlarda da virus yükünün xeyli aşağı endiyi məlum olub ki, bu da xəstəliyi çox yüngül simptomlarla və ya heç hiss etmədən keçirmək deməkdir”.
Tibb elmləri doktoru sözügedən tədqiqatlarda “Biontech”in peyvəndlərindən istifadə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, həmçinin oxşar nəticə “AstraZeneca” peyvəndi üzərində də aparıldıqdan sonra əldə olunub:
“Düşünürəm ki, digər peyvəndlər də yaxın günlərdə bu istiqamətdə elmi tədqiqatlar aparacaq. Ümumiyyətlə, bütün peyvəndlərin yuxarıda qeyd etdiyim təsirlərinin olması istisna edilmir. Ona görə də Azərbaycanda da mərhələli şəkildə hər kəs tez bir zamanda peyvənd olunmalıdır ki, normal həyata qısa müddət ərzində qayıda bilək. Əgər vaksinasiya uğurla davam edərsə və yuxarıda qeyd etdiyim effektlər ümid edilən kimi uzun müddətli qalarsa, pandemiyanı bitirmək üçün bir başa selikli qişa immuniteti yaradacaq ikinci nəsil peyvəndlərin tətbiqinə ehtiyac qalmayacaq və pandemiyanın qarşısı hazırda istifadə olunan birinci nəsil peyvəndlərin tətbiqi vasitəsilə alınacaq”. (Report)

Oxşar xəbərlər