Bakıda yeraltı dünyanı aydınladan yoxdur: - Aşağılar narazı, yuxarılar susqun
3-03-2021, 19:07
191

Bakıda yeraltı dünyanı aydınladan yoxdur: - Aşağılar narazı, yuxarılar susqun

16 oktyabr 2020-ci il tarixində Bakı Metropoliteni, COVID-19 yayılması səbəbindən, mövcud sanitariya və epidemioloji vəziyyəti nəzərə alaraq işini dayandırdı. O zaman Nazirlər Kabineti yanında Operativ Qərargahdan (OQ)bildirildiyi kimi, metronun işi 2020-ci ilin noyabrında bərpa edilməli idi (https://zerkalo.az/s-00-00-19-oktyabrya-2020-do- 06-00-2-noyabrya -prekrashhaetsya-deyatelnost-bakinskogo-metropolitena).

Metro, həqiqətən də 2020-ci ilin noyabrında açıldı. Ancaq cəmi bir neçə gün işlədi və tezliklə fəaliyyəti yenidən dayandırıldı.

Xatırlatmaq istərdik ki, OQ-nin qərarı ilə, ilk dəfə Bakı Metropoliteni aprel ayından may ayının ortalarına qədər karantin tətbiq olunduğuna görə, 38 gün bağlanmışdı. Metroda koronavirusun daha çox yayılması riskinə əsas səbəb kimi qapalı ventilyasiya problemləri göstərilmişdi.

Müstəqil medianın və sosial şəbəkələrin yazdığı kimi, metronun havalandırma sistemləri ümidsiz bir şəkildə köhnəlib və dərhal dəyişdirilməsi tələb olunur. Məlumatlara görə, metroda havalandırma sisteminin zəif olması həm də inşaat bumunun tüğyan etməsi zamanı havalandırma şaxtaları üzərində müxtəlif obyektlərin tikilməsi ilə əlaqədardır.

AYNA metronun normal havalandırılması ilə bağlı problemlərin aradan qaldırılıb-qaldırılmadığını və Bakı metrosunun fəaliyyətinin nə zaman bərpa olunacağını öyrənməyə çalışıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun dediyinə görə, metrodakı bütün ventilyasiya sistemləri tam işlək vəziyyətdədir: “Və havalandırma şaxtaları üzərində müxtəlif obyektlərin inşası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

“O zaman metronun fəaliyyətinin nə üçün bərpa olunmur” sualımıza mətbuat katibi belə cavab verib: “Metronun bağlanması barədə qərar Operativ Qərargah tərəfindən qəbul edilib. Suallarınızı onlara ünvanlamağınız məsləhətdir”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da Bakı Metropoliteninin işini nə vaxt bərpa edəcəyini bilmədiyini söyləyib.

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, metronun fəaliyyətinin dayandırılması avtobuslarda sərnişinlərinin sayının kəskin artmasına səbəb olub: “Axı, Azərbaycanda tramvay, trolleybus və metrobus kimi alternativ ictimai nəqliyyat növləri yoxdur. Əgər metrodakı havalandırma sistemləri işlək vəziyyətdədirsə, onda niyə fəaliyyətinin bərpa olunmadığı aydın deyil. Axı, metroda sərnişin axınının sıxlığına nəzarət etmək avtobuslardan daha asandır”.

O, İbrahim Məmmədovun açıqlamasına da təəcübünü gizlətməyib: “Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah da bilmirsə, onda daha kim metronun fəaliyyətinin bərpa olunmasından xəbərdar olmalıdır?”.

Oxşar xəbərlər