Yeni YAP...
6-03-2021, 10:01
152

Yeni YAP...

Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilib. Qurultayda bəzi struktur dəyişiklikləri barədə qərar qəbul olunub. İclasda Prezident İlham Əliyev yenidən partiyanın sədri seçilib. Həmçinin, yeni İdarə Heyətinin formalaşması barədə qərar qəbul olunub. Bu strukturda say 20 nəfərdən 40 nəfərə qaldırılıb. Bundan başqa, partiyanın Siyasi Şurası ləğv olunub.

Müavinlər...

Partiyadan verilən məlumata görə, yeni nizamnaməyə uyğun olaraq, sədrin əmri ilə Mehriban Əliyeva (Birinci vitse-prezident, prezidentin xanımı-red.) partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
VI qurultaya qədər partiyanın sədr müavinləri Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadə olub.

Başqa gedənlər...

Diqqət çəkən məqam hakim partiyada təmsil olunan keçmiş məmurların çoxunun İdarə Heyətindən çıxarılması olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov, Baş nazirin keçmiş müavini Əli Həsənov və Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov yeni İdarə Heyətində yer almayıb. Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev isə İdarə Heyətindən Ağsaqqallar Şurasına keçirilib. Deputat Siyavuş Novruzovun adı da yeni İdarə Heyətinin tərkibində yoxdur.
YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov "Turan" agentliyinə bildirib ki, aparılan struktur dəyişiklikləri partiya üçün çox vacib idi: "Mən bu dəyişiklikləri çox yüksək qiymətləndirirəm".

"Bununla da partiyanın yeniləşməsinə şərait yaradılacaq"

E.İbrahimov qeyd edib ki, bu, partiya həyatında bir yenilikdir: "Partiya daim yenilənir, strukturların formalaşdırılması, İdarə Heyətinin 40 nəfər olması, 35 nəfərdən ibarət Veteranlar Şurasının və 13 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyasının yaradılması sözsüz ki, çox lazımlı bir addımdır. Bunlar çox vacib qurumlardır. Bu da qərar qəbul olunarkən nəzərə alınıb. Bununla da partiyanın yeniləşməsinə, partiya içində daha da böyük inkişaflara nail olmağa şərait yaradılacaq".
Partiyanin yeni İdarə Heyətində yer almayan simalarından bu qərara, hələlik, münasibət almaq mümkün olmayıb. Bircə R.Mehdiyev qurultaydan sonra jurnalistlərə qeyd edib ki, Ağsaqqallar Şurasına "çox möhtəşəm, çox tanınmış, böyük hörmətə layiq insanlar seçilib".

Oxşar xəbərlər