Sahil Babayev bunları bilirmi? - QALMAQAL
13-03-2021, 10:43
165

Sahil Babayev bunları bilirmi? - QALMAQAL

Oxucularımız “”Qocalar Evi”nin direktorunun «dəli» etdiyi qocadan açıqlamalar”, “ƏƏSMN zülmə tabe olmayan kimsəsiz qocaları dəlixanaya salır”, “Dəlixanaya atılmış kimsəsiz qocanın manifesti”, “ƏƏSMN-nin tabeliyindəki müəssisə rəhbərləri “həmkar həmrəyliyi” göstərərək, mütəşəkkil cinayət törədiblər” sərlövhəli silsilə məqalələri diqqətlə izləyirlər və məmur özbaşınalığı ucbatından məşəqqətlərə düçar olmuş 70 yaşlı Hüseynağa Nuriyevin aqibətindən nigarandırlar.



Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Samirə Mehdiyevanın ondan şikayət edən, şiddətə məruz qoyduğu, sonra isə Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası üzərindən Gəncədəki eyni profilli müəssisəyə yerləşdirdiyi Hüseynağa Nuriyev redaksiyamıza növbəti dəfə müraciət edərək bildirib ki, məruz qaldığı haqsızlıqlara, hüquqpozmalara etiraz əlaməti olaraq yenidən aclıq aksiyası elan etmək qərarına gəlib. Onun sözlərinə görə, Vüqar Behbudov vəzifəsi böyüyəndən, departament direktoru postuna təyin olunandan sonra telefonuna gələn zəngləri özü götürmür, bu işi köməkçisinə həvalə edib. Bildirir ki, sonuncu dəfə V.Behbudova zəng edəndə d\stəyi qaldıran köməkçiyə aclıq elan etmək, jurnalistləri dəvət edərək məsələni ictimailəşdirmək niyyətini açıqlayıb, Nazirliyə etdiyi rəsmi müraciətin cavabını istəyib, əşyalarının oğurlandığını, Samirə Mehtiyeva tərəfindən telefonunun qanunsuz müsadirə olunaraq yaddaş qurğusundan vacib informasiyaların silndiyini, haqsız yerə psixi xəstələrin arasına atıldığını, ona Nazirliyin vəzifəli şəxslərinin qəbuluna düşmək üçün Bakıya getməyə icazə verilmədiyini, paytaxtın Yasamal rayonunda 11-ci Xrebtovı-114 ünvanda qeydiyyatda olduğunu, o səbəbdən məhz Bilgəhdəki pansionata qayıtmaq istədiyini, Bakıdakı qəbirstanlıqlarda dəfn olunmuş mərhum yaxınlarının məzarlarını ziyarət etmək imkanı əldə etnmək arzusunu bir daha xatırladıb. Köməkçi ona: “müraciətiniz araşdırılır, nəticə barədə sizə məlumat veriləcək” deyib. Amma o, təbii ki, bu cavabla qane olmayıb, araşdırmanın 4 aydır uzandığını, nəticəsiz qalacağını güman etdiyini bildirib. Behbudovun köməkçisi isə ona guya Bilgəh pansionatında bəzi sakinlərin ondan şikayət etdiklərini deyib (Hansı ki, H.Nuriyev bunu S.Mehtiyavanın qurduğu böhtanlardan biri hesab edir).

Yeri gəlmişkən, H.Nuriyev Gəncədə yaşadığı sosial müəssisədə xəstələrə göstərilən xidmətdən də narazılığını bildirir: “Beşinci aydır burdayam. Normal qida verilmir. Aylarla ət, balıq görmürük. Yalnız ayda bir dəfə hansısa xeyriyyəçi ehsan gətirəndə ət nədir, dadın bilirik. Onu da gətirən əgər gətirdiyi şeylərin üstündə durmasa, bizdən gizlədərlər”.

Məsələ ilə bağlı müəssisənin direktoru Nuriyyə xanımla telefon əlaqəsi saxlayıb münasibətini bildirməsini xahiş etdik. Xanım direktor H.Nuriyevin nevrasteniya diaqnozu ilə gətirildiyini deyərək, onun qida təminatındakı nöqsanlarla bağlı dediklərini təkzib etdi, vəd etdi ki, xəstələrə xörək verilən vaxtlarda onların süfrəsinin necə bol olduğunu, menyunun zənginliyini əks etdirən görüntüləri bizə göndərəcək. Biz də ümid edirik ki, heç olmasa bir dəfə bizim hesabımıza Hüseynağa kişi və digərləri doyumqarına keyfiyyətli qida ilə təmin olunacaqlar.

H.Nuriyevi Bilgəhdən Gəncəyə aparan yolun məşəqqətləri barədə də fikir mübadiləsi apardıq. Nuriyyə xanım da təsdiqlədi ki, H.Nuriyevin telefonu onunla birgə Gəncəyə göndərilmiş “delo”nun arasında olub və nə qədər qəribə olsa da, gətiriləndən iki ay (?) sonra aşkar edilib. Biz Nuriyyə xanıma xatırladanda ki, axı Samirə Mehtiyeva özü telefonu iki ay saxladığını, sonra göndərdiyini etiraf edib, o zaman həmsöhbətimiz tutuldu. Nuriyyə xanımın Hüseynağa kişini niyə Bakıya gəlməsinə icazə verilmədiyi barədə sualımıza verdiyi cavab da qaneedici olmadı. Belə ki, direktor onu məhz karantinlə bağlı gediş-gəlişə qoyulan məhdudiyyətlərlə əlaqələndirməyə çalışsa da, biz də öz növbəmizdə xatırlatdıq ki, hazırda karantin rejimi yumşaldılıb və əyalətlərdən paytaxta və əks istiqamətdə hərəkətlər sərbəstdir.



Bu ərəfədə redaksiyamıza Bilgəh pansionunda yaşadəğı əzablı həyatdan bezmiş daha bir sakinin şikayəti çatıb. Əfqan adlı həmin şəxs bir ayağından məhrum I qrup əlildir. Pansionun köməkçi hissəsində yaşayan sakinlərdəndir. Bildirilir ki, S.Mehtiyevanın dəstək verdiyi “adı qoca, özü cavan” Qabil Quliyev adlı şəxs Əfqana və qonşularına göz verib işıq vermir. Dediyinə görə, bir vaxtlar məhbəsdə, sonra da Buzovnadakı ruhi-əsəb dispanserində yatmış Qabil həyətdə narkotik bitki becərir, məhsulu qorumaq üçün it saxlayır, səhər və axşam xaltadan açdığı köpəyi adamın üstünə qısqırdır. Onun əməlinə etiraz edəndə də arvadını və itini götürüb əlində bıçaq hücum çəkir etirazçının üstünə, şər-böhtan atır. Həmçinin bildirilir ki, S.Mehtiyeva Qabilin barəsində ölçü götürmək əvəzinə, əksinə, “şikayətçilərə “özünüz bilərsiniz”, Qabilə isə “vur” deyir, üstəlik, ayda ona 100 manat maddi yardım edir. Qeyd olunur ki, Qabildən edilən şikayətlərə sahə müvəkkili də baxmır, “mənim səlahiyyətimdə deyil” deyib yaxasını qərağa çəkir. Belə anormal, kriminal vəziyyətdən ehtiyatlanan Əfqan kişi naəlac qalıb pansionatdan uzaqlaşıb, Albalılıq massivində kirayə ev tutub yaşamağa məcbir olub.Zərurət odur ki,“Qocalar Evi”nə “iti qovan” dronu göndərmək lazımdır. Onda bilinəcək ki, ovçarka xanım direktorun daha hansı işinə yarayır?

Heqiqetcarcisi.az

Oxşar xəbərlər