Erməni-rus qızlarının bədnam etdiyi Bakı meydanı – Araşdırma, sənədlər
13-08-2020, 14:27
509

Erməni-rus qızlarının bədnam etdiyi Bakı meydanı – Araşdırma, sənədlər

Bir vaxtlar İçərişəhər sakinləri uşaqlarını Qoşa qala qapısından çölə burxmır, onları qorxudarmışlar ki, o tərəfə getməyin, qurd-quş rast gələr... XIX əsrin əvvəllərində uşaqların qurd-quşla qorxudulduğu həmin ərazi indi «Fəvvarələr bağı» adlanır. Bu bağ bir də bədnam bir adla məşhurdur: köhnə bakılılar, elə təzələr də oranı adi danışıqda “Parapet” adlandırırlar. Amma elə hamı bu sözü çox vaxt çəkinə-çəkinə tələffüz edir, bir növ bu sözün arxasındakı vulqar mənadan utanır. Bəs əslində “Parapet” sözündə və “Parapet bağı”nda vulqar məna axtarmağa niyə və nə vaxtdan başlanıb?
Niyə Parapet?
İndi fəvvarələrin xüsusi yaraşıq verdiyi və adamların ən çox sevdiyi istirahət yerlərindən sayılan Fəvvarələr bağı XIX əsrdə tamam başqa görkəmdə olub.
1859-cu ildə Bakının quberniya mərkəzinə çevrilməsindən sonra şəhər böyüməyə başlayıb, İçərişəhərdən kənar ərazilərdə yeni binalar inşa edilib.
Şəhərin baş planı hazırlanarkən indiki Fəvvarələr bağının ərazisini də qaydaya salmaq nəzərdə tutulub və buranı bağa çevirmək qərara alınıb. Amma su qıtlığı, eləcə də Bakının sərt iqlimi burda ağac əkməyi, yaşıllıq salmağı müşkülə çevrib. Ona görə də bura sadəcə Quru bağ kimi tanınıb...
Sonralar yeni şəhərsalma planına uyğun olaraq Quru bağın ətrafında da yeni binalar inşa edilib.
Bu ərazi şəhərin mərkəzinə - İçərişəhərə yaxın olduğu üçün Bakı varlılarının və şəhər rəhbərliyinin diqqət mərkəzində olub. Ona görə də burda gəlir gətirən obyektlər tikməyə maraq artıb. Dövlət Tarix Arxivində bu ərazidə torpaq almaq xahişi ilə müraiciət edən Bakı sakinlərinin ərizələri saxlanılır.
Belə marağın nəticəsidir ki, qısa zaman kəsiyində bura Bakı aristokratlarının və imkanlı adamların yaşadığı əraziyə çevrilib. Bütün bunlardan sonra Quru bağın ətrafı həm də mehmanxana yeri kimi cəlbedici olur. Çünki XIX əsrin ikinci yarısında neft hasilatının artması ilə əlaqədar şəhərə gediş-gəliş çoxalır, Bakıda mehmanxana işi gəlirli sahəyə çevrilir. Ona görə də bu ərazidə mehmanxanaların sayı artır.
Bundan əvvəl də burada karvansaralar fəaliyyət göstərib. XIX əsrin 60-cı illərində o vaxtın tanınmış memarı Qasımbəy Hacıbababəyov Quru bağın ətrafında özünün ilk karvansarasını inşa etdirib. Sovet dövründə bu karvansaranın üstünə təzə mərtəbələr artırılır və bura əvvəl “Spartak”, sonralar isə “Araz” kinoteatrı kimi fəaliyyət göstərib. Bu günə qədər...
Qasımbəyin Quru bağın ətrafında inşa etdirdiyi daha bir karvansara sovet dövrünün yenidənqurmasından sonra Nizami Gəncəvi adına ədəbiyyat muzeyinə çevrilib.
Quru bağın ətrafında o vaxtlar “Qrand” otel, “Metropol” otel də inşa edilir, bir qədər aralıda Musa Nağıyev “Novaya Yevropa” adlı otel tikdirir. Bağın lap yaxınlığında isə Lalayevin oteli ucalır, ətrafda restoranlar fəaliyyətə başlayır.
Və şəhər rəhbərliyi Quru bağda əkilmiş azsaylı ağacların suvarma problemini də həll edir. İçərişəhərdəki Xan bulağından bura su çəkilir və bağ qaydaya salınır.
Səliqə-sahmanı qorumaq üçün bağ hasara alınır və “Parapet” adlanmağa başlayır. Niyə “Parapet”?
Məlum olduğu kimi o illərdə Bakıda həm də fransız dilində danışmaq dəb olub və köhnə Quru bağın adı da həmin dəbə uyğun fransız sözü ilə - Parapetlə əvəzlənib.
“Parapet” fransız dilindən tərcümədə o qədər də hündür olmayan hasar, divar, çəpər deməkdir. Bu bağın ətrafına çəpər çəkildiyi üçün bağ belə adlandırılıb.
Bəs onda adi hasar mənası verən “Parapet” sözü və Parapet bağı niyə indinin özündə də mənfi assosiasiya doğurur?
Parapetə qadağa
Köhnə bakılı, Bakı Dövlət Universitetinin dosenti Faiq Əliyevin dediyinə görə, bağın ətrafında mehmanxana və restoranların çoxluğunu nəzərə alan “rus matyuşkaları” və erməni qızları bu əraziyə toplaşar, özlərinə “müştəri” taparaq bu tanışlığı restoran və ya mehmanxanalarda davam etdirərmişlər. Ona görə də özünə hörmət eləyən Bakı kişiləri qız-gəlinin buralarda görünməsini yasaq ediblər.
“Parapet”in “para pyat” və s. kimi yozumları sonrakı illərin fantaziyasıdır... Təsadüfi deyil ki, bu bağın vaxtilə “qədim peşə” sahiblərinin gəzişdiyi yer olduğu o dövrün mətbuat səhifələrinə də ayaq açıb. Məsələn, “Kaspi” qəzetinin 5 fevral 1894-cü il tarixli nömrəsində dərc edilmiş bir yazıda bağda “qədim peşə” sahiblərinin çoxluğundan və bunun bir sıra problemlər yaratdığından söhbət açılıb: “...Parapet bağı axşamlar “belə qadınların” gəzdiyi yerə çevrilib və belələrinə görə tərbiyəli qadınların müşaiyətçisiz orda gəzmələri riskli işdir. Fevralın 3-də bir dövlət məmurunun qızı bağda gəzirmiş. İki erməni oğlan nalayiq təkliflərlə ona yaxınlaşıb. Qorxuya düşən qız kömək üçün yaxınlıqdan keçən hərbçiyə müraciət edib və canını qurtara bilib.
Belə hadisələr hər axşam olur...”
Bu cür bədnam ad qazanmasına baxmayaraq bu meydanda təkcə ticarət və xidmət obyektləri deyil, həm də dini, mədəni yönümlü binalar tikmək ideyası da elə o vaxtlar - XIX əsrin ikinci yarısında meydana çıxıb. Əvvəlcə burda xalq teatrı tikmək istəyiblər. Sonra kilsə inşa etmək barədə müzakirələr gedib. Lakin XIX əsrin 90-cı illərində Qızıllı kilsə kimi tanınan ibadət evi bu meydandan bir qədər yuxarıda – indiki 190 nömrəli məktəbin yerləşdiyi ərazidə inşa olunub.
Amma bu bağ yenə də perspektivli ərazi kimi şəhər rəhbərliyinin diqqət mərkəzində qalıb. Bağın qaydaya salınması üçün yeni layihə hazırlanıb.
XIX əsrin axırlarında meydanın ortasında 1881-ci ildə qətlə yetirilmiş Rusiya imperatoru II Aleksandra heykəl qoymaq qərara alınıb. Ona görə də bu meydan hətta bir müddət İnperator meydanı adlanıb...
“Kaspi” qəzeti 1894-cü il 22 yanvar tarixli nömrəsində yazırdı:
“Şəhər Upravasının sərəncamına əsasən, şəhər bağının bağbanı Yemelyanov İmperator meydanında (Parapetdə) mərhum İmperator II Aleksandra heykəl qoyulacaq yerin ətrafında ağac əkməyi planlaşdırır. Ağaclar Borjom, Tiflis və başqa yerlərdən gətiriləcək...” Lakin vəsait qıtlığı ucbatından bu meydanda II Aleksandra abidə ucaltmaq mümkün olmayıb.
Görünür, elə bu səbəbdən də sonralar by meydan İmperator meydanı yox, Kalyubakin meydanı adlanıb. M.P.Kalyubakin 1863-72-ci illərdə Bakının general qubernatoru olub.
1883-cü ilin yanvarında Bakı polisinin qərarı ilə şəhərin 6 polis sahəsinə bölündüyü arxiv sənədlərində öz əksini tapıb. Şəhər polisinin 5 yanvar tarixli əmrində 1-ci polis sahəsinə aid edilən bu meydanın adı Kalyubakin meydanı kimi göstərilib, sənəddə “Parapet” sözünün üstündən xətt çəkilib.
Amma yeni əsrin əvvəllərinin arxiv sənədlərində bu meydan yenə də “Parapet” kimi xatırlanır.
1908-ci ildə Bakı şəhər uprasvası şəhərin küçə və meydanlarını səliqəyə salınması barədə qərar qəbul edib. Həmin sənəddə Bazar küçəsində və Quba meydanında alver edən küçə ticarətçilərinin mayın 1-ə qədər müvəqqəti olaraq “Parapet” meydanında alver etməsinə icazə verilir. Sənəd bu sözlərlə bitir: “Mayın 1-ə qədər Quba meydanında yeni ticarət sıralarının hazır olub –olmamasına baxmayaraq Parapet təmizlənməlidir”.
Faciələr meydanı
Necə adlanmağından asılı olmayaraq ötən əsrin əvvəllərində - 1905-10-cu illərdə bu meydanda çarizmə qarşı etiraz mitinqləri təşkil edilib. Bunun həqiqətə nə dərəcədə uyğun olduğunu indi demək çətindir. Amma meydanın uzun illər başqa bir kütləvi tədbirə şahidlik etdiyi dəqiqdir.
Qocaman tarixçi Faiq Əliyev burda vaxtilə məhərrəm ayında kütləvi dini mərasimlərin keçirildiyini söyləyir. Onun dediyinə görə, bir vaxtlar bu bağda Kərbəla müsibətlərini əks etdirən teatrlaşdırılmış tamaşalar göstərilib. Və bu tamaşalarda heç kim Yezidin və Şümürün rollarını ifa etməyə razılıq verməyib. Onda qərara alınıb ki, olmasın. Alimin sözlərinə görə dilimizdə “üzü qara olmaq” ifadəsi o vaxtdan yaranıb...
Bakı xristianları Milad bayramı ilə əlaqədar kütləvi xaç suyuna salma mərasimini də uzun illər bu bağda həyata keçiriblər.
Yeni il ərəfəsində ən böyük yolka da əvvəllər həmişə burda qurulub. Bakılılar burda əyləniblər. Amma...
1918-ci ilin mart ayında bu meydan dəhşətli səhnələrin şahidi olub. Söhbət erməni daşnaklarının Bakıda törətdiyi vəhşiliklərdən gedir. Deyilənə görə həmin qanlı hadisələr zamanı bu meydanda xeyli sayda müsəlman əhali qətlə yetirilib...
Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra Bakıda başqa küçə və meydanlar kimi Parapetin də adı dəyişdirilir. Bağa bu dəfə Karl Marksın adı verilir. Və burda məşhur kommunizm nəzəzriyyəçisinə abidə ucaltmaq planlaşdırılır. Amma hansısa səbəbdən bu ideya reallaşmır...
Unudulmaz “Nərgiz” kafesi
Böyük Vətən müharibəsindən sonra bağda və onun ətrafında yenidənqurma işləri aparılır. II Aleksandra, sonralar K.Marksa abidə qoymağın mümkün olmadığı bu bağda böyük Nizami Gəncəviyə möhtəşəm heykəl ucaldılır. Tanınmış memar Fuad Əbdürrəhmanovun yaratdığı bu abidə 60 ildən çoxdur ki, bağa və bütövlükdə Bakıya yaraşıq verir.
Keçmiş Parapet təkcə bu cür tarixi fakt və hadisələrlə xatırlanmır. Bu bağın digər özəllikləri də var. Məsələn, ötən əsrin 60-cı illərində burda ilk palma ağacı əkilib. İndi Bakıda kimisə palma ağacı ilə təəccübləndirmək qeyri-mümkündür. Amma o vaxt palma şəhərdə yeganə olub və ona xüsusi qayğı göstərilib. Hər il qış fəsli yaxınlaşanda palmanı şaxta vurmasın deyə xüsusi parça ilə bürüyüblər...
Bir də yaşlı nəslin nümayəndələri bu bağdan söz düşəndə məşhur “Nərgiz” kafesini xoş xatirələrlə yada salırlar. Ötən əsrin 60-70-ci illərinin gənclərinin sevimli istirahət guşəsi olan o kafe indi bu bağda yoxdur. Onu çoxdan söküblər. Amma kafe barədə əfsanələr yaşayır.
“Nərgiz” kafesini uzun illər Bakı şəhərinə rəhbərlik etmiş və bu gün də xoş xatirələrlə yada salınan Əliş Ləmbəranski tikdirib. Kafeyə Nərgiz adının verilməsi isə təsadüfi olmayıb. Deyilənə görə bu kafe şəhər başçısının xoşuna gələn Nərgiz adlı bir xanımın şərəfinə belə adlandırılıb. Deməli, məhəbbətin izhar olunmasına hətta sovet rejiminin sərt qadağaları da mane ola bilməyib...
Köhnə “Parapet”də yenidənqurma işləri bir də ötən əsrin 80-ci illərində aparılıb.
1984-cü ildə memar Rəhim Seyfullayevin rəhbərliyi ilə başlanan təmir-bərpa işləri şəhərdə müxtəlif şaiyələrin yaranmasına da səbəb olub.
Tanınmış memar Rəna Əfəndizadə o dövrü yaxşı xatırlayır və deyir ki, onda şəhərdə şaiyə yayılmışdı ki, “Parapet”i sökürlər, ləğv edirlər.
Bəs əslində nə baş verirdi?
Sən demə, bağda, sadəcə, yenidənqurma işləri aparılırmış, amma əsaslı yenidənqurma...
Bu yenidənqurma zamanı Nizaminin abidəsinin yanında quraşdırılan fəvvarələr bağın və meydanın yeni adını müəyyənləşdirir –Fəvvarələr meydanı, Fəvvarələr bağı. Və Azərbaycanda kommunizmin süqutu və dövlət müstəqilliyinin bərpası kimi möhtəşəm tarixi hadisələri maraqlı keçmişi olan bu məkan yeni adla - Fəvvarələr meydanı, Fəvvarələr bağı kimi qarşılayır.
2010-cu ildə Azərbaycan prezidentinin tapşırığı ilə Fəvvarələr bağında müasir üslubda təmir-tikinti işləri başlanır və sonradan meydan indiki görkəmini alır.
...Beləcə təxminən 150 il əvvəl Quru bağ kimi tanınan meydan yaşıllığa bürünür, bir vaxtlar su üzünə həsrət qalan bağa fəvvarələr xüsusi yaraşıq verir. Bağın ətrafında kafe və restoranlar yenə də çoxdur. Bu bağı indi də çox adam Parapet adlandırır. Amma bağa qız-gəlinin, hətta uşaqların gəlməsi daha qəbahət sayılmır.
Çünki zaman başqa zamandır

Oxşar xəbərlər