Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC
25-03-2021, 12:20
255

Vüqar Gülməmmədov Azad Rəhimovu bir ay ərzində 5 dəfə kabinetinə niyə "dəvət" etdi? - İLGİNC

Bu günlərdə Hesablama Palatasının tərkibi demək olar ki, yeniləndi. Belə ki, Palatanın 5 üzvündən 4-ü dəyişdirildi. Mütəxəssislər bunu Palatanın fəaliyyətinin ölkədə prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatlarla cavab verəcək səviyyədə olmaması ilə əlaqələndirir. Son zamanlar ölkənin Kənd Təssərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi sistemində və digər sahələrdə aşkar edilmiş büdcə vəsaitlərinin talanması, yaxud yumşaq desək, səmərəli xərclənməməsi faktları cəmiyyətdə haqlı olaraq bir sual yaratdı. Bu təşkilatların fəaliyyətinə zamanında hansı orqan nəzarət etməyə borclu idi?

Təbii ki, bu vəzifə adları çəkilən nazirliklərdə və onların ayrı – ayrı qurumlarında son illər ərzində davamlı şəkildə yoxlamalar aparmış Hesablama Palatasına aiddir. Bəs nə üçün Hesablama Palatasının bu təşkilatlarda və onların tabeliyində olan qurumlarda apardığı yoxlamalar bu faktları aşkara çıxarmayıb? Dövlət başçısı tərəfindən ölkədə rüşvət və korrupsiyaya qarşı bu qədər amansız mübarizə aparıldığı və onlarla yüksək rütbəli məmurun məhz bu faktlara görə həbs olunduğu bir dönəmdə Hesablama Palatası nədən öz vəzifə borcunu layiqincə icra etməyib?

Palatanın fəaliyyətindəki bu durumun kökündə bu Palataya Heydər Əsədov rəhbərlik etdiyi dövrdən təməli qoyulmuş və yoxlamalar zamanı “xoşagəlməz situasiya”larla müşayət olunan çeşidli səbəblər dayanır. Bunu sübut etmək üçün yetərlidir ki, son illər ərzində Hesablama Palatasının büdcə təşkilatlarında (təhsil, səhiyyə, mədəniyyət və s) apardığı yoxlamalar barəsində yoxlama aparılmış təşkilatların işçiləri arasında bir sorğu keçirilsin. O zaman həmin işçilər onların onsuz da çox olmayan əmək haqlarından Hesablama Palatasına verilmək adı ilə nə qədər pul yığıldığını məmnuniyyətlə söyləyəcəklər.

Bir müddət əvvəl sabiq nazir Səlim Müslümov barmaqlıqlar arxasına atıldı. Səbəbsə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi oldu. Qeyri-rəsmi məlumata görə Səlim Müslümov 2 milyard manatdan çox dövlət vəsaitini mənimsəyib. Di gəlki, Hesablama Palatası uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparıb. Amma elə bir ciddi maliyyə pozuntusu qeydə alınmayıb. Uzun illər bu Nazirliyi Palatanın əsas auditorlarından biri Mehriban Alışanova “kuriruvat” edib. Palatanın digər auditi Firsənd Qurbanov isə Səlim Müslümovun həbsxana yoldaşı olub. Buna görə də bütün audit yoxlamalarında Nazirlik üçün Palata “təmizlik kağızı” verib. Təbii ki, “təmizlik kağızı” elə belə verilmir. Bundan çoxlarının, hətta Palatanın sədri Vüqar Gülməmmədovun da xəbəri olub. Amma heç bir tərəf nəticədən narazı qalmadığı üçün səsini çıxarmayıb.

İndi isə ortalığa çıxır ki, Səlim Müslümov 2,5 milyard pul “yeyib”. Bəs əgər onu Hesablama Palatası yoxlayıbsa, ona “təmizlik kağızı” veribsə, bu yeyinti haradan oldu?

Yəni məsələ tək Səlim Müslümovu tutmaqla həll olunmur. Əsas başda duranlardan biri Heydər Əsədovdur, biri də onun kadrı Vüqar Gülməmmədovdur. Səlim Müslümovun işlədiyi kadrların hamısı bu gün vəzifədədir.

Ümumiyyətlə, Hesablama Palatasının fəaliyyəti hər zaman qeyri-şəffaf olub. Dağıdılan milyardlarla büdcə vəsaiti Hesablama Palatasının rəylərində ən yaxşı halda bir neçə milyon manatla təsvir olunub. Aparılan yoxlamaların bir böyük qəribəliyi isə ondan ibarətdir ki, yoxlamanın gedişində yoxlanılan təşkilatın rəhbəri ilə davamllı təmaslar qurulub. Məsələn, əldə etdiyimiz məlumata görə, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar ayı ərzində Gənclər və İdman Nazirliyi sistemində aparılan yoxlama zamanı nazir Azad Rəhimov 5-6 dəfə Palata Sədrinin qəbuluna “dəvət olunub”.

Sual olunur, dünyanın hansı bir ölkəsində Hesablama Palatası kimi nüfuzlu bir təşkilat yoxlamanın gedişində yoxlanılan müəssisənin rəhbərini “xalça üzərinə” çağırır? Səbəb bəllidir. Qarşılıqlı maraq. Nəzərə alaq ki, son illər dövlət büdcəsini talayan qurumlardan biri də Gənclər və İdman Nazirliyidir. Təkcə 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi dövlət büdcəsinə 1 milyard manatdan baha başa gəldi.

Oyunların açılış mərasiminə 150 milyon manat (?), bağlanışına isə 30 milyon manatdan çox vəsait silindi. Halbuki, İkinci Avropa Oyunlarına ev sahibliyi edən Belarus bütün tədbirlərə və hazırlıqlara heç 50 milyon dollar xərcləmədi. Amma bizdə bu hesabla milyardlarla vəsait silinib getdi. Hələ regionlarda və paytaxtda tikilən idman obyektlərinə ayrılan 100 milyonları demirəm. Bu gün bu barədə bir çoxları kimi Hesablama Palatası da susur. Amma sabah Azad Rəhimov vəzifəsindən azad edilsə, hamı bu yeyilən milyardlardan danışacaq. Bu günsə bu acı reallıqları ortaya çıxarmalı olacaq bir qurum varsa, o da Hesablama Palatasıdır. O təşkilatsa susur. Susmaqsa razılıq əlamətidir. Görünür, Vüqar Gülməmmədov Azad Rəhimovdan heç də narazı deyil.
Konkret.az

Oxşar xəbərlər