Xalqı süründürmək nazirliyi: Sahil Babayev kabusa çevrilib - Müdhiş detallar
14-04-2021, 10:35
285

Xalqı süründürmək nazirliyi: Sahil Babayev kabusa çevrilib - Müdhiş detallar

Sahil Babayev ermənilərə göz dağı olan «Hərbi Qənimətlər» parkının qisasını QAZİLƏRDƏN çıxacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı başdan-ayağa ironiyadır. Əhalinin sosial müdafiəsi hara, nazirlik hara...
Olsa-olsa bu nazirlik əhaliyə zülmetmə, sosial haqlarını əlindənalma, yaxud vətəndaşları süründürməçilik nazirliyi ola bilər. Xüsusən də Sahil Babayevin quruma nazir təyin olunması ilə əhalinin sosial müdafiə təminatında qara günləri başlayıb.
Onsuz da bu nazirlikdən yarımayan əhali nə Füzuli Ələkbərovun, nə Səlim Müslümovun nazir olduqları vaxtda bir gün görmüşdü. Hərəsi bir cür acgöz, korrupsioner, hərəsi bir cür tamahkar, büdcə qəsbkarı idi.
Elə bunun bədəlidir ki, biri tamamilə dövlət idarəetməsindən uzaqlaşdırıldı, o birini isə qandallayıb yığdığı milyardları qaytarana qədər içəridə saxlayacaqlar. Və hər iki keçmiş nazirlə məsələ bitmir.
Onların kök salmış şəbəkəsi, kadrları, VTEK-lərdə rüşvətin xərçəng kimi yayılması, DSMF-lərin yerli şöbələrinin bazara çevrilməsi bir gün içində həll olunacaq iş deyildi. Çünki bu sahə təpədən-dırnağa qədər çirkaba bulaşmış, əhalinin sosial təminatı adı ilə ən iyrənc vəziyyətə salınmışdı.
Ona görə bu mafiyanın zərərsizləşdirilməsi mürəkkəb proses idi, dürüstlük, şəffaflıq, iradə və səmimiyyət tələb edirdi. Amma nə oldu?
Rublika.Az xəbər verir ki, daha bədnam hadisələr baş verdi. ƏƏSMN sisteminə Sahil Babayevin gəlişi sosial təminatın əlçatanlığını pisləşdirdi. Nazirin islahatçı adı ilə piar edilərək cəmiyyətə müsbət fiqur kimi təqdim olunması başlandı, əslində Hadı Rəcəbli qədər əhalinin sosial məsələlərinə yad, qənim kəsilən biri olduğu üzə çıxdı.
Onun nazir təyin olunması ilə bu üç il ərzində sosial müavinətlərin təyin olunması, əlillik dərəcələrinin təyin edilməsi, pensiya və digər problemlər daha da dərinləşdi. Yəni, sosial təminat əhali üçün əlçatan olmadı, elektronlaşmaya gedilməklə guya şəffaflıq yaradılacağı adı altında yoxsul, işsiz vətəndaşlar təcrid olundu, pensiya və əlillik dərəcələrinin təyinatı işgəncəyə çevrildi.
Xüsusilə də aztəminatlı əhalinin, şəhid ailələrinin, qazilərin, əlillərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində hər il dövlət səviyyəsində müəyyən tədbirlərin görülməsinə baxmayaraq, bu sahələrdə ciddi qüsurlar var. Bunun əsas səbəblərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yarıtmaz fəaliyyətidir. Sahil Babayev isə bu fəaliyyəti saxta əlilliklərin, saxta pensiyaların ləğvi ilə ört-basdır edir.
Ancaq bu prosesdə “qurunun oduna yaş yanır” və əhali günbəgün narazılıq edir. Nazir diqqətə çatdırıb ki, araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib.
Xub. Olsun. Ancaq bunun üçün yoxlama prosesini normal təşkil etmək lazımdır. Məlumdur ki, əvvəllər əlilliyə dair tibbi rəyi yerli həkim-ekspert komissiyaları verirdisə, bu ildən, yoxlamadan keçmək istəyənləri Bakıda yerləşən Milli Oftolmologiya Mərkəzindəki Həkim Ekspertiza Komissiyasına göndərirlər. Bu Mərkəzdən başqa digər tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin hamısı rüşvətxordur?
Pandemiya şəraitində ölkənin müxtəlif rayonlarından Bakıya gəlmək o qədər də asan deyil. Hamının qeyd edilən Mərkəzdə yoxlamadan keçməsi üçün aylarla vaxt lazımdır və bu müddət ərzində pensiyaları verilmir.
Tutaq ki, biri əlilliyinin təsdiq edilməsi üçün 5 ay növbədə durub və yoxlama zamanı onun əlilliyi təsdiqlənib. Ancaq bu halda da onun ötən 5 ay ərzində kəsilən pensiyası qaytarılmır. Bu, hansı qanuna və məntiqə sığır? O baxımdan S.Babayev başa bəla bir nazir gəlib və kabusa çevrilib.
Yaxşı, maraqlıdır, bu qanunsuzluqları “düzüb-qoşan” neçə məmur məsuliyyətə cəlb edilib? Niyə saxta əlillik verənlər həbs olunmurlar?
S.Babayevin sosial yardımların təyin olunması, əlillik dərəcələrinin verilməsi işində vətəndaşları incitməsi, bürokratik əngəllər yaratması, insanların əsəblərini tarıma çəkməsi, nəhayətdə onları dövlətin dəstəyindən məhrum etməsi bir sabotaj siyasətidir, əhalini üsyana qaldırmağa yönəlik təxribatçı addımlardır.
Açın, baxın, nazirlik əməkdaşları az qala hər gün mətbuatda və sosial şəbəkələrdə əlillik dərəcələrinin təyin olunması ilə bağlı şikayətlərə rast gələ bilər.
Məsələ o dərəcədə absurd rəng alıb ki, bir ayağı olmayanlara “get işlə, o biri ayağın var” deyilir, yaxud 1-ci dərəcəli əlil olan adama 3-cü dərəcə təyin olunur. S.Babayevin və nazirliyin bu fəaliyyətinin məqsədi nədir?
Bəlkə xalqa düşmən kəsilib? Bunu millətimizə qarşı ancaq erməni qəsbkarları, işğalçıları edə bilərdi. Hərçənd, elə zaman-zaman S.Babayevin nənəsinin milliyyətcə erməni olması haqda iddialar mediada səslənib. Belə iddia olunur ki, nazirin nənəsi Lusiya Munasyandır və bu fakt cidd-cəhdlə gizlədilib.
Məsələ S.Babayevin nənəsinin milli mənsubiyyətində deyil, sadəcə, vətəndaşlara münasibətində göstərdiyi davranış, əhalinin sosial müdafiə təminatında amansızlıqla üzləşməsi insanlarda belə təsəvvür yaradır ki, yalnız ermənilər belə pisliklər edə bilərdi.
Ümumiyyətlə, S.Babayevin təyinatı ilə ondan gözləntilər olmuşdu, amma etimadı doğrulda bilmədi. Elə ilk gündən “özünüməşğulluq” proqramı ilə hər şeyi üz-gözünə bulaşdıran nazir şansını itirdi.
İnsanlara xəstə, qoca, südsüz heyvanların verilməsi, bu işdə böyük rüşvət faktlarının ortaya çıxması S.Babayevə olan ümidləri dəfn etdi.
İndi də əlillik məsələsində böyük narazı ordusu yetişir. Təsəvvür edin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində tez-tez ayağı amputasiya olunmuş əlilləri yenidən tibbi baxışa çağırırlar.
Ayağı kəsilmiş əlillərdən biri sual etmişdi ki, niyə hər dəfə bizə əziyyət verirsiniz? Axı, mənim kəsilmiş ayağım təzədən uzanan deyil.
Tragikomediyadır. Nazirlik adına rəzalətdir. Axı əlilin amputasiya olunmuş ayağı təzədən uzanmır, cənab Sahil Babayev...

RUBRİKA.AZ

Oxşar xəbərlər